Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2024 20:00
Kişi cinsiyyət orqanının ölçüləri ilə bağlı 79 illik tədqiqatın nəticələri dərc edilib.
Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, kişilərin cinsiyyət üzvünün uzunluğunun artdığı müəyyən edilib. Ancaq bu, alimlərin narahatlığına səbəb olub.
Dünyanın nüfuzlu qurumlarından biri olan Stanford Universitetinin alimləri 1942-2021-ci illər arasında aparılan tədqiqatın nəticələrini paylaşıblar.
Alimlər 55 761 kişinin cinsiyyət orqanı ilə bağlı məlumatı təhlil edib və onların ölçüsünün artmasının səbəbini araşdırıblar.
Elm adamları, 75 fərqli araşdırmada istifadə edilən məlumatları yenidən təhlil ediblər.
Məlum olub ki, kişilərin cinsiyyət orqanının ölçüsü keçmişlə müqayisədə bu gün 25 faiz artıb. Tədqiqat ereksiya vəziyyətində olan orta penis uzunluğunun 25% artaraq 12 santimetrdən 15 santimetrə yüksəldiyini müəyyən edib. Normal vəziyyətdə isə orta ölçünün 8,6 santimetrdən 12,9 santimetrə yüksəldiyi anlaşılıb.
Ancaq mütəxəssislər penis ölçüsünün artmasına baxmayaraq, bəzi narahatlıqlarının olduğunu da açıqlayıblar.
Uroloq, Stanford Universitetinin professoru Dr. Maykl Ayzenbörq penis ölçüsünün artmasının zərərli kimyəvi maddələrə məruz qalma ilə əlaqəli ola biləcəyini söyləyib. Vəziyyətin narahatlıq yaratdığını bildirən professor bunları deyib:
"Reproduktiv sistemimiz insan biologiyasının ən vacib hissələrindən biri olduğundan, inkişafda hər hansı ümumi dəyişiklik narahatedicidir. Əgər belə sürətli bir dəyişiklik görürüksə, bu, bədənimizdə çox daha güclü bir prosesin getdiyini göstərir. Biz bu dəyişikliyin səbəblərini tapmalıyıq".
Professor bir sıra amillərin, o cümlədən pestisidlərə və ya hormonal sistemlərimizlə qarşılıqlı əlaqədə olan gigiyena məhsullarındakı kimyəvi maddələrə məruz qalmağın bunda rolu ola biləcəyinə diqqət çəkib.
"Bu endokrin pozucu kimyəvi maddələr - onlar hər yerdədir - bizim ətraf mühitimizdə və hətta qidalarımızda da mövcuddur", - deyə Ayzenbörq vurğulayıb.