Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2024 14:04
"Biz dünyada ən sevimli klubuq" - bunu Madrid "Real"ının prezidenti Florentino Peres komandasının Çempionlar Liqasının yarımfinalında Münhen "Bavariya"sını üstələyərək finala adlamasından sonra deyib.
Sosial şəbəkələrə baxdıqda ispanların rəhbərinin bu sözlərinin həqiqiliyinə heç bir şübhə qalmır.
Sonxeber.net xəbər verir ki, İdman.Biz sosial şəbəkələrdə klubların izləyici sayını nəzərdən keçirməklə bu sahədə hazırda ən populyarlarını müəyyənləşdirib.
Madrid "Real"ı əksər sosial şəbəkələrdə liderliyi əlində saxlayır. "Kral klubu"na əsas rəqabəti elə La Liqadan əzəli rəqibi "Barselona" aparır.
Daha çox izləyici instaqram və feysbukdadır. Hər iki şəbəkədə izləyici sayında 100 milyonu keçən yalnız adlarını çəkdiyimiz iki ispan klubdur.
İnstaqramda "Real"ın 158 milyon, "Barselona"nın 127 milyon izləyicisi var. Digər klublar bu mübarizədə çox geri qalırlar. PSJ-nin 64,8 milyon, "Mançester Yunayted"in 63,6 milyon, "Yuventus"un 60,4 milyon, "Mançester Siti"nin 53,2 milyon, "Liverpul"un 45,4 milyon, "Bavariya"nın 42,1 milyon, "Çelsi"nin 41,9 milyon izləyicisi var.
Feysbukda 123 milyon izləyicisi olan "Real" "Barselona"dan 9 milyon öndədir. Üçüncülük 83 milyon izləyicisi olan "Mançester Yunayted"dədir. Sonrakı yerlərdə "Bavariya" (60 milyon), "Çelsi" (55 milyon), PSJ (52 milyon), "Mançester Siti" (51 milyon), "Liverpul" (48 milyon) və "Yuventus"dur (47 milyon).
Tvitterdə 48,7 milyon izləyicili "Barselona" 50,4 milyon izləyicisi olan "Real"ı yaxından izləyir. "Üçlüy"ü burada da "Mançester Yunayted" inamla əlində saxlayır (37,7). 20 milyon həddini digər klublardan yalnız 3 İngiltərə təmsilçisi aşa bilib - "Çelsi" (25,6 milyon), "Liverpul" (24,4 milyon), "Arsenal" (22,3 milyon). Bu ölkənin daha bir klubu - "Mançester Siti" də (17,5 milyon) həmin həddi keçməyə ən yaxın namizəddir.
Tik-tokda "Real"ın (42,4 milyon) rəqibi cəmi 100 min geri qalan PSJ-dir (42,3 milyon). Üçüncü olan "Barselona" (34,1 milyon) ilə isə burada "Yuventus" (32,9) rəqabət aparır. İki Mançester klubu arasında da sərt mübarizə gedir. "Yunayted"in 25,3 milyon, "Siti"nin 25 milyon izləyicisi var. Daha bir rəqabət "Liverpul" (19,6 milyon) və "Bavariya" (19,5 milyon) arasında gedir.
Vatsappda "Barselona" (33 milyon) ikinci olsa da, "Real"la (52,1 milyon) rəqabət apara bilmir. Burada üçüncülük "Mançester Siti"dədir (29,4 milyon). "Liverpul"un 20,3 milyon, "Mançester Yunayted"in 14,7 milyon izləyicisi var.
"Real" liderliyi tək yutubda ələ keçirə bilməyib. "Barselona" 17,1 milyon izləyici ilə 13,2 milyon izləyicisi olan "Kral Klubu"nu qabaqlayır. "Liverpul" 9,85 milyon izləyici ilə üçüncüdür. Sonrakı yerlərdə "Mançester Yunayted" (8,91 milyon), "Yuventus" (7,58 milyon), PSJ (7,49 milyon) və "Mançester Siti"dir (7,32 milyon).