Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2024 18:16
"Çox istərdim ki, nəticədən asılı olmayaraq azarkeşlər üçün baxımlı oyun olsun".
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
52 yaşlı mütəxəssis Azərbaycan kubokunun "Zirə" ilə sabah keçiriləcək final görüşünə həsr olunan mətbuat konfransında fikirlərini açıqlayıb: "Çox ciddi rəqibə qarşı oynayırıq. Bizim "Zirə"yə qarşı hər oyunumuz asan olmayıb. Xüsusilə də son görüşlər. Çox yaxşı idman formasında olan komandaya qarşı oynayacağıq. "Zirə" çempionatda ikinci yeri tutan komandadır. Çox yaxşı, çox böyük nəticə əldə ediblər. Demək olar ki, finalı daha rahat oynayacaqlar. Kubok başqa bir prestijdir. Hər bir futbolçu istəyər ki, ölkə kubokunu başı üzərinə qaldırsın. Matça pis hazırlaşmamışıq. Bunun üçün vaxtımız oldu. Baxmayaraq ki, futbolçular daha çox evə getmək istəyirdilər. Çalışdıq ki, komandanı bu matça hazır edək. Nəticə üçün ən yaxşısını və düzünü etməyə və azarkeşlər üçün baxımlı oyun göstərməyə çalışacağıq".
Baş məşqçi penaltilər seriyası ehtimalı və buna hazırlığa toxunub: "Penalti seriyasına psixoloji hazırlaşmaq lazımdır. Buna da hazırıq. Kubok görüşlərinə fərqli yanaşıram. Böyük gözlənilməzliklər kubokda olur. İstər ölkə kubokunda, istər avrokuboklarda. Finallarda düşünmədiyimiz, gözləmədiyimiz qaliblər görmüşük. Almaniya kubokunu götürsək, aşağı liqa klubu finalda oynadı və az qalmışdı "Bayer"ə qalib gəlsin. Ümumiyyətlə, futbolçularımı belə matçlara daha çox psixoloji hazırlamağa çalışıram. Çempionatın sonunda onların fiziki formaların tələb etmək düzgün deyil. İstər-istəməz hazırdırlar və sadəcə psixoloji yorğunluqları olur. Mən də ona üstünlük verirəm ki, sərbəst, soyuqqanlı şəkildə bu matçlarda düzgün oynasınlar. Amma qarşımızdakı rəqibi də nəzərə almalıyıq. Bəlkə daha istəkli, kubok üçün daha çox alışıb yanan komanda olacaq. Mən komandanı bu tərəfdən hazırlayıram".
Qurbanov Çempionlar Liqasının bugünkü finalı və şans verəcəyi qapıçı haqda da danışıb: "Qarabağ"a azarkeşlik edəcəm ki, II mərhələdən başlasınlar. Kim layiqdirsə, o da qalib gəlsin. Bu günə qədər çalışmışıq ki, öz reytinqimizlə xallar toplayaq, bununla irəli gedək. Bu amillər, bu nəticələr də qaçılmazdır. Bunlar bizim üçün xeyirlidirsə, bizim üçün üstünlüyü varsa, istərdik ki, "Real" qalib gəlsin. Amma necə olsa da biz çalışacağıq. Sadəcə hazırlıq proqramında dəyişiklik olacaq. Çox istərdim ki, futbolçuların istirahət müddəti 2-3 gün çox olsun. Futbolçular bu il həddindən artıq çox fiziki və psixoloji güc sərf etdilər. İstərdim onları geri qaytarsınlar. Hər bir halda gözləyəcəyik. Necə olsa, ona uyğun hazırlaşacağıq. Heç vaxt oyundan əvvəl hansı kimin oynayacağını düməmişəm. Amma bugünkü gün üçün qapıçılar arasında üstünlük Andrey Lunyovdadır".
Qeyd edək ki, final matçı saat 20.00-da "Liv Bona Dea Arena"da keçiriləcək.