Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2024 13:20
Əməkdar artisti Gülşad Baxşıyevanın dərs dediyi universitetə açıq-saçıq geyimdə gələn tələbə qızlarla bağlı gileyi müzakirələrə səbəb olub. Onun bu cür tələbələri dərsinə buraxmadığını açıqlaması isə birmənalı qarşılanmayıb.
Sonxeber.net bildirir ki, mövzu ilə bağlı ADPU-nun baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Bəhram Cəfəroğlunun yenisabah.az-a müsahibəsini təqdim edirik:
- Bəhram müəllim, Əməkdar artist Gülşad Baxşıyeva dərs dediyi Mədəniyyət və İncəsənət Universitetində açıq-saçıq geyinən qızları auditoriyaya buraxmadığını açıqlayıb. Bu yanaşma nə dərəcədə doğrudur?
- Sualınız üçün təşəkkür edirəm. Gülşad müəllimin məlum müsahibəsini izlədim və çox təəccübləndim.
Azərbaycanda Ali məktəblərdə təhsil alan öyrəncilərin əksəriyyəti 18 yaşın üzərindədir. Ana yasamıza (Konstitutsiyamıza) görə 18 yaşı tamam olan Azərbaycan Respublikasının vətəndaşları seçmək və seçilmək hüququna malikdir. Məsələyə bu kontekstdə baxdıqda fərdlərin hansı paltarı geyinib-geyinməməsinə biz qərar verə bilmərik, bu safsafadır. Bundan əlavə, universitetin təməl funksiyası təhsil vermək və elmi araşdırma aparmaqdır, başqa funksiyası yoxdur. Bu mənada doğru yanaşma deyil, bir müəllimin tələbəsini geyim tərzinə görə auditoriyadan qovmağa haqqı yoxdur. Birincisi ona görə ki, Azərbaycan universitetlərində geyimlə bağlı heç bir qadağa qoyulmayıb. Digər tərəfdən Azərbaycan sekulyar dövlətdir, hələ ötən əsrin əvvəllərindən başlayaraq Azərbaycan qadınının sosial statusu dəyişməyə başladı. Şərqdə ilk dəfə qadınlara seçmək, seçilmək hüququ Azərbaycanda verilmişdir, çadradan imtina edildi. Cəfər Cabbarlı və onun kimi aydınlarımız Azərbaycan qadınını buxovlayan çadraya qarşı mübarizə apardı, indi 2024-cü ildir, az qala yüz il keçib, biz yenə də qızlarımızın, ali təhsil alan, yaxın gələcəkdə ölkəmizin ictimai-siyasi həyatında rol oynayacaq balalarımızın, gələcək analarımızın geyim tərzinə irad tutmaqla məşğuluq, bu doğru deyil.
Bir müəllimin birinci vəzifəsi öyrətməkdir, qarşısındakı tələbəyə örnək olmaqdır. Əgər müəllim tələbənin, şagirdin geyimi, davranışı və digər xüsusiyyətlərini müsbət qiymətləndirmirsə, doğru bildiyini öyrətməlidir. Tələbəni auditoriyadan qovmaq çıxış yolu deyil. Əksinə, müəllim öz həyat təcrübəsindən, bilgisindən yararlanaraq tələbəyə müəyyən istiqamət verə, yönləndirə bilər.
Azərbaycanlı qızların, tələbələrimizin geyiminə irad bildirənləri boş zamanları olanda şəhərin mərkəzində ucaldılmış Fuad Əbdürrəhmanovun əsəri olan "Azad qadın" heykəlinə baxmağa dəvət edirəm. O heykəl ki, yaxın keçmişimizdə hüquq və azadlıqları uğrunda mübarizə aparmış qadınlarımızın-nənələrimizin qarşılaşdığı çətinliklərə və haqsızlıqlara qarşı mübarizəni əks etdirir. İndi nə edək, qızlarımız qara çadraya bürünsün? Onları yenidən cəhalətə, dini radikalizmin təsirinə doğru yönəldək? Qızlarımızın, tələbələrimizin geyim tərzinə qarışmaq, onları geriyə, keçmişin qaranlıq günlərinə qaytara bilmərik. Cənubdan əsən rüzgar birilərinin gözünə Qum doldurmasın. Burası Azərbaycan Respublikasıdır, azərbaycanlı qızlar da sekulyar dövlətin vətəndaşlarıdır!
Bu gün Azərbaycan müəllimini tələbə qızın açıq geyimi deyil, tədris etdiyi fənnin yenilikləri, yeni bilgi, əldə etdiyi bilginin çatırılma üsulları düşündürməlidir.
- Sizcə, tələbə qızların geyimi tədris prosesinə nə dərəcədə mane olur?
- İstər tələbə qızların, istərsə də oğlanların geyimi tədris prosesinə mane ola bilməz. Təcrübəli, savadlı müəllim tələbələrin diqqətini özünə cəlb etməyi bacarmalıdır. Müəllimin nitqi aydın, məzmunlu, tələbə üçün yeni olan informasiya ilə zəngin olanda tələbə qeyri-ixtiyari müəllimi dinləyir. Əminliklə söyləyə bilərəm ki, müasir tələbələr məzmunlu, maraqlı, mövcud dərslik və dərs vəsaitlərində olmayan bilgini diqqətlə dinləyir. Tələbənin müəllimi dinləməməsinin səbəbi "yan tərəfdə oturmuş tələbə qızın əzası" deyil, məzmunsuz müəllim nitqi, təkrar ifadələr, saralmış mühazirə vərəqlərindəki vaxtı keçmiş məlumatların müəllim stulunda oturaq vəziyyətdə səsləndirilməsidir.
- Necə düşünürsünüz, sizcə, Azərbaycan universitetlərində müzakirə etməyə tələbələrin geyimindən daha vacib məsələlər yoxdur?
- Son 10 ildə Azərbaycan universitetlərində ciddi islahatlar gedir, universitetlərimizin bir çoxu Türkiyə və Avropa universitetləri ilə sıx əməkdaşlıq edir, müxtəlif tələbə mübadilə proqramları icra edilir, qarşılıqlı akademik səfərlər təşkil olunur. Bütün bunların fonunda müəyyən çatışmayan cəhətlər də var. Məsələn, fizika, kimya, tibb sahəsinə aid Azərbaycan dilində ciddi akademik əsərlər tərcümə edilmir və yaxud bu tip tərcümələrin sayı azdır. Texniki elmlərə aid elmi tədqiqat laboratoriyaları azdır və yaxud müasir avadanlıqlar yetərli deyil. Əksər universitetlərimizdə tələbələrimizin yataqxanalardan istifadə imkanları məhduddur.
Fikrimcə, tələbələrin geyimini müzakirə etməkdənsə, onlara ingilis, fransız, rus və s. dünyanın aparıcı dillərini öyrətmək üçün universitetlərimizin nəzdində pulsuz kurslar, danışıq klubları təşkil etmək lazımdır. Bir sözlə, var qüvvəmizlə çalışmalıyıq ki, həm qızlarımız, həm də oğlanlarımız sağlam ruhda böyüyə bilsin, savadlı, müasir dünya görüşlü və ölkəmizə layiqli vətəndaşlar olsun.