Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2024 16:15
2 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Bilal Hayeni ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-dən Sonxeber.net-a verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistan arasında mövcud strateji tərəfdaşlıq gündəliyi, Pakistan İslam Respublikasına son rəsmi səfərdən irəli gələn məsələlər və gələcək planlar müzakirə olunub.
Ölkəmizdə diplomatik fəaliyyəti zamanı Azərbaycan-Pakistan münasibətlərinin inkişafı istiqamətində göstərdiyi hərtərəfli səylər və peşəkarlığa görə səfir Bilal Hayeyə təşəkkür edilib, ona bundan sonrakı fəaliyyətində uğurlar arzulanıb.
Nazir Ceyhun Bayramov səfir Bilal Hayenin Azərbaycanda diplomatik fəaliyyətinə başladığı dövrün keçmiş münaqişə və Ermənistanın işğalına son qoyulması ilə nəticələnən 44 günlük Vətən müharibəsinə təsadüf etdiyini qeyd edərək, Pakistan tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı mənəvi və siyasi dəstəyə görə təşəkkür edib.
Cari ildə Pakistana edilmiş rəsmi səfər çərçivəsində keçirilmiş görüşlərin, habelə strateji tərəfdaşlıq münasibətlərimiz ətrafında aparılan geniş fikir mübadilələrinin məmnunluq doğurduğu, əməkdaşlığımızın inkişafı üçün mövcud perspektivlərdən istifadənin zəruriliyi qeyd edilib.
Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH), İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) kimi bir sıra regional və beynəlxalq təşkilatlar daxil olmaqla, çoxtərəfli formatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti qeyd edilib. Pakistanın 2025-2026-cı illər üzrə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi münasibətilə təbriklər diqqətə çatdırılıb.
Səfir Bilal Haye ölkəmiz üçün olduqca taleyüklü bir dövrdə Pakistanın Azərbaycandakı səfiri kimi fəaliyyət göstərməsindən qürur duyduğunu, bundan sonra da iki ölkə arasında münasibətlərin daha da inkişafına ümidvar olduğunu diqqətə çatdırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.