Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2019 20:27
Bakı. Trend:
Ən ağır günlərimizdə xəzinə boş idi, Xalq Cəbhəsi-Müsavat cütlüyü talamışdı, ləl-cavahirat fondunu talamışdı.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Prezident İlham Əliyev bildirib: "Müstəqilliyə gedən yol da Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun qərarı ilə Naxçıvan Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsis olundu və buna oxşar digər qərarlar qəbul edildi. O vaxt Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdir və Azərbaycan üzrə referendum saxtalaşdırılmışdır. Guya ki, Azərbaycan əhalisi Sovet İttifaqının saxlanmasına səs vermişdir. Halbuki bu, belə deyildi. Naxçıvanda referendum keçirilmədi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı. Bu da müstəqilliyə aparan yol idi. Azərbaycanda siyasi sistemi formalaşdıran Yeni Azərbaycan Partiyası təsis edildi. Çünki partiya yaranana qədər Azərbaycanda siyasi sistem, partiyalar yox idi. Ayrı–ayrı silahlı dəstələr öz adlarını partiya qoymuşdular və bir-biri ilə mübarizə aparırdılar, torpaqlar isə işğal altına düşürdü. Əgər Heydər Əliyev müstəqilliyin ilk illərindən Azərbaycanda rəhbər olsaydı, heç vaxt torpağımız işğal altına düşməzdi. Azərbaycanın Heydər Əliyevə qədərki bütün rəhbərləri fərarilik etmiş, xalqı və ölkəni ağır vəziyyətdə tərk etmiş, qaçmışlar, ikisi Moskvaya, biri Kələkiyə. Bu, fərarilikdir, bu, satqınlıqdır, bu, xəyanətdir. Liderin vəzifəsidir dövləti qorumaq, liderin vəzifəsidir xalqla bir yerdə olmaq. Ən ağır, ən çətin anlarda lider qabaqda olmalıdır, Heydər Əliyev kimi. O, hər birimiz üçün nümunədir. Burada əyləşən gənclər də bu tarixi bilməlidirlər. Mən dəfələrlə bunu demişəm. Biz - bu tarixi yaşayan insanlar, əlbəttə ki, heç vaxt bunu unutmayacağıq. Bugünkü uğurlu inkişafımızı hər zaman qiymətləndirəcəyik. Gənclər bunu görməyiblər. Onlara elə gəlir ki, həmişə belə olub. Onlara elə gəlir ki, Azərbaycan həmişə belə çiçəklənən, firavan dövlət olub. Belə deyildi. Biz o günləri yaxşı xatırlayırıq. Xalq Cəbhəsi-Müsavat cütlüyünün xəyanətkar hakimiyyəti dövründə on minlərlə insan saatlarla çörək növbəsində dayanırdı. Əli silahlı quldurlar meydan oxuyurdular, şəhərlərimizdə insanları incidirdilər, oğurlayırdılar, işgəncələr verirdilər, jurnalistləri döyürdülər. Məhz Xalq Cəbhəsi-Müsavat hakimiyyəti - özünü demokrat adlandıran bu ünsürlər Azərbaycanda senzura tətbiq etmişdilər. Heydər Əliyev hakimiyyətə gələndən sonra senzuranı ləğv etdi. Gənclər bu tarixi bilməlidirlər. Müəllimlər bu tarixi onlara çatdırmalıdırlar ki, həm həqiqəti bilsinlər, həm də Azərbaycan gələcəkdə heç vaxt bu ağır vəziyyətə düşməsin. Azərbaycan heç vaxt gözü kölgəli olmasın, heç vaxt başqasının iradəsindən asılı olmasın, heç vaxt başqa dövlətlər qarşısında baş əyməsin. AXC-Müsavat cütlüyü dövründə prezidentin kabinetinin qapısını xarici səfirlər ayaqları ilə açırdılar, ona göstərişlər verirdilər. O da məzlum bir adam kimi o göstərişləri yerinə yetirirdi. Ona görə belə günə düşdü. Məgər bizi bizdən çox sevən, istəyən varmı? Bu gün bəzi hallarda bəzi xarici dairələrdən eşidirik ki, biz Azərbaycana kömək etmək istəyirik, biz Azərbaycanı belə inkişaf etmiş ölkə kimi görmək istəyirik. Hamısı yalandır. Mən tam səmimiyyətlə deyirəm. Bizim ən ağır günlərimizdə xəzinə boş idi, Xalq Cəbhəsi-Müsavat cütlüyü talamışdı, ləl-cavahirat fondunu talamışdı. İnsanlar öz axırıncı qızıl əşyalarını aparırdılar ki, ordumuza kömək etsinlər. O vaxt prezident, dövlət katibi, baş nazir o ləl-cavahirat fondunu talan etmişlər. İndi onun izi-tozu da qalmayıb. O vaxt xəzinə boş olanda, biz kreditlər üçün müraciət edəndə heç kim bizə kredit vermirdi. Yaxşı, əgər siz Azərbaycanı bu qədər sevirsinizsə, nə üçün o vaxt bizə kömək etməmisiniz?! Nə üçün ağır vəziyyətdə olan ölkəyə kömək etməmisiniz?! İndi sıra ilə düzülüblər bizə kredit vermək istəyənlər. Biz almırıq. Biz özümüz kredit veririk. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada doqquzuncu yerdəyik. İndi istənilən məbləğdə - bax, sabah 10 milyard dollar lazım olsa, alarıq. Almırıq, qoymuram. Borcu yenə də endirirəm. Ona görə kimsə deyəndə ki, biz Azərbaycanın yaxşılığını istəyirik, inanmayın, gənclər də inanmasınlar. Bizdən çox bizi istəyən heç vaxt olmayıb və olmayacaq".
Dövlət başçısı deyib ki, xalqımızın tarixi faciələrlə doludur: "Biz nəyə görə uzun illər, əsrlərboyu müstəmləkə kimi yaşamışıq? Nəyə görə başqa dövlətlərin tərkibində yaşamışıq? Nəyə görə bizim dövlətçiliyimizin tarixi çox məhduddur? O vaxt hətta müstəqil dövlətlər olanda onların da imkanları məhdud idi. Elə götürək Azərbaycan Xalq Cümhuriyyətini, ölkəni idarə edə bilmirdi. Xarici hərbi missiyaların rəhbərləri qərarlar qəbul edirdilər. Hətta bizim o vaxt qəbul edilmiş birinci dövlət bayrağımız xarici hərbi missioner tərəfindən dəyişdirildi. Ultimatum qoyuldu, tarixçilər bunu yaxşı bilirlər. Müstəqil dövlətin rəhbərliyinə ultimatum qoyuldu ki, siz bu bayrağı dəyişdirməlisiniz və dəyişdirdilər. Ondan sonra indiki üçrəngli bayraq təsis edildi. Ona görə hətta o dövrlərdə müstəqillik yarımçıq idi, natamam idi".
Prezident İlham Əliyev qeyd edib ki, bu gün əsl müstəqillik dövrüdür: "Çünki bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər kəs görür ki, heç kim bizim işimizə müdaxilə edə bilməz. Nə qədər çalışsalar, nə qədər əlləşsələr, nə qədər yalan-böhtan yaysalar yapışmır bizə. Çünki xalq bizi dəstəkləyir və sonuncu rəy sorğuları onu göstərir. Əhalinin mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir. Əhalinin mütləq əksəriyyəti bizə alternativ görmür və kim ola bilər bu alternativ? Hətta havadarları artıq onlardan üz döndərmişlər. Biz bunu dəqiq bilirik. Mən indi bu auditoriyada bəzi operativ məlumatları da bölüşə bilərəm sizinlə, Azərbaycan xalqı ilə. İndi anti-Azərbaycan dairələr, xaricdəki dairələr artıq açıq deyirlər ki, bizdə ənənəvi müxalifət yoxdur, ayrı-ayrı satqın dəstələr var ki, onların da kitabı bağlanıb, onlara ümid bəsləmək olmaz. Ona görə onlara pul təminatı da azalıbdır, ona görə çabalayırlar. Əsas hədəf gənclər olmalıdır. Onlar gəncləri əsas hədəf seçiblər və gəncləri yoldan çıxarmaq istəyirlər, onların beyinlərini zəhərləmək istəyirlər, onları xalqa qarşı, Vətənə qarşı, ənənəvi dəyərlərə qarşı qaldırmaq istəyirlər. Alınmır və alınmayacaq. Çünki Azərbaycan gəncləri vətənpərvərdir, Vətəni sevəndirlər, Vətənə bağlıdırlar. Ancaq o niyyət var və biz bunu bilməliyik, müəllimlər də bilməlidirlər. Müəllimlər tələbələrə nəinki biliklər verməlidirlər, onları tərbiyə də etməlidirlər. Ümumiyyətlə Azərbaycanda tərbiyə işi yeni müstəviyə qalxmalıdır, biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var. Bizi istəməyən qüvvələr, o cümlədən erməni lobbi qurumları tərəfindən maliyyələşən qurumlar bu boşluqlardan istifadə edirlər, xüsusilə bu gün ki, azad internet mövcuddur. Azərbaycanda internet istifadəçilərinin faiz nisbəti 80-ni keçib. Azərbaycanda azad, demokratik cəmiyyət formalaşıb, azad media var. Ona görə istənilən yalanı ortalığa atmaq olar. Ondan sonra bu yalan ətrafında müzakirələr təşkil olunur, bu yalan artıq bir real fakt kimi təqdim edilir və gənclərin beyinlərini zəhərləmək istəyirlər. Biz buna imkan verə bilmərik. Gənclər özləri də bilməlidirlər, tarixi yaxşı bilməlidirlər. Əgər tarixi yaxşı bilsələr, görərlər ki, tariximizdə heç vaxt heç bir kənar qüvvə, heç bir yad dairə bizim xoşbəxtliyimizi istəməyib, əksinə, bizi əzmək istəyib, özünə ram etmək istəyib, sərvətlərimizi talamaq istəyib, bizi alçaltmaq istəyib. Əgər belə olmasaydı, bizim çoxəsrlik tariximizin böyük hissəsi müstəmləkəçilik tarixi olmazdı. Bir daha demək istəyirəm ki, bizim müstəqillik dövrlərimiz Azərbaycan xalqının tarixində çox məhduddur. Məhz ona görə ki, aldanmışıq, əzilmişik. Buna imkan vermək olmaz və verməyəcəyik, biz möhkəm dayanmışıq. Heç kim bizim işimizə müdaxilə edə bilməz, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Qoy, ləkələsinlər, qoy, yalan-uydurma yaysınlar, bizə yapışmır. Əsas odur ki, biz öz həyatımızı ləyaqətlə yaşayaq. Ləyaqətli insanlar kimi, Vətənə bağlı olan insanlar kimi, mərd insanlar kimi yaşayaq, quraq, yaradaq, bütün yad qüvvələrə cavabımızı verək və öz inkişaf yolumuzu davam etdirək".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin