Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2024 07:09
Narsistik şəxsiyyət xüsusiyyətlərinə sahib olanların yaşlandıqca "daha yetkin davrandıqları" müəyyən edilib.
Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, bu barədə Amerika Psixoloji Dərnəyinin "Psychological Bulletin"ində dərc edilən araşdırmada deyilir.
Tədqiqat narsist insanların yaşlandıqca daha empatik olduqlarını ortaya qoyub.
Tədqiqat çərçivəsində narsissizm səviyyələrinin zamanla necə dəyişdiyini araşdıran 51 tədqiqatın nəticələri təhlil edilib. Bu çərçivədə 8-77 yaş arası 37 min 247 adamın məlumatları araşdırılıb. Onların 52 faizini qadınlar, 48 faizini isə kişilər təşkil edib.
Tədqiqatların əksəriyyəti ABŞ, Kanada və Qərbi Avropada, biri Çində, biri isə Yeni Zelandiyada aparılıb.
Araşdırmada üç fərqli narsisizm növünə diqqət yetirilib.
Üstün narsissizm: bu, üstünlük hisslərini və heyranlığa güclü ehtiyacı ehtiva edir. Onlar özlərini digər insanlardan üstün görməyə meyllidirlər.
Antaqonist narsisizm: təkəbbür, emosiyaların olmaması və empatiyanın azlığı bu narsistlərdə daha çox görünür.
Nevrotik narsisizm: zəif emosional nəzarət və həddindən artıq həssaslıq hallarını təsvir edir.
Alimlər ümumiyyətlə aşkar ediblər ki, hər üç növ narsissizmin səviyyəsi yaş aldıqca azalır.
İlk növdə cüzi azalma olduğu qeyd edilərkən, antaqonist və nevrotik narsisizmdə azalmanın orta səviyyədə olduğu bildirilib.
Digər tərəfdən, iştirakçıların narsisizm səviyyələrinin həmyaşıdları ilə müqayisədə zamanla əhəmiyyətli dərəcədə dəyişmədiyi müşahidə edilib. Uşaqlıqda narsisistik olan insanlar yetkinlikdə də belə qalmağa meyllidirlər. Yəni onlarda cüzi dəyişiklik olsa da, tamamilə normallaşmırlar. Bu isə narsissizmin sabit bir şəxsiyyət xüsusiyyəti olduğunu göstərir.
Alimlər yaşla birlikdə narsisizm səviyyəsinin niyə azaldığını tam başa düşmək üçün daha çox araşdırmaya ehtiyac olduğuna diqqət çəkiblər.
Ancaq bu əlaqə ilə bağlı bir nəzəriyyə də dilə gətirilib.
Bu nəzəriyyəyə görə, yetkinlik dövründə üzərinə götürdüyümüz həyat yoldaşı, valideyn və işçi kimi sosial rollar daha yetkin şəxsiyyət xüsusiyyətlərinin inkişafına imkan verir.