Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2024 14:48
Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə son vəziyyət xeyli dərəcədə müsbətə doğru qiymətləndirilə bilər.
Bunu Sonxeber.net-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib.
"Artıq bir müddətdir, iki ölkənin sərhədlərində hər hansı bir hərbi aqressivlik, atəşkəs pozuntusu hallarına rast gəlinmir. Digər tərəfdən, müxtəlif platformalar Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsini dəstəklədiklərini vurğulayırlar.
Xüsusilə son dövrlərdə ABŞ bölgə ilə bağlı böyük fəallıq nümayiş etdirir, Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi üçün ortaya iradə qoymağa çalışdığını vurğulayır. Azərbaycan-Ermənistan münasibətlərindəki son vəziyyət daha çox ABŞ-nin maraq dairəsində olan bölgə ilə bağlı sülh planlarını özündə ehtiva edir.
Eyni zamanda, sülh müqaviləsinin imzalanması üçün delimitasiya komissiyaları və müxtəlif işçi qrupları qismində görüşlər davam edir. Bu istiqamətdə bir sıra vacib addımlar atılır", - o qeyd edib.
Sektor müdiri bildirib ki, Qərbin mövqeyində aparıcı xətti hazırda ABŞ-nin mövqeyi tutur.
"Bir zamanlar çox fəal şəkildə Azərbaycan-Ermənistan danışıqlarında moderatorluğu üzərinə götürən Avropa İttifaqı Şurası son dövrlər bu prosesdə çox da fəal görünmür. Xüsusilə Fransanın Avropa İttifaqı daxilində bu məsələdə də dağıdıcı mövqeyi, təəssüf ki, Aİ-nin prosesdən kənarda qalmasına səbəb olub", - deyə o qeyd edib.
Siyasi təhlilçi Aqşin Kərimov isə bildirib ki, ABŞ-nin Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi ilə bağlı pozitiv və sevincək tonda verdiyi açıqlama Vaşinqtonun sülh gündəliyində rolunun artdığına istinad edir.
O qeyd edib ki, geniş şəkildə desək, Vaşinqtonun Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər uzanan maraqlarındakı strateji yerləşdirməni göstərir.
"Görünür, Ağ Ev Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin NATO sammiti çərçivəsində keçirdiyi görüşdən məmnun qalaraq əldə edilmiş razılıqları irəliyə aparmaq üçün açar əldə etdiyini düşünür.
Dövlət Departamentindən verilən bəyanat həm də ABŞ-nin Azərbaycan-Ermənistan sülh gündəliyində hökmran vasitəçilik qurmaq cəhdlərinə işarə edir.
Ancaq Azərbaycan sülh proqramının kənar qüvvələrin ambisiyaları ilə deyil, öz maraqlarının təntənəsi kimi nəzərdən keçirir.
Yəni ABŞ-dən verilən açıqlamanın gizlinlərində Azərbaycan üçün faydalı məqamlar olsa da, yekunda düşünmək olmaz ki, Bakı Vaşinqtonun gündəliyini bütövlükdə dəstəkləyəcək.
Çünki ABŞ-nin masada olan hazırkı razılıqlarla sülh sazişinin imzalanmasına tələsdiyi görünməkdədir ki, bu da Azərbaycanın perspektiv strateji yerləşməsi maraqları ilə ziddiyyət təşkil edir.
ABŞ indi çalışır ki, öz maraqları ilə Azərbaycanın gələcək geosiyasi şəkilləndirmə ssenariləri arasında tarazlıq yaratsın. Bu tarazlıq aktı Zəngəzur dəhlizi ilə reallaşa bilər, yəni Vaşinqton Bakının Dəhliz üzərindən oynadığı kartları qəbul edə bilər. Buna səbəb verən əsas amillərdən biri Vaşinqtonun Zəngəzur dəhlizi layihəsini Cənubi Qafqazla Mərkəzi Asiya arasında vacib geosiyasi bağlantı quran prioritet kimi qəbul etməsidir".