Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2019 00:04
"Sabah"ın futbolçusu Təmkin Xəlilzadə Azərbaycan Premyer Liqasının 13-cü turunda "Qarabağ"la oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Bu oyuna yeni baş məşqçi ilə hazırlaşmağa çox vaxtımız olmadı. Səhv etmirəmsə, 2-3 məşq birlikdə işlədik. Amma gözlədiyimdən də yaxşı alındı. Uşaqlar da çox əziyyət çəkdi, 90 dəqiqə mübarizə apardıq. Rəqibin kimliyindən asılı olmayaraq məqsədimiz üç xal idi. Hesabda geri düşəndən sonra bərabərlik qolunu vuraraq heç olmasa bir xal qazanmaq istəyirdik. “Qarabağ” sıradan rəqib deyil. Bu cür oyunla çempionatda yaxşı nəticələr qazana bilərik.
- Bəs, qələbə üçün nə çatmadı?
- Məncə, hücumda çoxala bilmədik. Top itkiləri az olsaydı, istədiyimiz hücumları qura bilərdik. Oyunun sonralarında penalti epizodu var idi. Əliyar Ağayevə yaxınlaşdım və soruşdum ki, “100 faiz gördün epizodu?”. O da gördüyünü dedi. Səbirsizliklə həmin epizodun təkrarını gözləyirəm. Penalti var idisə, demək ki, haqqımızı yeyiblər. Əgər penalti olsaydı, ən azından bir xal qazana bilərdik. Epizoda baxmaq lazımdır.
- Yeni baş məşqçi komandaya hansı yenilikləri gətirib?
- Gəldiyi gündən meydanda kompakt oynayıb, xətlər arası boşluqlara yol verməməli olduğumuzu deyib. Oyundan sonra baş məşqçi səhvlərimizi göstərəcək. “Qarabağ”a qarşı pis müdafiə olunmadıq, pis vuruşmadıq. Sadəcə, qol çatışmadı.
- Bu mövsüm ilk dəfə idi ki, “Sabah”ın start heyətində 8 yerli futbolçu meydana çıxmışdı...
- Onsuzda komandamız yerlilərdən təşkil olunub. Düzdür, legionerlər də var. Amma kimin oynayıb, kimin oynamayacağına baş məşqçimiz qərar verir. Məncə, pis təsir bağışlamadıq.
- İki gün keçməmiş kubok oyununa çıxacaqsınız. Çətin olmayacaq?
- Çətin olacaq. Amma bu bizim işimizdir. İndi evə gedəcəyik, 7-8 saat yatıb, sabah yenidən məşqə gələcəyik. Bizim işimiz budur.
- Qol vurmaqda çətinlik çəkirsiz. Problem hücum xəttindəki legionerlərdədir?
- Hendrik Ekşteyn, Ulisse Diallo və Amadu Diallonun çempionatında üç qolu var. Məncə, məhsuldarlıqları o qədər pis deyil. Bu gün hücumda Amadu ilə oynayırdım. Çox vaxt müdafiədə oynadığıma görə, epizoda girməkdə çətinlik çəkirdim. Sonradan meydana Hendrik Ekşteyn və Rocer Roxas da girdi. Bilmirəm, vaxtımız çatmadı, yoxsa gücümüz, hər halda baş məşqçi səhvlərimizi göstərəcək.