Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəfər Namiq Kamal: ''Aktyorluq ömür qısaldan sənətdir'' - FOTO

Cəfər Namiq Kamal: ''Aktyorluq ömür qısaldan sənətdir'' - FOTO

Tarix: 20 Oktyabr 2024 08:45

Xalq artisti Cəfər Namiq Kamal gələn il 75 yaşını qeyd edəcək. Artıq 50 ildən çoxdur ki, o, peşəkar səhnədədir.

Sonxeber.net xəbər verir ki, Akademik Milli Dram Teatrının tanınmış aktyoru "Kaspi" qəzetinə müsahibəsində sənətinin özünəməxsus sirlərini açıb.

Həmin müsahibəni təqdim edirik:

- Cəfər müəllim, teatrın səhnəsinə, kinonun pavilyonuna öyrəşənlər adətən tətilləri o qədər sevmirlər. Siz necə?

- Bu fikirlə razıyam... Mən artıq 25 ildir ki, məzuniyyət vaxtı istirahət üçün Yessentukiyə gedirəm. Bir az dirçəlib gəlirəm. O müddətdə görmək istəmədiyim adamları görmürəm, problemlərdən uzaqlaşıram, beynim sakit olur. 11 ay işləməyə güc var artıq. Amma ora gedəndə bir həftədən sonra iş üçün darıxıram. Teatr epidemiya kimidir. Biz bu işi sevdiyimizə görə gəlmişik. Sevdiyin yerə də tez qayıtmaq, yenə də "dəli" dostlarınla "qazıntılar" aparmaq istəyirsən.

- "Dəli" dostlar deyəndə obrazları nəzərdə tutursunuz?

- Yox, onları nəzərdə tutmuram. Bizə əvvəllər bir qədər başqa cür yanaşırdılar. "Bunlar az maaşla necə işləyirlər, heç yerə getmirlər?" - deyə bizə dəli kimi baxırdılar. Biz də onların yanından qaçıb öz "dəli" dostlarımızın yanına gəlirdik ki, bir yerdə özümüzü daha rahat hiss edək. Düzdür, indi baxışlar bir qədər dəyişib. Bilirsinizmi, onlar bilmirlər axı aktyorluq nədir? Sən əsərdə verilən obrazın beynini düşüncəsindən tutmuş ürək döyüntüsünə kimi tapmalısan. Yəni, yeni insan təqdim etməlisən. Mən həmişə deyirəm: bir qurban olduğum yeni insan yaradır, bir də aktyor. Fərq odur ki, Tanrı insanı sıfırdan yaradır. Biz isə bəzən 60 yaşında insanın dərdini özəlləşdirib öz dərdimiz edirik. Aktyorluq ömür qısaldan sənətdir. Normal aktyor ayda 8-10 insanın dərdini içindən keçirir. Keçirməsən, zalda oturan tamaşaçı sənə inanmayacaq. Üzünə baxıb əsnəyə də, durub gedə də bilər... Bu, bir az qəliz sənətdir. Tamaşaçıya nə verirsən, onu da qəbul edir. Normal qida versən, teatrın qapısını sabah da, birisi gün də açacaq. Aktyorluq həm sənət baxımından çətindir, həm də gərək oturuşunu-duruşunu, səsinin tonunu biləsən. Digər tərəfdən, səninlə bağlı məlumatlar nə qədər örtülü qalsa, o qədər artıq söz-söhbətə yol açmaz. Yəni nə qədər gizlin olsan, o qədər sevimli olarsan.

- Sonuncu dəfə "Xanuma" tamaşasında Knyazınıza baxmışam. Bu tamaşada "komik aktyor" ampluası daha çox üzdədir. Bilmirəm, haqqınızda bu fikir aktyorluq karyeranıza mane olur, yoxsa sizə kömək edir?

- Komediya ən çətin janrdır. "Xanuma" da komediyadır. Bu tamaşada mənim improvizələrim çoxdur. Amma "amplua" sözünü xoşlamıram. Aktyora "insan mühəndisi" deyirlər. Yəni yeni insan hazırlaya bilir. O insan müxtəlif xarakterdə ola bilər. Məsələn, taxta işi ilə məşğul olan dülgər döşəmə də, pəncərə də, qapı da düzəldir. Aktyor da dərdli adamın da obrazını yaratmalıdır, ziyalının da, ağıldan kəmin də... İndiki zamanda komediya oynamaq da çətindir, ciddi dram da. Camaatın o qədər problemi var ki, komediyaya gələndə də üzləri gülmür. Toya gedirsən, heç kimin üzü gülmür. Yaxşı komediyada 10-15 dəqiqədən sonra donları açılır. Evdəki soyuducunun boş olmasını, borclarını yaddan çıxarır, saat yarım ərzində hər şeyi unudurlar. Tamaşaçı gülürsə, bu, savabdır. Ona görə həm güldürmək, həm də dərdə ortaq olmaq çətindir .

- "Azdrama"da bir neçə rejissorun quruluşunda tamaşalarda oynamısınız. Fərqli yanaşmalar və üslublar arasında keçid etmək çətindir?

- Məşq prosesi bizə kömək edir. Mən buna "qazıntılar" deyirəm. İlk növbədə insanın xarakterini tapmalısan. Əvvəlcə insanı yaradırsan, sonra onun başına gələn hadisələrin içindən keçirsən. Bu baxımdan, bu sənətin tavanı yoxdur, öyrəndikcə qurtarmır. Hər rol alanda "görəsən, bu obrazı ərsəyə gətirə biləcəyəmmi?" - deyə düşünürsən. Mən məşqdən zövq alan aktyoram. Çünki yaradıcılıq, tapıntı məşqdə olmalıdır. Tamaşa vaxtı eləsən, bu, özfəaliyyətdir. İmprovizələri çox xoşlayıram. Məsələn, qəlbimdə hiss edirəm ki, bax, burada bu sözə ehtiyac var. Yarım dəqiqə tez və ya gec desən tutmayacaq, həmin anda istifadə etmək lazımdır. Onda da zaldakı 500 nəfər yaxşı mənada "partlayacaq".

- Tez- tez müasir teatrdan, repertuar teatrının köhnəlməsindən danışırlar. Ənənəvi teatrı hər hansı təhlükə gözləyirmi?

- Bura Akademik Milli Dram Teatrdır. Bu, təbliğat briqadası deyil ki, bu gün filan şey tələb olsun, onu verəsən. Əlbəttə, dövrün nəbzin tutmalısan. Məsələn, Qarabağ torpağı işğaldan azad olunub. Bu barədə tamaşa hazırlamasan günahdır. Amma "Bu gün poçt işçiləri və ya dənizçilər günüdür" deyə tamaşa hazırlamamalıyıq. Bu teatrın öz dəst-xətti var, onunla da gedir. "Planka" bu teatra layiq olmalıdır. Bəzi dövrlərdə bu "plankanı" elə aşağı salmışdılar ki, üzərindən atlanmaq lazım deyildi, elə üstündən keçib gedirdilər. Olimpiya yarışlarına 2 m hündürlüyə tullanan idmançını aparırlar ki, bundan da hündürə tullanıb çempion olsun. Sənət də elədir. Hər kəsin öz hündürlüyü var. Onu tullana bilənlər teatrda işləməlidir. Yoxsa bu akademik teatr yox, özfəaliyyət dərnəyi olar. Ona görə bu teatra hansı aktyoru və rejissoru da dəvət edəndə fikirləşməlidirlər. Teatrın rəhbərliyi, bədii rəhbər həmişə bu "plankanı" yerində saxlamaq haqqında düşünməlidir.

- Fikirlər var ki, Şekspirin "Dahi"si, Tolstoyun "Hərb və sülh"ü kimi qalın romanları oxumaq indi çoxuna maraqlı olmadığı kimi, uzun tamaşalara baxmağa da tamaşaçının hövsələsi yoxdur. Səhnə əsərləri daha qısa, daha lakonik, daha hərəkətli olmalıdır...

- Bu, tamaşanın keyfiyyətindən asılıdır. Tamaşa var ki, tamaşaçını 3 saat da zalda saxlayar. Tamaşaçı heç bilməz bu vaxt haradan gəlib keçdi. Amma 45 dəqiqə ərzində oynanan tamaşa da var ki, tamaşaçı "nə vaxt qurtarar?" - deyə ayağını qaçaraq qoyur. Gərək tamaşaçını maraqlandıra biləsən. Belə bir şey var: tamaşaçıya silləni başlayan kimi tutuzdura bilməlisən. Bacarmasan, tamaşa get-gedə sönük olacaq. Tamaşaçı da çox duyğusal və tələbkardır. Ona münasibətdə suyu üfürə-üfürə içmək lazımdır. Artıq 55 ildir peşəkar səhnədəyəm. Elə vaxt olub xəstə gəlmişəm, temperaturum olub, dublyor olmadığından məcbur qalıb səhnəyə çıxmışam. Amma tamaşanı elə canlandırmışam ki, səhnədə də sağalmışam. Səhnə elə bil müalicəvi yerdir, səni xəstəlikdən çıxarır.

- Siz kinolarda da çəkilmisiniz, serialda da. Özünüzü nə qədər kinoya aid hiss edirsiniz?

- Gənc Tamaşaçılar Teatrında çalışanda Aktyorlar evində yerləşirdik. Bizim üçün bina tikirdilər. Tez-tez qastrollara gedirdik. Filmlər də o dövrdə çəkildi. Sonuncu çəkildiyim film Eldar Quliyevin "Dərvişin qeydləri" oldu.

- Deyəsən, o filmi bəyənməmisiniz...

- Filmi həm bəyənmədim, həm də səsləndirməsi xoşuma gəlmədi. Adətən aktyor deyən fikirləri rejissorlar qəbul edirlər. Mən teatrda da deyirəm, keçir də... Amma Eldar müəllim qəbul eləmirdi. Həm də səsləndirməni aktyor Sabir Məmmədova verdi. Mənim axı orada nəfəsim, hisslərim var. Bunu başqası mənim kimi edə bilərmi? Əlbəttə, yox... Bu kimi məsələlərə görə razı qalmadım.

- İnstitutda ixtisasdan dərs deyirdiniz. Tələbələrdə vaxtilə özünüzdə olan entuziazmı görmədiyiniz üçün auditoriyadan uzaqlaşdınız?

- Mən dərs deməyə pula görə getmirdim. Cəmi 130 manat pul alırdım. Sadəcə, istəyirdim bildiyimdən öyrədim. Müşahidə etdim ki, tələbələr təsadüfən gəlirlər. Əvvəllər 300 nəfər sənəd verirdisə, kurs rəhbəri "güman var ki, 15 nəfərin içindən ikisi aktyor olsun" deyə özü seçirdi. İndi kimin balı uyğundursa aktyorluğa gəlir. Amma baxırsan ki, heç zahirən də uyğun gəlmirlər. Deyəndə ki, aktyorluğa uyğun deyilsiniz, biri deyirdi "atam məni başqa yerə düzəldəcək", biri deyirdi "dayım mənə başqa yerdə iş tapacaq". Mən də dedim ki, məşqdən icazə alıram, həşirlə gəlirəm, siz də oxumaq istəmirsiniz... Oturub ərizəmi yazdım, gücüm özümə çatdı...

- Özünüzü rejissor kimi sınamaq fikrinə düşməmisiniz?

- Hər kəsin öz işi var. Mən həmişə öz rolumun rejissoru olmuşam. Bütün tamaşaya rejissor cavabdehdir. Rejissorlara da deyirəm: tamaşaya siz cavabdehsiniz, amma imkan verin, öz rolumun öhdəsindən gəlim. Əvvəlcə bu insanı yaradaq, sonra əlavələri deyərsiniz. Bəziləri də "filan rolu oynadım" deyir. Bu fikir düz deyil: domino, nərd oynayarlar. "Kağız üzərində quru yazılmış mətni canlandırdım, beyni işləyən, ürəyi döyünən insana çevirdim. Səhnəyə çıxarıb saat yarım gəzdirdim". Bu, daha məntiqlidir.

- Qardaşınız İlham Namiq Kamalla aranızda hansı oxşarlığı və fərqi görürsünüz?

- İlhamla lap uşaqlıqdan tərəf-müqabil olmuşuq. Dram Teatrında da 3-4 tamaşada tərəf-müqabil kimi səhnəyə çıxmışıq. İlham yaxşı tərəf-müqabildir, ayıqdır. Mənim də ayıq aktyorlardan xoşum gəlir. O, bir işi sona qədər çatdırmağı xoşlayır.

- Heç yorulduğunuz və ya bezdiyiniz anlar olur? Məsələn, "artıq çıxıb getmək lazımdır", - deyə atıb hər şeyi getmək istəyirsiniz...

- Yox, mən bu sənətdən zövq alıram. İşinə tələbat olmayanda adam özünü yararsız hesab edir. İstifadəsiz olmaq ölmək kimi bir şeydir, elə bil həyatda yoxsan. Şükür ki, mənə hələ tələbat var. Mən də çalışıram rejissorun üzünü ağ edim ki, "buna nə üçün rol verdim?" deməsin. Rollarımın hamısından razıyam, əksəriyyəti alınıb. Çünki can qoymuşam, elə-belə heç nə alınmır. Bu teatra gələn gündən bir də ayıldılar ki, repertuardayam. Məni Həsənağa Turabov dəvət etmişdi. Burada bir az "dimdikləmək" vardı. Amma məni "dimdikləyə" bilmədilər, bir də gördülər repertuardayam. Zəhmət çəkəndə də bəhrəsini görürsən.

- Söhbətin əvvəlində gülüşün vacibliyindən danışdınız. Sizcə, gülüş həqiqətən ömrü uzadır? Bəs gülə bilməyəndə nə olsun?

- Mənim rol aldığım komediyalarda hələ zaldan gülməyən adam çıxmayıb. Məndə incə gülüşdür, bayağı deyil. Şəxsən özüm də istərdim ki, 5-10 manat verim, iki saat güldürsünlər. Amma bu işi mən boynuma çəkmişəm...


Etiketlər:  Cəfər Namiq Kamal Aktyorluq ömür qısaldan sənətdir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ