Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2024 06:36
Baku TV-də özünü "ömürlük prezident" və Şotlandiya kralı elan edən diktator, Uqandanı 8 ildə viran qoyan və yarım milyon insanı öldürən kannibal İdi Amin haqqında araşdırma materialı yayımlanıb.
Fiziki gücü və qəddarlığı ilə fərqlənən İ.Amin deyilənə görə ağıllı adamların ətini sözün əsl mənasında yeyirmiş ki, savadları ona keçsin.
1962-ci ildə Uqanda müstəqillik qazanır və o zaman kapitan rütbəsində olan İ.Amin Baş nazir Milton Obote ilə dostlaşır. İ.Aminin köməyi ilə M.Obote kral II Edvard Mutesanı devirir və 1966-cı ildə özünü prezident elan edir. İ.Amin isə Silahlı Qüvvələrin baş komandanı olur.
Korrupsiya və rüşvətxorluqla məşğul olan, həmçinin həbs olunacağından qorxan İ.Amin 1971-ci il yanvarın 25-də M.Obote səfərdə olarkən dövlət çevrilişi edir və prezident səlahiyyətlərini ələ keçirir, qısa zamanda özünü Uqandanın daimi prezidenti elan edir.
7 arvadı olan İdi Amin 3 arvadının cangüdənləri ilə bayram keçirdiyini eşidəndə radioya çıxaraq arvadlarının gəzəyən olduqlarını deyir və onları boşadığını elan edir. Bir müddət sonra arvadlardan biri parçalanmış vəziyyətdə tapılır və hamının, o cümlədən övladlarının da görməsi üçün meyiti xəstəxananın qarşısında nümayiş etdirir.
İnsan ətinin duzlu olduğunu açıq deyən prezidentin naharı olmaqdan qorxan savadlı insanların çoxu ölkəni tərk edir və bununla da ölkədə savadsızlıq, cahillik başlayır.
1978-ci ildə İ.Amin keçmiş prezident M.Oboteyə siyasi sığınacaq verən Tanzaniyaya müharibə elan edir. Sosialist ölkələrinin dostu Tanzaniyaya hücum edən diktator SSRİ-nin dəstəyini itirir və 1979-cu ildə məğlub olur.
11 aprel 1979-cu ildə diktator Kampaladan Liviyaya qaçır. Bir neçə aydan sonra Səudiyyə Ərəbistanına köçür.
1989-cu ildə Uqanda xalqının onu yenidən lider görmək arzusunu xəyal edən İ.Amin Uqandaya hücum etmək barədə fikirləşir, lakin heç nə edə bilmir.
Hər gün təhdid dolu məktublar və zənglər alan İ.Amin ömrünün sonlarına yaxın qan təzyiqindən əziyyət çəkir. Komaya düşən diktator 2003-cü il avqustun 16-da Ciddə şəhərinin xəstəxanalarından birində 78 yaşında vəfat edir. O, xalqından etdiklərinə görə heç vaxt üzr istəməyib və heç bir çıxışında peşmanlığını bildirməyib.