Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qəbələ”nin dağılması bağışlanılmaz olar” – Qurban Qurbanov

“Qəbələ”nin dağılması bağışlanılmaz olar” – Qurban Qurbanov

Tarix: 4 Dekabr 2019 15:40

“Qəbələ” özünün ən ağır dövrünü keçirir. İki dəfə ölkəmizi Avropa Liqasının qrupunda təmsil edən, yaratdığı Futbol Akademiyası ilə Azərbaycana xeyli istedadlı oyunçu bəxş etmiş bu klub maddi problemlər səbəbindən dağılmaq təhlükəsi qarşısında qalıb.

Buna səbəb isə yarandığı ilk gündən “Qəbələ”yə sponsorluq etmiş “Gilan Holdinq”in 2020-ci ilin yanvar ayının 1-dən himayədarlığını dayandıracağını elan etməsidir. Bu o deməkdir ki, faktiki olaraq, gələn aydan başlayaraq, klub sponsorsuz qalır və komandanın xərclərinin necə ödəniləcəyi, o cümlədən futbolçuların maaşlarını necə verəcəyi sual altına düşür.

Yaranmış durumla bağlı AFFA-nın baş katibi Elxan Məmmədov deyib ki, bu məsələ qurumun İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə olunacaq. İndiki durumda futbol ictimaiyyətinin də ümidi yalnız onadır ki, gələcəkdə “Qəbələ”yə sponsor tapılacağı günə qədər kluba yalnız AFFA kömək edə bilər.

Qol.az saytı “Qəbələ” klubu ilə bağlı problemin ciddiliyini nəzərə alaraq, AFFA İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqov və Qurban Qurbanova, Milli Məclisin deputatı Aqil Abbasa, eləcə də bu klubun yetirməsi olmuş, milli komandamızın üzvü Bəhlul Mustafazadəyə müraciət edib.

Vaqif Sadıqov: “Azərbaycan futbolu “Qəbələ”ni tək qoymamalıdır”

İcraiyyə Komitəsi üzvü Vaqif Sadıqov deyir ki, “Qəbələ” Azərbaycan futbolunun inkişafında böyük xidməti olan klublardandır: “Hazırda Azərbaycanın bütün yaş qrupu üzrə milli komandalarında  “Qəbələ”nin 6-7 futbolçusu oynayır. “Qəbələ”ni həmişə Azərbaycan futbolu maraqlandırıb. Bu gün isə Azərbaycan futbolu “Qəbələ”ni tək qoymamalıdır”.

Vaqif Sadıqov deyir ki, bu il “Qəbələ”nin Premyer Liqada iddialı olmamasının belə çempionata təsiri var: “Futbolda zəncirvari bağlılıq var. Aşağıdan- kütləvi futboldan, uşaq futbolundan başlayaraq birinci divizion, milli çempionat, zirvədə olan milli komandalar - bunlar bir-birinə bağlı olan məsələdir. Hardasa bir boşluq olanda istər-istəməz sonluq milli komandaya toxunur. Nəticədə milli komandada istənilən səviyyədə futbolçuların sayı da azalır, istər-istəməz nəticə baxımından da uğurlu olmur”.

V.Sadıqov bildirir ki, AFFA İcraiyyə Komitəsinin gözlənilən iclasında irəli sürülən təklif klub üçün faydalı olmalıdır: “Bu təkliflər “Qəbələ”ni yaşatmaq və Azərbaycan futboluna bu cür keyfiyyətli xidmət göstərmək üçün yönəlməlidir”.


Qurban Qurbanov: "Qəbələ" ilə bağlı vəziyyət bütün Azərbaycan futbolunu narahat edir"

AFFA İcraiyyə Komitəsinin digər üzvü Qurban Qurbanov Qol.az saytına açıqlamasında bununla bağlı deyib: “Düzü, mənim bu klubun içində olan söhbətlərdən xəbərim yoxdur. Sadəcə saytlarda çıxan yazılarda oxuyuram ki, klubun büdcəsi çox zəifləyib. Görünən odur ki, keçən ildən bu yana komandadan xeyli sayda futbolçular gedib. Çox səviyyəli legionerləri var idi. Görünür, komanda əvvəlki illərdəki kimi qarşısına məqsəd qoymur. Amma “Qəbələ”nin yanvar ayında dağılacağına inanmıram. Klub dağılsa, bu, əlbəttə Azərbaycan futboluna böyük zərbə olacaq. Buna imkan verməmək lazımdır. Hər bir halda rəhbərliklə görüşüb müzakirələr aparılsa, daha yaxşı olar. Ondan sonra daha ətraflı fikir bildirmək mümkündür”.

Qurban Qurbanov deyib ki, klubun bu vəziyyəti düşməsi bütün Azərbaycan futbolunu narahat edir: “Qəbələ” həqiqətən infrastrukturu ən yaxşı olan klublardan biridir. Hazırda uşaq futboluna böyük yer ayırır. Bölgələrdə belə bir klubun olması Azərbaycan futboluna çox böyük kömək idi. Bütün klublarda “Qəbələ”nin yetirmələri var. Qonşu rayon və şəhərlərdə çoxsaylı futbolçu axtarışında olurlar, nə qədər futbolçuları gətirib öz akademiyalarında yerləşdirirlər. Belə bir klubun dağılması bağışlanılacaq bir şey deyil. Hər bir halda klubun indiki durumunu araşdırmaq lazımdır. Düşünürəm ki, ola bilər, müvəqqəti çətinlikdir”.

Müxbirimizin “Bu yaxınlarda AFFA-nın baş katibi Elxan Məmmədov deyib ki, klubun taleyi ilə bağlı AFFA İcraiyyə Komitəsində müzakirə aparılacaq. Komitənin üzvü kimi sizin yaranmış vəziyyətlə bağlı hər hansı fikriniz, təklifiniz olacaqmı?” sualına Q.Qurbanov belə cavab verib:

“İcraiyyə Komitəsində bu məsələnin hansı formada müzakirə olunacağını bilmirəm. Həmişə bildirmişəm ki, komandaların sayını artırmaq lazımdır. Çempionatla bağlı nə vaxt müzakirələr olunubsa, orada həmişə komandaların sayının artırılmasının tərəfdarı olmuşam. “Qəbələ” ilə bağlı problemlə əlaqədar iclasda, yerindəcə fikir bildirmək  bizim üçün daha asan olacaq. İstənilən halda “Qəbələ”nin dağılmasına imkan vermək olmaz. Stadionları, bazası, akademiyası çox yaxşıdır. Azərbaycanda belə bir infrastruktura malik olan klub yoxdur”.

Aqil Abbas: “AFFA Bakı klublarına pul ayırdığı kimi “Qəbələ”nin də qolundan tutmalıdır”

Millət vəkili Aqil Abbas bildirir ki, hazırkı durumda AFFA kluba maliyyə dəstəyi göstərməlidir: “Necə ki, paytaxdakı bəzi klublara dəstər verilir, AFFA “Qəbələ”yə də bu çətin vəziyyətdə əl uzatmalıdır. Ən azı ona görə, bu klubun dağılması Azərbaycan çempionatının yox olması demək olacaq. Birincisi, “Qəbələ”də olan infrastruktur Azərbaycanın heç bir komandasında yoxdur - nə “Qarabağ”da, nə də “Neftçi”də. Akademiyası da işləyir. Hazırda ölkədə oynayan futbolçuların çoxu “Qəbələ” akademiyasını yetişdirmələridir. Gənclər də inkişaf edir və çox gözəl oynayırlar. Komanda da özünü toparlayır. Əsas məsələ nədir? Əsas məsələ“Qəbələ”nin maddi məsələsidir. Prezidenti dəyişib, amma bu demək deyil ki, klubdan təmiz əllərini çəkiblər. “Qəbələ”yə təxminən büdcədən 1 milyon ayrılıb. Yaxşı olardı ki, AFFA Bakı klublarına pul ayırdığı kimi belə çətin anlarda “Qəbələ”nin də qolundan tutsun. AFFA komandanın özünü və oyunçuları saxlaya bilməsi üçün “Qəbələ”yə müəyyən qədər pul ayırmalıdır”.

Millət vəkili bildirir ki, hazırda Azərbaycan Premyer Liqasında iştirak edən bu bölgə klubunun dağılmasına imkan vermək olmaz.

Bəhlul Mustafadazə: “Qəbələ” haqda xəbərləri oxuyuram və çox pis oluram”

Hazırda “Sabah” klubunda çıxış edən millimizin müdafiəçisi, “Qəbələ” Futbol Akademiyasının yetirməsi Bəhlul Mustafazadə də yaranmış durumdan narahatdır:

“Qəbələ” mənim həm futbolçu, həm də şəxsiyyət kimi formalaşdığım yerdir. Futbolçu həyatımda çox böyük rolu var. Orada çox inkişaf etmişəm. 13-14 yaşımızda bizi İngiltərəyə, Braziliyaya aparırdılar. Düşünürəm ki, bunu indiyə qədər Azərbaycanda heç bir klub etməyib. Klub çox böyük əziyyət çəkib. Təkcə mən deyil, hazırda “Qəbələ”nin bir çox yetirməsi Premyer Liqada çıxış edən klublarda oynayır. Komandanın mövcud vəziyyəti barədə xəbərləri oxuyuram və çox pis oluram. Ümid edirəm ki, komanda yenidən sponsor tapacaq. “Qəbələ” dağıla bilməz”.

B.Mustafazadə deyir ki, “Qəbələ” dağılarsa, bu, bütün Azərbaycan futbolu üçün böyük bir itki olacaq: “Düşünürəm ki, “Qəbələ” indiyə qədər Azərbaycanda uşaq futbolu üçün ən çox əziyyət çəkən klubdur. Dağılmasını istəmərəm. Düşünürəm ki, sponsor olduğu halda klub ayaqda qalacaq. Əsas olan maddiyyatdır. Çünki klubu idarə edən şəxslər futbolu yaxşı bilən adamlardır. Onların “Qəbələ”ni ayaqda saxlayacağına əminəm”.


Elxan Məmmədov: "Qəbələdəki infrastrukturu itirmək olmaz"



Bu günlərdə AFFA-nın baş katibi Elxan Məmmədov dövlət radiosuna müsahibəsində deyib ki, “Qəbələ”nin durumu AFFA İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq: “Biz istərdik ki, qəbələli iş adamları kluba dayaq olsunlar. “Qəbələ”nin futbol akademiyası, əla infrastrukturu var. Oradan üzə çıxanlardan biri elə millinin son oyunlarında əsas heyət üzvünə çevrilən Bəhlul Mustafazadədir. Eləcə də digər klublarda çıxış edən “Qəbələ”nin yetirmələrinin adlarını çəkmək olar. İstəməzdik ki, “Qəbələ” klubu fəaliyyətini dayandırsın. Ümid edirəm ki, belə problem olmayacaq. Ordakı infrastrukturu itirmək olmaz. “Qəbələ”nin 6 təbii, 2 süni meydançası var. Klub strukturu peşəkar səviyyədə fəaliyyət göstərir”.

 


Etiketlər:  Qəbələnin dağılması bağışlanılmaz olar Qurban Qurbanov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ