Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2019 09:22
Bakı. Elnur Bağışov - Trend:
İran və Azərbaycan ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində çoxlu müsbət addımlar atıblar.
Trend-in məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayevlə görüşdə deyib.
H.Ruhaninin sözlərinə görə, iki ölkənin yüksək səviyyəli rəsmilərinin səfərləri və Azərbaycan Prezidenti cənab İlham Əliyevin məktubu iki ölkə münasibətlərinin inkişafına böyük töhfə verir.
İran Prezidenti əlavə edib ki, rəsmi Tehran iki ölkə arasındakı razılaşmalar və əməkdaşlıqların icrasından razıdır və Bakıda Azərbaycan Prezidenti ilə əldə olunan razılaşmaların tam şəkildə və tez bir zamanda icra olunmasına ümid edir:
“Birgə layihələr, xüsusilə də Xudafərin bəndi və elektrik stansiyası sahəsindəki layihələrdə əməkdaşlıq iki ölkə münasibətlərinin inkişafında dirçəliş yarada bilər. Həmçinin iki ölkənin sərhəd zonalarında elektrik stansiyasının inşa edilməsi böyük əhəmiyyət kəsb edir".
H.Ruhani Rəşt-Astara dəmiryolu ilə əlaqədar birgə layihənin tez bir zamanda icra ediləcəyinə ümidvar olduğunu qeyd edib:
“İran İslam Respublikası Xəzər dənizində neft kəşfi və çıxarılması üzrə birgə layihələrin icrasını ciddi şəkildə izləyir. Bu məsələlərin iki ölkənin birgə komissiyasının iclasında dəqiq şəkildə araşdırılacağına ümid edilir”.
Elm və texnologiya münasibətlərinin inkişafının əhəmiyyətini vurğulayan İran Prezidentinin sözlərinə görə, birgə sənaye parkının yaradılması ikitərəfli münasibətlərin inkişafı ilə nəticələnəcək.
H.Ruhani turizm və ətraf mühit məsələlərinə diqqət yetirməyin vacibliyini qeyd edib:
“Ümid edirəm ki, iki ölkənin bu sahələrdə, əsasən də Xəzər dənizində faydalı və effektiv əməkdaşlığı olacaq”.
Ş.Mustafayev öz növbəsində deyib ki, hazırda iki ölkənin bütün sahələrdə əməkdaşlıqları inkişaf etməkdədir. Belə ki, iki ölkənin ticarət dövriyyəsi 2014-cü ildən indiyədək üç dəfə, Azərbaycanda fəaliyyət göstərən İran şirkətlərinin sayı isə ötən bir ildə 50% artıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin