Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2019 12:51
Bakı. Ceyhun Ələkbərov - Trend:
Dekabrın 5-də Bakıda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə “Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda seminar işinə başlayıb.
Trend-in məlumatına görə, tədbirdə çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov tanınmış beynəlxalq ekspert-hakimlərin iştirak etdikləri seminarın əsas məqsədinin Prezident İlham Əliyevin təşəbbüsü və göstərişləri ilə məhkəmə-hüquq sistemində aparılan islahatlara dəstək vermək və əqli mülkiyyət sahəsində məhkəmə mübahisələrindəki beynəlxalq təcrübənin, ixtisaslaşmış əqli mülkiyyət məhkəmələrinin təcrübəsindən bəhrələnməkdən ibarət olduğunu söyləyib.
Kamran İmanov deyib: “Müasir dövrdə Azərbaycanın inkişafı, o cümlədən əqli mülkiyyət sistemində ölkəmizin islahatçı dövlətlərin avanqardına daxil olması, beynəlxalq nüfuzunun artması imkan verir ki, yeni paradiqma, yeni baxış mövqeyindən, zamanın çağırışına uyğun olaraq, diqqətimizi hüquqların müdafiəsinin təminatına yönəldək. Həqiqətən, “Doing Business 2020” reytinqinə görə, 20 ölkə sırasına daxil olan, Rəqabətqabiliyyətlilik İndeksinə əsasən, hökumətin gələcəyə yönəlmiş fəaliyyətinə, uzaqgörənliyinə görə 10-cu yeri tutan, dəyişikliklərə, islahatlara reaksiyasına görə 5-ci olan Azərbaycan “əqli mülkiyyətin qorunması” göstəricisinə görə 30-cu yerdə qərarlaşıb. Yəni ölkəmizdəki kardinal dəyişikliklər Azərbaycanın 4-cü sənaye inqilabının fəal iştirakçısı və innovativ inkişaf yolunda olması öz əksini əqli mülkiyyət sahəsində də tapır. Diqqəti cəlb edən odur ki, 2015-2016-cı illərdən, yəni islahatların yeni mərhələsindən başlayaraq, “əqli mülkiyyətin qorunması” göstəricisi ardıcıl olaraq yaxşılaşır. Azərbaycan Rəqabətqabiliyyətlilik İndeksində 92-ci yerdən 2016-2017-ci illərdə 71-ci, 2017-2018-ci illərdə 37-ci, sonra 36-cı və nəhayət, 2019-cu ildə 30-cu yerdə qərarlaşmışdır. Bütün bunlar Prezident İlham Əliyevin islahatlarının dərinləşməsinin qiymətləndirilməsidir, islahatların davamlığına verilən beynəlxalq dəyərin, bir tərəfdən dövlət başçımızın iqtisadi strategiyasının doğru yolda olmasıdır, digər tərəfdən institusional islahatların, o cümlədən əqli mülkiyyət sahəsində həyata keçirilməsinin nəticəsidir”.
Seminarda mövzu ətrafında çıxışlar olub, məruzələr dinlənilib və müzakirələr aparılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin