Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2019 09:36
Bakı. Trend:
Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
DGK-dən Trend-ə verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan Komitə sədri Səfər Mehdiyev Azərbaycanla Macarıstan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edib, əlaqələrin bundan sonra da müsbət məcrada inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verən S.Mehdiyev Prezident İlham Əliyevin gömrük sistemində həyata keçirdiyi islahatların Azərbaycan gömrüyünün beynəlxalq aləmdə etibarının artmasına, müasir texnologiyaların və innovativ layihələrin tətbiq edildiyi qabaqcıl, mütərəqqi quruma çevrilməsinə şərait yaratdığını diqqətə çatdırıb.
Komitə sədri qarşılıqlı əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü deyib, Azərbaycan və Macarıstan gömrük xidmətləri arasında əməkdaşlıqdan söhbət açıb. S.Mehdiyev bu əlaqələrin daha da intensivləşdirilməsinin, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi Azərbaycanda sürətli iqtisadi inkişaf tempindən, gömrük sistemində aparılan islahatlardan məmnun qaldığını bildirib, ölkələrimiz arasında iqtisadi, siyasi və mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirib.
Səfir ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edərək, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğunu və bu potensialdan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb. Macarıstan ilə Azərbaycan arasında gömrük sferasında əməkdaşlıq əlaqələrinə də nəzər salan qonaq iki ölkənin uyğun qurumlarının müsbət məcrada inkişaf edən qarşılıqlı əməkdaşlığından razılıqla danışıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin