Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2025 14:24
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Sosial sığorta haqqında", "Dövlət qulluğu haqqında", "Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xaricdə beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşının dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləyən arvadının (ərinin) ərizəsində göstərdiyi gün onun əmək müqaviləsi ləğv edilə bilər.
Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xaricdə beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşının Azərbaycan Respublikasının dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləmiş və bu Məcəllənin 69-cu maddəsinin 3-1-ci hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinə xitam verilmiş arvadı (əri) diplomatik xidmət orqanı əməkdaşının müvafiq diplomatik nümayəndəlikdə və ya konsulluqda, yaxud xaricdə beynəlxalq təşkilatın orqanında işlədiyi müddətdə və ya bu müddət başa çatdığı tarixdən 60 (altmış) təqvim günü keçənədək əvvəlki vəzifəsini (peşəsini) tutmaq üçün müraciət etdikdə onun peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlanılmaqla həmin vəzifəyə (peşəyə), bu mümkün olmadıqda isə ona bərabər başqa vəzifəyə (peşəyə) təyin olunur.
Bundan başqa, Vergi Məcəlləsinin 102.1.1-ci maddəsi aşağıdakı redaksiyada verilib:
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarına, habelə "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 13.15-ci və 13.16-cı maddələrində nəzərdə tutulan şəxslərə həmin Qanunun 12.5-ci və 13-cü maddələrinə uyğun olaraq ödənilən müavinətlər, kompensasiyalar və aylıq əlavə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə dövlət məvacibi istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq ödənilən bütün növ ödənişlər, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən və Azərbaycan Respublikasının vətəndaşı olmayan işçinin əməkhaqqı.
Konsulluqlar öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələri, "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununu, bu Nizamnaməni və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını rəhbər tutur, eləcə də qəbul edən dövlətin qanunvericiliyini nəzərə alır.
Qəbul edən dövlətin ərazisinin konsulluğun konsul dairəsinə aid olmayan hissəsində, həmçinin konsulluğun olmadığı xarici dövlətdə konsul funksiyalarını həmin dövlətdə akkreditə olunan Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi həyata keçirir.
Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə dövlət məvacibi (əməkhaqqı), təminat və kompensasiyaların verilməsi "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.5-ci və 13.15-ci maddələrinə uyğun olaraq müəyyən edilir.
Bu Qanunun 20.1.7-ci və 20.1.8-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar diplomatik xidmət əməkdaşlarına və onların ailə üzvlərinə şamil edilir.
Qeyd edək ki, dövlət başçısı sözügedən sənədlə bağlı fərman imzalayıb.