Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2019 13:12
Bakı. Samir Əli - Trend:
Əli Kərimli, Cəmil Həsənli və bu kimi şəxslər yenə də xarici maraqlı dairələrin sifarişi və göstərişi ilə hərəkət edir, onların tapşırıqlarını yerinə yetirirlər.
Bunu Trend-ə açıqlamasında Ana Vətən Partiyasının sədr müavini, siyasi şərhçi Arzuman Abdulkərimov müxalifətin seçkiləri boykot etməsi barədə səsləndirdikləri fikrə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, fevralın 9-da keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkiləri Azərbaycan Konstitusiyasına və qanunlarına tamamilə uyğundur: "Prezident İlham Əliyev ölkədə bütün sahələr üzrə islahatlara başlayıb. Bu islahatların artıq iqtisadi səmərəsini, faydasını cəmiyyətin hər bir üzvi görməkdə, hiss etməkdədir. Davam edən bu islahatlar hakimiyyətin bütün qanadlarını əhatə edir, o cümlədən, qanunvericilik hakimiyyəti olan Milli Məclisin fəaliyyətini də özündə ehtiva edir. Ona görə də burada qeyri-adi heç nə yoxdur. Lakin müxalifətin radikal qanadı olan AXCP-nin və "Milli Şura"nın buna etiraz etmələri, səsləndirdikləri narazılıq dolu bəyanatlar, boykot çağırışları onların toplumdan, real siyasi proseslərdən nə qədər uzaq düşdüklərini göstərir. Növbədənkənar parlament seçkilərində əksər siyasi partiyaların, ictimai təşkilatların, ziyalıların, gənclərin, bir sözlə, cəmiyyətin ən müxtəlif qruplarının iştirak edəcəkləri barədə bəyanatları və açıqlamalarını izləyirik. Amma yenə də "Milli Şura" - AXCP bu prosesdən kənarda qalmağa və nəticəsiz, mənasız boykota çağıran fikirlər səsləndirməyə başlayıb".
Partiya rəsmisi bildirib ki, onlar hər zaman mənasız bəyanatlar vermiş, böhtan, yalan və şantajla məşğul olmuşlar: "Bu yolla istədiklərinə nail olmağa çalışıblar, lakin hər zaman uduzublar. İndi də hədəfdə parlament seçkiləridir. Parlamentin fəaliyyətinə qara yaxmaqdadırlar. Onların tələblərini, daha dəqiq desək, cığallıqlarını anlamaq olmur. Partiyanın işi seçkilərdə iştirak olmalıdır. Buna görə də daim seçkiyə hazır olmaq lazımdır. Bu seçki növbədənkənar da ola bilər, nəzərdə tutulmuş tarix üzrə də. Sən əgər seçkiyə hazır deyilsənsə, partiyanı təşkilatlandıra bilməmisənsə, bəs bu illər ərzində nə işlə məşğul olmusan? Hər zaman seçki tələb etmirdiniz? Bu da seçki, bu da meydan. Buyurun, gəlin yarışın. Əgər qatılmırsınızsa, deməli sizin nə isə başqa, qaranlıq fikirləriniz var. Məncə, onlar seçki yarışında iştirak etməkdən daha çox, bayaq da qeyd etdiyim kimi, xarici qüvvələrin əli ilə ölkədə iğtişaş və narazılıq yaratmaq istəyirlər. Gücləri olsaydı, rəqabət aparmaq bacarıqlarına malik olsaydılar, mənasız bəyanatlar verməzdilər. Fikrimcə, onlar əvvəlcədən məğlub olacaqlarını bildikləri üçün belə taktika seçiblər. Yekun olaraq birmənalı şəkildə demək olar ki, radikal müxalifətin bu seçkidə heç bir şansı yoxdur, xalq tərəfindən dəstək ala bilməyəcək və seçkilərdə iştirak etmədikcə siyasi tarixdən silinəcək".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin