Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2025 22:38
Azərbaycanda yolların keyfiyyəti ilə bağlı narazılıqlar zaman-zaman gündəmə gəlir. Sürücülərin ən çox qarşılaşdığı problemlərdən biri də yolda qəfil yaranan çuxurlardır. Bu cür hallarda avtomobilin alt hissəsi, təkərləri, amortizator və sükan sistemləri zərər görə bilər. Bəs belə hallarda zərəri kim ödəməlidir?
"Yol Hərəkəti Haqqında" Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin 5-ci bəndinə əsasən yolların hərəkət təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində baş vermiş yol-nəqliyyat hadisələri zamanı səhhətinə, eləcə də nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməsini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada tələb etmək yol hərəkəti sahəsində fiziki şəxslərin hüquq və vəzifələri sırasındadır.
Bakıda yoldakı vəziyyət sürücünü maddi ziyana saldı - yenilənib - VİDEO - FOTO
Hüquqşünasların fikrincə avtomobilə yol çuxuruna görə dəyən zərərə görə məsuliyyət yolun balansında olduğu qurumun üzərinə düşür. Bu, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və ya bələdiyyələr, icra hakimiyyətləri ola bilər. Yolun hansı quruma məxsus olduğu müəyyənləşdirildikdən sonra sürücü rəsmi şəkildə müraciət edə və dəymiş zərərin ödənilməsini tələb edə bilər.
Lakin təcrübədə bu, çox da asan olmur. Sürücü aşağıdakı addımları atmalıdır:
Hadisə yerində dərhal foto və videoçəkiliş aparılmalı - çuxurun ölçüsü, yolda heç bir xəbərdarlıq əlamətinin olmaması və avtomobilin dəymiş hissəsi aydın görünməlidir.
Polis çağırılmalı və protokol tərtib olunmalıdır.
Ekspertiza - avtomobilin servisdə baxışı və zərərin qiymətləndirilməsi sənədlə təsdiqlənməlidir.
Yolun sahibinə rəsmi müraciət edilməlidir - bu qurum dəyən zərəri könüllü ödəməzsə, məhkəmə iddiası qaldırıla bilər.
Əgər avtomobil kasko sığortalıdırsa, bəzi hallarda sığorta şirkətləri bu xərci ödəyir və sonradan zərəri səbəb olan quruma qarşı regres iddiası qaldıra bilər.