Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 17:22
Bakı. Samir Əli - Trend:
Dünyanın güclü ölkələri arasında Azərbaycanın 45-ci yerdə qərarlaşması real əsaslara malikdir və hər bir vətənpərvər azərbaycanlı üçün qürurvericidir.
Bu barədə Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev Amerikanın “U. S. News & World Report” jurnalının 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısını şərh edərkən deyib.
Onun sözlərinə görə, bu yüksək reytinqin Amerikanın peşəkar analitiklərinin qəti rəyi əsasında hazırlanması onun mötəbərliyini daha da artıran faktordur: "Siyahını tərtib edən Pensilvaniya analitikləri elə meyarlara söykəniblər ki, bugünkü Azərbaycan dövlətinin əldə etdiyi nəticələrə adekvatdır və dövlətimizin güc göstəricilərini əks etdirir. Əslində, Pensilvaniya mütəxəssislərinin öz tədqiqatları üçün əsas götürdükləri meyarların demək olar ki, hər biri üzrə Azərbaycan indiyə qədər ən müxtəlif beynəlxalq reytinq təşkilatlarının fərqləndirici qiymətlərinə dəfələrlə layiq görülüb və bu amil Pensilvaniya analitiklərinin gəldiyi qənaətlərin həqiqilik gücünü daha da artırır.
Amerika təhlilçilərinin istinad etdikləri meyarlardan biri ölkələrin iqtisadi vəziyyətidir. Bu meyar üzrə Azərbaycanın üstün nailiyyətləri bütün beynəlxalq platformalarda, xüsusən Davos Forumu tərəfindən dəfələrlə təsdiq edilib. Ölkəmizin qlobal rəqabət müstəvisində dözümlülüyə görə dəfələrlə ən öncüllər sırasında olması da təkzibolunmaz faktlardan biridir. Hərbi güc kriteriyası üzrə gəlinən nəticənin təsdiqi baxımından Azərbaycanın dünyanın ən güclü 50 ordusu sırasında özünə yer almasını qeyd etmək olar. Pensilvaniya mütəxəssislərinin siyasi təsir dairəsinə görə apardıqları araşdırmada Azərbaycana yüksək qiymət verməsinin ayrıca əsasları var. Ərazisi kiçik, əhalisi az, dənizlərə birbaşa çıxışı olmayan Azərbaycanın bütün Avrasiya miqyasında hansı siyasi təsir roluna sahiblənməsini dünyada hamı görür. BMT Təhlükəsizlik Şurasının müvəqqəti sədrliyi, Qoşulmama Hərəkatına sədrlik, Türkdilli dövlətlər Birliyində sədrlik, Avrasiyanın enerji, nəqliyyat, tranzit və logistika mərkəzinə çevrilmsi və bu kimi çoxlu sayda əhəmiyyətli faktorlar həqiqətən Azərbaycanın geniş və güclü siyasi təsir dairəsinə malik olmasından xəbər verir. NATO və Rusiyanın dünyanın taleyi üçün önəmli qərarları məhz Bakıda verməsi ölkəmizin həqiqətən mühüm siyasi təsirə malik olduğunu ifadə edir. 2016-cı ildə Türkiyə və Rusiyanın açıq qarşıdurma münasibətlərinin həllində Prezident İlham Əliyevin həlledici mövqe tutması həqiqətən ölkəmizin güclü siyasi təsir mövqeyinin göstəricisidir".
Ekspert bildirib ki, bir sıra məsələlərdə Azərbaycanın dünya liderliyi səviyyəsinə çatması da reallıqdır: "Ümumdünya mədəniyyətlərarası və sivilizasiyalararası dialoqda Azərbaycanın təsdiqlənmiş böyük rolu, dünyanın enerji təchizatına verdiyi töhfələr, postneft iqtisadiyyatının əsaslarının uğurla yaradılması ölkəmizin dünya liderləri arasındakı yerini möhkəmləndirən nailiyyətlərdir. Azərbaycan beynəlxalq təşkilatların işində iştirakın miqyasına görə nəinki region ölkələri, hətta başqa qitələrin tanınmış ölkələri ilə rəqabət apara bilən göstəricilərə malikdir. Beynəlxalq təşkilatlarla iş müstəvisində Azərbaycan çox etibarlı ölkə kimi tanınır, saysız regional və qlobal təşkilatlarda fəaliyyət göstərir, təmsil olunduğu beynəlxalq təşkilatların gücünə güc qatır və bu təşkilatların boynunda Ermənistan kimi artlq yükə çevrilmir. Ölkəmiz beynəlxalq təşkilatların işini təkmilləşdirən çoxlu təklif və ideyalarla çıxış edir və bunların reallaşmasına nail olur. Bir sözlə, Azərbaycan müasir dünya dövlətçiliyinə xas olan bütün güc göstəricilərinə nail olub və bu nailiyyətin beynəlxalq rəylərdə əks olunması tamamilə adekvat nəticədir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin