Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 15:32
"Muğanbank" ASC Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə əməkdaşlıq çərçivəsində texniki dəstəyə dair müqavilə imzalamışdır. Müqaviləyə əsasən AYİB-in "Azərbaycanda Maliyyə Vasitəçilərinin Potensialının Yaradılması Texniki Əməkdaşlıq Proqramı" çərçivəsində Muğanbankda strategiya, risklərin idarə olunması, problemli kreditlərin həlli, komplayns və informasiya texnologiyaları, həmçinin mikro, kiçik və orta müəssisələrin kreditləşdirilməsi sahəsinin təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq praktikaya uyğunlaşdırılması nəzərdə tutulmuşdur. Hər bir proqram mərhələsi üzrə Muğanbankla AYİB tərəfindən seçilən xüsusi konsultant komanda çalışacaqdır. Proqramın məqsədi AYİB-in partnyor maliyyə institutu olaraq Muğanbankın dayanıqlığının artırılması, onun mikro, kiçik və orta müəssisələri kreditləşdirmə potensialının gücləndirilməsidir.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 42 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.