Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 15:48
ABŞ Ədliyyə Nazirliyi İsveçin mobil rabitə avadanlıqları istehsalçısı “Ericsson” şirkətinin korrupsiya və dövlət məmurlarının ələ alınması faktına görə 1 milyard dollar ödəməyə razı olduğunu açıqlayıb. Rüşvət uzun illər ərzində Çin, Vyetnam və Cibutidə verilib. Bu qanun pozuntularına görə cərimənin ümumi məbləği 520 milyon dolları ötür. Şirkət tərəfindən daha 540 milyon dollar ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına ödəniləcək.
“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, “Ericsson” şirkəti 2000-2016-cı illərdə “Xaricdə korrupsiya ilə mübarizə” Qanununu (FCPA) pozduğunu etiraf edib.
Məlumata görə, biznesin qorunması və təhlükəsizliyi məqsədilə “Ericsson” şirkətinin əməkdaşları üçüncü şəxslər vasitəsilə dövlət məmurlarına rüşvət veriblər. Məmurların ələ alınması üçün fondlar xüsusi muzdlu məsləhətçilərin köməyi ilə formalaşdırılıb və oradan pullar vasitəçilərə ötürülüb.
Artıq şirkətin törəmə şirkətlərindən olan “Ericsson Egypt” Nyu-Yorkun Cənub dairəsində “FCPA” Qanununun müddəalarını pozduğunu etiraf edib. Təqsirin etiraf edilməsi əlavə sanksiyaların tətbiqini, o cümlədən lisenziyanın geri alınmasını nəzərdə tutur. Lakin “Ericsson” danışıqlar yolu ilə problemi həll edərək fəaliyyətini davam etdirəcəyinə ümid edir. Belə ki, şirkət ABŞ hakimiyyəti ilə əməkdaşlıq edərək 1,2 milyard dollar ödəməyə hazırdır.
Nizam Nuriyev