Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vladimir Zelenski: Həm Ukraynanın, həm Azərbaycanın misilsiz nəqliyyat potensialı var

Vladimir Zelenski: Həm Ukraynanın, həm Azərbaycanın misilsiz nəqliyyat potensialı var

Tarix: 17 Dekabr 2019 17:18

Bakı. Trend:

Həm Ukraynanın, həm Azərbaycanın misilsiz nəqliyyat potensialı var.

Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxışında deyib.

Ukrayna Prezidenti bildirib: "Bizim münasibətlərimiz zamanın sınağından keçib. Biz çətin vaxtlarda bir-birimizə hər zaman dayaq olmuşuq. Azərbaycan Ukrayna üçün həmişə etibarlı dost və mühüm strateji tərəfdaş olmuşdur və bu gün də bu, belədir.

Cənab Prezident, artıq qeyd etdiyiniz kimi, biz müzakirələrimizi bitirmişik, həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə söhbətimiz çox səmimi şəraitdə keçmişdir. Biz cənab Prezidentlə tərəfdaşlığımızın sözdə deyil, əməldə gücləndirilməsini müzakirə etdik. Xüsusilə də burada iqtisadi sahəyə diqqət yetirilmişdir. Əminəm ki, hər iki ölkədə Ticarət evlərinin açılması da buna təkan verəcəkdir. Məlumdur ki, 2018-ci ildən Ukraynada Azərbaycan Ticarət Evi fəaliyyət göstərir, bu gün isə mən Azərbaycanda Ukrayna Ticarət Evinin açılışında iştirak edəcəyəm. Bu münasibətlə hər birimizi təbrik edirəm.

Bununla yanaşı, bu gün Bakıda Azərbaycan-Ukrayna biznes forumu təşkil ediləcəkdir. Əminəm ki, ölkələrimizin işgüzar dairələri qarşılıqlı maraq doğuran müxtəlif məsələləri müzakirə edəcək və konkret nəticələr əldə edəcəklər.

Əminəm ki, qarşılıqlı sərmayə qoyuluşu hər iki ölkənin mənafelərinə xidmət edir, burada müxtəlif birgə layihələrdən söhbət gedə bilər. Məsələn, Azərbaycanın mobil operatoru olan “Bakcell” tərəfindən “Vodafone Ukrayna”nın səhmlərinin alınması yaxşı bir nümunədir. Bu, bizim bu sahədə olan xidmətlərin yüksəldilməsinə kömək edəcəkdir. Bununla yanaşı, mən Azərbaycan şirkətlərini də Ukraynada özəlləşdirmədə fəal iştiraka dəvət edirəm. Artıq 10 ildir ki, SOCAR Ukraynada uğurla fəaliyyət göstərir. Biz də əlimizdən gələni edəcəyik ki, neft-qaz məhsullarının hasilatı və daşınmasına da hər cür dəstək göstərək.

“Cənub Qaz Dəhlizi” layihəsi də bizim ölkəmiz tərəfindən xüsusi izlənilir. Bu layihənin genişləndirilərək Avropa istehlakçılarına çatdırılmasına öz töhfəmizi müzakirə etdik. Xüsusilə də hesab edirəm ki, bizim - həm Ukraynanın, həm Azərbaycanın misilsiz nəqliyyat potensialı var. Biz belə qərara gəldik ki, nəqliyyat və aviasiya daşımaları sahələrində də təmaslarımızı, əməkdaşlığımızı gücləndirək. Növbəti il yanvarın sonunadək biz Kiyev şəhərində ikitərəfli Hökumətlərarası Komissiyanın iclasını təşkil edəcəyik.

Aerokosmik sahədə əməkdaşlığa xüsusi diqqət yetirilmişdir. Müxtəlif sahələrdə, təyyarə istehsalı sahəsində, o cümlədən humanitar sahədə də məsələləri müzakirə etdik. Azərbaycanda Ukrayna kinosu günləri təşkil ediləcəkdir. Sizin də şahidi olduğunuz kimi, burada bir neçə sənəd - həm biznesin inkişafı, həm məxfi məlumatların qorunması və Ukraynanın müxtəlif bölgələrinin Azərbaycanın bölgələri ilə əməkdaşlığının təşviqi ilə bağlı sənədlər imzalandı".

.


Etiketlər:  Vladimir Zelenski Həm Ukraynanın həm Azərbaycanın misilsiz nəqliyyat potensialı var


RƏYLƏR