Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 17:33
Bakı. İhamə İsabalayeva - Trend:
Bu gün məktəblərimizdə kifayət qədər istedadlı uşaqlar var, ancaq onların dəqiq sayını demək çətindir.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsil İnstitutunun Xüsusi istedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev deyib.
Onun sözlərinə görə, respublika fənn olimpiadalarında əsasən IX-XI sinif şagirdləri iştirak edirlər. Amma xüsusi istedada malik olan VIII sinif şagirdlərinin də respublika fənn olimpiadalarında iştirakına şərait yaradılır:
"Ancaq beynəlxalq olimpiadalarda şagirdlərin daha yaxşı nəticə əldə etməsi üçün onlarla daha aşağı yaşlardan işləmək vacibdir. Həmin uşaqların fənlərin dərindən öyrənilməsinə marağın artırılması olduqca əhəmiyyətlidir.
Azərbaycanda mərkəzləşdirilmiş şəkildə beynəlxalq olimpiadalara hazırlıq VII siniflərdən başlanılır. Ancaq aydın məsələdir ki, şagirdlər VII siniflərdə hazırlıq mərkəzlərində iştirak etmək üçün VI sinifdən daha çox çalışmalıdılar. Buna görə də şagirdlərimizin V-VI siniflərdən fənləri daha dərindən öyrənməsi, fərqli ədəbiyyatlarla tanış olması tövsiyə olunandır. Ancaq biz bu gün xüsusi istedadı ilə seçilən şagirdlərin valideynlərinə və müəllimlərinə müraciət edərək deyirik ki, həmin şagirdlərin fənn müsabiqələrində iştirakına şərait yaratsınlar. Çünki fənn müsabiqələri uşaqların öz istedadlarını nümayiş etdirməsi üçün ən yaxşı platformadır".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin