Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 22:20
Bakı. Trend:
Azərbaycan regionda təhlükəsizliyin və əməkdaşlığın tərəfdarıdır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenskinin şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib: "Hörmətli cənab Prezident.
Hörmətli Yelena Vladimirovna.
Xanımlar və cənablar,
Cənab Prezident, Sizi və rəhbərlik etdiyiniz nümayəndə heyətini Azərbaycanda bir daha salamlayır və "Xoş gəlmisiniz!" deyirəm. Bu, Sizin Azərbaycana ilk rəsmi səfərinizdir və şadam ki, səfər çox uğurlu keçir. Bunu apardığımız müzakirələr, imzalanan sənədlər bir daha təsdiqləyir.
Ölkələrimizi və xalqlarımızı dostluq münasibətləri birləşdirir. Əlamətdar haldır ki, hələ 1918-1920-ci illərdə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda fəaliyyət göstərən 16 xarici dövlətin diplomatik missiyaları arasında Ukraynanın da nümayəndəliyi olmuşdur.
Bu gün biz ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəni və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. İnanıram ki, səfəriniz zamanı əldə olunan razılaşmalar və imzalanan sənədlər əlaqələrimizin daha da genişlənməsinə öz töhfəsini verəcəkdir.
İqtisadi əlaqələrin inkişafı geniş müzakirə edildi. 2018-ci ildə ölkəmizlə xarici ticarət dövriyyəsinin həcminə görə Ukrayna 10-cu yeri tutmuşdur. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2019-cu ilin yanvar-sentyabr aylarında Ukrayna ilə ticarət dövriyyəsi 20 faiz artmışdır. 2018-ci ildən Kiyevdə Azərbaycan Ticarət evi fəaliyyət göstərir, bu gün də Sizin iştirakınızla "Ukrayna məhsulları" Mərkəzi Kompleksinin açılışı olmuşdur. Bu gün Azərbaycan və Ukrayna iş adamlarının biznes forumunun açılış mərasimində iştirak etdik. Forumda təmsilçilik səviyyəsi və orada aparılan müzakirələr iqtisadi-ticarət əlaqələrimizin inkişafına marağın yüksək səviyyədə olduğunu göstərir.
Ölkələrimiz arasında enerji sahəsində uğurlu əməkdaşlıq mövcuddur. Ukraynada SOCAR-ın nümayəndəliyi fəaliyyət göstərir. Ukrayna ərazisində SOCAR-ın 62 yanacaqdoldurma məntəqəsi və "SOCAR Energy Ukraine" şirkətinə aid 4 neft bazası mövcuddur.
Azərbaycanla Ukrayna arasında mədəni və humanitar sahələrdə də əməkdaşlığın uğurlu təcrübəsi vardır. 2001-ci ildən Bakı Slavyan Universitetində Ukrayna Tədris-Mədəniyyət Mərkəzi, Ukraynanın da bir sıra təhsil ocaqlarında Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Ukraynanın böyük oğlu şair Taras Şevçenkonun xatirəsi Azərbaycanda əbədiləşdirilib. Onun heykəli Bakı və Zaqatalada ucaldılmışıdır. Paytaxtımızın parklarından biri məşhur şairə-dramaturq Lesya Ukrainkanın adını daşıyır, həmin parkda onun büstü qoyulub. 2019-cu ildə Azərbaycanın görkəmli mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunur. Əlamətdar haldır ki, bu ilin mayında böyük şair Nəsiminin Kiyevdə heykəlinin rəsmi açılışı olmuşdur. Bakının əsas nəqliyyat qovşaqlarından biri Ukrayna dairəsi adlanır. Bütün bunlar xalqlarımız arasında mövcud olan möhkəm dostluğun göstəricisidir.
Ölkələrimizin regionları da bir-biri ilə sıx əməkdaşlıq edir. Bu istiqamətdə növbəti addım kimi Quba və Truskavets, Gəncə və Odessa şəhərləri arasında əməkdaşlığın qurulmasını göstərmək olar.
Azərbaycan regionda təhlükəsizliyin və əməkdaşlığın tərəfdarıdır. Lakin regionun ən ağrılı problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın ərazisinin 20 faizi – tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilmiş və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların da bununla bağlı bənzər qətnamələri var. 2018-ci ilin iyulunda Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış Tərəfdaşlıq Prioritetləri sənədində də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunmuşdur.
Hörmətli cənab Prezident, hörmətli Yelena Vladimirovna, Sizi bir daha salamlayıram".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin