Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazilə Səfərli Xoşqədəm Hidayətqızına uduzdu

Nazilə Səfərli Xoşqədəm Hidayətqızına uduzdu

Tarix: 20 Dekabr 2019 11:15

Şairə Nazilə Səfərli (Cəfərova) ilə Xoşqədəm Hidayətqızı (Bəxşəliyeva) arasında davam edən məhkəmə prosesi bitib.

"Məhkəmənin qətnaməsinə görə Nazilə Səfərli və İsa Şükürlü teleaparıcıdan üzr istəməli, həm  də dediklərinə təkzib verməlidirlər".

Bu sözləri ölkə.az-ın əməkdaşı ilə söhbətində Xoşqədəm Hidayətqızının vəkili Tahir Əlirzayev deyib. Vəkil qeyd edib ki, bundan başqa, onlar teleaparıcıya 1000 manat məbləğində təzminat ödəməlidirlər.

"Xoşqədəm xanım Bəxşəliyeva Nizami rayon məhkəməsinə cavabdeh Nazilə Cəfərova (Səfərli)  və Şükürov İsaya qarşı şərəf və ləyaqətini müdafiəsi tələbi ilə iddia ilə müraciət edib. Nizami rayon məhkəməsində verilən iddia tələbi üzrə linqvistik ekspertiza keçirildi. Ekspertin verdiyi rəydən məlum olub ki, iddia olunan ifadələr, yəni Cəfərova Nazilə və Şükürov İsa (Show News saytının rəhbəri) tərəfindən deyilən böhtan xarakterli məlumatlar X. Bəxşəliyevanın şərəf və ləyaqətini alçaldan və xələl gətirən məlumatlardır. Cavabdeh (Nazilə Səfərli) tərəfin iddiaya qarşı göstərdiyi etirazlar əsaslı olmadığından, əksinə iddiaçı Xoşqədəm xanım tərəfindən göstərilən sübutlar cavabdehin tam təqsirli olduğunu sübut etdiyindən onun iddiası təmin edilib. Bununla bağlı 2019-cu il fevralın 21-də  iddianın təmin edilməsilə bağlı qətnamə çıxıb. Qətnaməyə görə, Nazilə Səfərli və İsa Şükürlü Xoşqədəm xanıma mənəvi zərər vurduqları üçün müştərək şəkildə 1000 manat məbləğində  təzminat ödəməlidirlər. Bundan başqa qərara görə,  onlar açıq şəkildə Bəxşəliyevadan üzr istəməlidirlər. Əlavə olaraq, onlar Xoşqədəm xanım haqqında dedikləri və yaydıqları yalan məlumatları təkzib etməli,  dedikləri böhtan xarakterli məlumatları bəzi saytlarda təkzib etməli idilər".

Tahir Əlirzayev bildirib ki, teleaparıcı şairə Nazilənin ödəyəcəyi təzminatı kimsəsiz bir şəxsə bəxş edəcək.

"Bundan sonra çıxarılan qərardan narazı qalan Nazilə Səfərli qətnamədən Bakı Appelyasiya Məhkəməsinə müraciət edib. Lakin Appelyasiya məhkəməsi işi yenidən araşdıraraq öncəki instansiyanın verdiyi qərarı qüvvədə saxlayaraq, 12 iyul 2019-cu ildə qərar verib. 

Qeyd edim ki,  həmin qərardan jurnalist İsa Şükürov appelyasiya şikayəti verməyib. O, məhkəmənin qərarı ilə razılaşıb.  Bununla da razılaşmayan Səfərli, bu dəfə də Ali Məhkəməyə kassasiya şikayəti verib. İşə baxan Ali Məhkəmənin mülki kollegiyası özünün 17 dekabr 2019-cu il tarixli qərarıyla Nazilə Səfərlinin kassasiya şikayətini rədd edib, Appelyasiya Məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlayıb. Bununla da Nazilə Səfərli qanunda nəzərdə tutulan qaydada bütün instansiyalara şikayət vermə hüququndan istifadə edib.  Son nəticə olaraq iş 1 aydan sonra Nizami rayon icra şöbəsinə gedəcək ki, Nizami rayon məhkəməsi tərəfindən qəbul olunan qətnamə icra olunsun".

Vəkil əməkdaşımızla söhbətində qeyd edib ki, Nazilə Səfərli cinayət məsuliyyətinə də cəlb oluna bilər.
"Əslində, bu gün Xoşqədəm Bəxşəliyeva istəsə, (artıq əlində məhkəmə qərarı və qətnaməsi var. Bilirsiniz, Ali Məhkəmənin verdiyi qərar anında qüvvəyə minir.) mən məhkəmələrin qətnamə və qərarlarını götürüb yenidən, xüsusi ittiham qaydasında Nizami Rayon Məhkəməsinə Nazilə Səfərliyə qarşı müraciət edərəm. Onun Cinayət Məcəlləsinin 147-148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş edə bilərəm. Buna Xoşqədəm xanımın tam hüququ və əsası var. Ancaq xanım Bəxşəliyeva bu barədə düşünmür. O hesab edir ki, məhkəmə tərəfindən verilən məhkəmə qətnamələri sayəsində  Nazilə Səfərli qanun və eyni zamanda bu qanunlar qarşısında məsuliyyətini dərk edib, bundan sonra bu cür hərəkətlərdən çəkinər. Yox, görsək ki, bu xanım məsuliyyətini dərk etmir, yenə də bu cür hərəkətlərini davam etdirir, onda mən müvəkkilim Xoşqədəm Bəxşəliyeva ilə məsləhətləşib, yenidən hüquqi yollarla bunu həll etməyə çalışacağam.  


Etiketlər:  Nazilə Səfərli Xoşqədəm Hidayətqızına uduzdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ