Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2019 19:24
Dövlət Turizm Agentliyi mayın 29-da UEFA Avropa Liqasının final oyununun Azərbaycanda keçirilməsi ilə bağlı ölkəyə gələcək qonaq və turistlərin rahatlığı üçün digər dövlət orqanları, xüsusilə Azərbaycan Hava Yolları (AZAL), Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birlikdə fəaliyyət göstərəcək.
Agentlikdən verilən məlumata görə, 2018-ci ilin dekabr ayından etibarən biletləri satışa çıxarılan finalın hazırlıqları xeyli müddətdir ki, davam edir.
Məlumat üçün bildirək ki, AZAL tərəfindən 29 və 30 may tarixlərində həyata keçiriləcək birbaşa London-Bakı– London uçuşlarından başqa, xarici azarkeşlərin oyunu izləməsi üçün 40-dan çox çarter reys təşkil olunacaq. Bundan başqa, AZAL-la klublar arasında əldə olunan razılığa əsasən, əlavə çarter reyslərin də təşkil olunması istiqamətində danışıqlar aparılır.
Bakıda ulduz dərəcəsinə uyğun olaraq beynəlxalq və yerli brendlərə məxsus müxtəlif büdcəli hotellərin mövcudluğu xarici qonaqların yarış ərəfəsində rahatlığını təmin edəcək.
Turistlərin ölkəyə gəlişi, yerləşdirilməsi və Azərbaycanda qalma müddəti ərzində təhlükəsizlik də daxil olmaqla digər bütün məqamlar dövlət və özəl biznesin təmsilçiləri tərəfindən diqqətlə düşünülüb. Həmçinin dünya üzrə ölkələrin reytinqində terror təhlükəsinin ən az olduğu ölkələr sırasında Azərbaycanın adı ilk sıralardadır.
Yarışla əlaqəli bütün dövlət orqanları xüsusi əhəmiyyətə malik idman tədbirinin müvəffəqiyyətlə keçirilməsi üçün gücləndirilmiş iş rejimində çalışacaqlar.
Xatırladaq ki, ölkəmiz Formula 1, Avropa Oyunları, Avroviziya, İslam Həmrəylik Oyunları kimi beynəlxalq əhəmiyyətli yarışların təşkilatçılığında uğurlu təcrübəyə malikdir.