Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 22:56
İlin son fəsli olan qış təsərrüfat işlərində mühüm rol oynamasa da, xalq etiqadlarında, adət və ənənələrində, inamlarda Çillə mərasimlərinə aid zəngin materiallara rast gəlirik.
Sonxeber.net xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bildirib ki, qış fəsli xalq təqviminə uyğun olaraq çillə adı ilə üç yerə bölünüb. Böyük çillə 40 gün (21 dekabr - 30 yanvar), kiçik çillə 20 gün (31 yanvar - 20 fevral), ala çillə və ya ala çolpav (boz ay da deyilir) isə bir ay (20 fevral - 20 mart) olur.
Qırx günün ilk gecəsi...
Onun sözlərinə görə, Çillə bayramı, Çillə gecəsi payız fəslinin sonu, qış girən günü, yəni dekabr ayının 20-si gecəsi qeyd edilir. Çillə gecəsi ilin ən uzun və qışın başlanğıc gecəsidir. Mənbələrdə qeyd edilir ki, çillə "çehil" sözündəndir, mənası "qırx" deməkdir. Xalq arasında ağırlıq anlamında başa düşülür. Çillə dərd, kəramət, xəstəlik mənasında qəbul edildiyindən onun girməsi dərdin, çətinliyin gəldiyinə işarədir. Çillə bayramının erkən çağlar "sırağan" yaxud "çırağan" olduğu da göstərilib. Qeyd edək ki, doğumla bağlı inam və adətlərdə "çilləli", "çillə kəsmək", "çillə basdı" kimi sözlərə də rast gəlirik ki, bu da müəyyən xəstəliklər, qarın yağması ilə yaranan çətinliklərlə bağlıdır.
Bolluq, bərəkət rəmzi olan "Çillə qarpızı"
"Çillə bayramını xalqımız xüsusi qeyd edər, bu bayrama hələ bir neçə gün əvvəldən hazırlıq görərdilər. Bayram günü, demək olar ki, bütün evlərdə "çillə qarpızı" kəsilərdi. Qarpız çillə gecəsinin ən gözəl payı hesab olunur. Əksər ailələr belə qarpızları əvvəlcədən alıb saxlayardılar", - deyən Asəf Orucov toplanmış çöl materiallarına əsaslanaraq bildirib ki, Naxçıvanın Arazboyu kəndlərinin əksəriyyətində çox da böyük olmayan, qalınqabıqlı xüsusi qarpız növü əkilər, belə qarpızları uzun müddət, hətta Novruza qədər saxlamaq olardı. Çillə üçün saxlanılacaq qarpız tam yetişməmiş və saplaqlı olsa, daha yaxşı qalar. Xarab olmasın deyə, onu ot və ya samanın içərisində saxlayırdılar.
"Çillə qarpızı"na bolluq, bərəkət rəmzi kimi baxılır. Etnoqrafik çöl materiallarına görə, Çillə gecəsində qarpız kəsmək qışı xoş qarşılamaqla bərabər, ondan qorxmamağa işarədir. Digər məlumata görə, çillədə qarpız kəsəndə deyərlər ki, ay qarpız, mən səni necə kəsirəmsə, çilləni də belə tez kəsim, yəni qışa, şaxtaya yenilməyim, onu dərdsiz, bəlasız başa vurum. Bəzi rayonlardan (Ordubad, Şərur) yaşlı insanların verdiyi məlumata görə, çillədə qarpız kəsilir ki, günümüz qırmızı, yəni Günəşli olsun. Həqiqətən, bu inanc onunla əlaqədardır ki, qarpızın içərisinin qırmızı rəngdə olması Günəşin rəmzi kimi sayıla bilər ki, bu da istiliyi çağırmaq anlamı ilə bağlıdır.
El adəti: niyyət et, dörd yerə böl, ikisi eyni rəngdə olarsa...
AMEA Naxçıvan Bölməsinin əməkdaşı qeyd edib ki, "Çillə qarpızı" kəsilən vaxt xalq arasında niyyətetmə adəti də mövcuddur. Niyyət zamanı qarpızın baş tərəfini kəsib, dörd yerə ayırıb atırlar. Əgər ikisi eyni rəngdə - ağ və ya göy olarsa, niyyət qəbul edilmiş hesab olunar. Bu da belə bir fikir söyləməyə əsas verir ki, bəlkə də, insanların çillə gecəsi qarpızın qabığının bir hissəsini dörd yerə bölüb niyyət tutub atması dörd fəsillə, atılan qarpız qabıqlarının rənglərinə uyğun (ağ və göy) niyyətin qəbul olması isə fəsillərin əlamətləri ilə əlaqədardır.
Bundan başqa, qarpız kəsib yeddi evə pay göndərilir. Çillə bayramı günü nişanlı qızların, təzə gəlinlərin bayram görüşünə (Çillə bayramına) gedirlər. Bayramlıqlar içərisində "Çillə qarpızı" xüsusi yer tutur.
Bu qarpız çilə qarpız,
Düşübdür dilə qarpız,
Yığılıb xonçalara,
Gedir yar gilə qarpız.
Şərur rayonunun bəzi kəndlərindən toplanmış materiallara görə, nişanlı qızlara qarpız aparanda onun yanına bıçaq da qoyardılar. Qarpız aparılan bıçaqla kəsilər və sonra yenidən oğlan evinə qaytarılardı.
Əgər qarpız olmasa...
Ordubad bölgəsində isə həmin gün evdə un yeməkləri (xəşil, tərək, quymaq), hədik bişirilər, qovurğa qovurular, qovut çəkilərdi.