Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 23:46
Salyan sakini Elmir Muradov 100 il yaşı olan boşqabı ən dəyərli xatirə kimi qoruyub saxlayır. O, bu antikvar əşyanı yaxın gələcəkdə muzeyə təhvil verməyi düşünür.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Elmir Muradov 30 ildən çoxdur pinəçilik edir. Gəliri az olsa da uzun illərdir kiçik bir köşkdə işləyir. Ədəbiyyata marağı olan pinəçi bu gün həm də olduqca qiymətli əşyanı - Cümhuriyyət dövründən qalma bir boşqabı göz bəbəyi kimi qoruyur. Ata babası Hacı Ələkbər bacısı gəlin köçəndə bu boşqabı ona hədiyyə edib. Boşqabın ortasında Azərbaycan Xalq Cümhuriyyətinin səkkiz guşəli gerbi də əks olunub: "Atamın bibisi qızı bu boşqabı lazımsız əşya kimi atırdı. Dedim, ver mənə, saxlayacağam. Artıq 30 ildir bu boşqab məndədir".
Elmir Muradov deyir ki, bu boşqabla maraqlananlar, satın almaq istəyənlər çoxdur. Amma o, heç kimə satmaq barədə düşünmür. Qeyd edək ki, 100 illik boşqab pinəçiyə ata babası Hacı Ələkbərdən yadigar qalıb. Hacı Ələkbər vaxtilə 1918-ci ildə ermənilərin Azərbaycanda törətdikləri soyqırımına qarşı mübarizə aparanlardan biri olub: "Mirbağır Ağa ilə mənim ata babam qonşu olublar. Ağa gəlib babama deyib ki, türk paşalar gəlib vətənimizə, gedək onları qarşılayaq. Sonra beş paşa gəlib bizim evdə qalıb. Həmin gecə atamın əmisi oğlu dünyaya gəlib. Bu xoş xəbərlə Ramazan paşa öz adını uşağa qoyub. O, necə həkim idisə, uşaq da böyüdü, oxudu, həkim oldu".
Gələcəkdə boşqabı muzeyə verəcəyini deyən pinəçi bir əsr yaşı olan bu əşyanın onun üçün var-dövlətdən də dəyərli olduğunu bildirir.