Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2019 12:18
Bakı. Ləman Zeynalova - Trend:
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) işlənməsi üzrə Rəhbər Komitə (SOCAR, BP, Chevron, INPEX, Equinor, ExxonMobil, TPAO, ITOCHU və ONGC Videsh) bu gün Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan “Mərkəzi-Şərqi Azəri” (MŞA) layihəsini təsdiqləyib.
BP-dən Trend-ə verilən məlumata görə, 6 milyard dollarlıq layihəyə yeni dəniz platforması və gündəlik 100 min barrel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 milyon barrel neftin hasil olunması proqnozlaşdırılır. İlk hasilatın başlaması 2023-cü ildə gözlənilir.
Bu, 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra ilk böyük investisiya qərarıdır. 1994-cü ildə birinci AÇG HPBS-nin imzalanmasından ötən 25 il ərizndə AÇG sahəsinin işlənməsinə ümumilikdə 36 milyard dollardan çox investisiya qoyulmuşdur.
Layihə üzrə tikinti işlərinə bu il başlanacaq. 2022-ci ilin ortalarına qədər davam edəcək tikinti prosesində yerli işçi resurslarından istifadə olunacaq. İnşaat işlərinin pik dövründə 8000 işçinin cəlb olunacağı gözlənilir.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Bu gün biz 25 il əvvəl “Əsrin Müqaviləsi” ilə ölkənin rifahı naminə əsası qoyulmuş AÇG yataqlar blokunun inkişafının daha bir mühüm mərhələnin astanasındayıq. Ötən onilliklərdə SOCAR Azərbaycanın neft gəlirlərini ölkədə yüksək ixtisaslı işçi qüvvəsinin və müasir sənaye obyektlərinin inkişafına yönləndirib. Bu gün artıq bizim dünya standartlarına cavab verən zavodlarımız, istehsalat və quraşdırma komplekslərimiz, gəmilərimiz və bacarıqlı işçi qüvvəmiz var. Əlimizdə olan bütün bu imkanlar yeni “Mərkəzi-Şərqi Azəri” platformasının məhz ölkə daxilində Azərbaycan mütəxəssisləri tərəfindən tikilməsi və quraşdırılması üçün şərait yaradıb. Layihə çərçivəsində biz 3 milyard barreldən çox əlavə neftin hasil olunmasını gözləyirik. Bu strateji qərar Azərbaycanın enerji təchizatçısı kimi regional və dünya bazarlarında mövqelərinin daha da güclənməsinə təkan verəcək”.
Bu məsələ ilə bağlı BP-nin baş icraçı direktoru Bob Dadli bildirib: “Birgə fəaliyyətimizin ötən 25 ili ərzində bizim uğurlu tərəfdaşlığımız Azərbaycan xalqının dünya səviyyəli aktivlərini xalq üçün böyük mənfəətə çevirmişdir. AÇG-nin gələcəyi həmin irsin üzərində qurulacaq və növbəti 25 ilin də eyni cür parlaq olmasını təmin edəcək.”
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons əlavə olaraq bildirib: “Bugünkü bəyanat Hasilatın Pay Bölgüsü sazişini uzadarkən qarşıya qoyduğumuz uzunmüddətli hasilat planlarını dəstəkləyir. Bu qərar Azərbaycan hökuməti və SOCAR-la sıx əməkdaşlıq etmək, AÇG yatağının ehtiyatlarını daha da səmərəli və rəqabətə davamlı şəkildə reallaşdırmaq niyyətimizi nümayiş etdirir.”
MŞA layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Platformadan əldə olunacaq neft və qaz məhsulunun Səngaçal terminalına qoşulan mövcud AÇG-2 ixrac kəmərinə ötürülməsi məqsədi ilə yeni yataqdaxili sualtı boru kəmərləri də inşa ediləcək. Bundan əlavə, laya vurulan suları “Mərkəzi Azəri” kompressiya və suvurma platformasından MŞA qurğularına nəql etmək məqsədi ilə MŞA və Şərqi Azəri platformaları arasında suvurma boru xətti tikiləcək.
AÇG layihəsində iştirak edən şirkətlərin səhm payları aşağıdakı kimidir: : BP (30.37%), SOCAR (25.0% ), Chevron (9.57%), INPEX (9.31%), Equinor (7.27%), ExxonMobil (6.79%), TPAO (5.73%), ITOCHU (3.65%), ONGC Videsh Limited (OVL) (2.31%)
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin