Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Elvinin intizama fikir vermədiyini hamı bilir” – Aftandil Hacıyev

“Elvinin intizama fikir vermədiyini hamı bilir” –  Aftandil Hacıyev

Tarix: 24 Dekabr 2019 17:18

Son vaxtlar maliyyə çətinliyi ilə üzləşən “Səbail”i qış fasiləsində bir neçə futbolçunun tərk edəcəyi gözlənilir. Onlar arasında daha çox Maykl Essyen, Rahid Əmirquliyev və Mirabdulla Abbasovun adı çəkilir.

Komandadakı son durumla bağlı Qol.az-a açıqlama verən baş məşqçi Aftandil Hacıyev hələlik onlara getmək üçün müraciət edən futbolçunun olmadığını bildirib:

“Bu futbolçuların adlarının hallanması normaldır. Çünki yaydan indiyə qədər klub maliyyə baxımından sıxıntı içindədir. Bu, artıq futbolçularda da narahatlıq yaradıb. Amma konkret kimin gedəcəyi bəlli deyil. Bir söz deyə bilmərəm. Heç bir futbolçu bizə getmək istəməsi ilə bağlı müraciət etməyib”.
Aftandil Hacıyev komandadan ayrılan Elvin Yunuszadənin əslində intizamsızlığına görə onun tərəfindən göndərilməsi ilə bağlı yayılan xəbərləri təsdiq etməsə də, təkzib də etməyib: “Ümumiyyətlə, bu, Elvinlə bağlı ilk belə xəbər deyil. Hamı bilir ki, intizama fikir verən deyil. Vaxtilə ölkənin ən perspektivli müdafiəçilərindən olub. Sadəcə, üzərində az işləyən futbolçu kimi tanınıb. Ancaq onunla yollarımızın ayrılmasının səbəbi məhz bu deyil. Bildiyiniz kimi, klubdakı vəziyyətə görə ona da çətin idi. Bir ildir Elvinlə bir yerdə çalışırıq. Bu kimi hallar olanda Elvin də digər futbolçular kimi sadəcə cərimələnib.

Durumumuz yaxşı olsaydı, düşünmürəm ki, hər hansı bir intizamsızlıq böyük problemə çevrilərdi. Onun kodekslə həll olunması mümkün idi. Ancaq bu gün Elvinin də komandada güclə qalmasının istəmədik. Belə başa düşdüm ki, özü də klubunu dəyişmək istəyir”.

A.Hacıyev komandanın qışdan sonrakı aqibətinin hələlik bəlli olmadığını, bununla bağlı yaxın günlərdə klub rəhbərliyi ilə görüşəcəyini qeyd edib: “Çempionatın ikinci yarısına necə hazırlaşacağımızı, kimlərlə davam edəcəyimiz müzakirə etməliyik. Çünki hələ yaydan kifayət qədər komandanı tərk edən oyunçularımız oldu.  Onların yerlərin doldurmalıyıq. Bu haqda geniş söhbətimiz olacaq”.


 

 


Etiketlər:  Elvinin intizama fikir vermədiyini hamı bilir Aftandil Hacıyev


RƏYLƏR