Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa İttifaqı xülyası: Azərbaycan nağıllara inanmır

Avropa İttifaqı xülyası: Azərbaycan nağıllara inanmır

Tarix: 25 Dekabr 2019 14:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində bu məqama toxundu.

Onun sözlərinə görə,  Avropa İttifaqı ilə enerji sahəsində bizim əməkdaşlığımız uğurludur və birgə layihələr icra edilir, ancaq sazişdə təklif olunan məsələlərin biri də enerji daşıyıcılarının qiymətləri ilə bağlıdır.

Belə bir bənd təklif olunur ki, Azərbaycanda təbii qazın daxili qiyməti ixrac qiyməti ilə bərabərlik təşkil etsin. Reallıqda bu nə deməkdir, bunu anlamaq o qədər də çətin deyil.

"Hazırda Azərbaycan istehlakçılarının təxminən 85 faizi təbii qazı çox ucuz qiymətə, yəni, dövlət tərəfindən verilmiş subsidiya əsasında alır, qiymət də min kubmetr üçün 100 manatdır. İxrac qiyməti isə bundan bir neçə dəfə böyükdür. Əgər biz öz təbii qazımızı daxili qiymətlərlə satsaq, iqtisadiyyatımıza çox böyük ziyan dəyəcək. Çünki belə olan halda, ixrac qiyməti 58 dollar olmalıdır. Bu gün isə dünya bazarlarında, o cümlədən Avropa bazarlarında daxili qiymət, yəni, istehlakçıların ödədiyi qiymət təqribən 300, 400, 500 dollara bərabərdir. Bu, təqribən 1000 manata gəlib çıxacaq. Belə olan halda, biz daxili qiymətləri ən azı on dəfə qaldırmalıyıq. Belə olan halda, Azərbaycan vətəndaşları təbii qaz üçün 100 manat yox, 500 manat, ya da 700 manat ödəməli olacaqlar, bu, qətiyyən mümkün deyil.

Ya da ki, biz böyük çətinliklə və böyük səylər göstərərək, böyük investisiyalar qoyaraq Cənub Qaz Dəhlizini demək olar ki, başa çatdıraraq xarici bazarlara öz qazımızı 58 dollara çatdırmalıyıq. Bu, qətiyyən qəbuledilməzdir və təəccüb edirəm ki, nə üçün bizim tərəfdaşlarımız, bu sadə məntiqlə, bu hesablamalarla razılaşa bilmirlər.

Ona görə bu iki əsas məsələ razılaşdırılmamış qalır və bizim mövqeyimiz birmənalıdır. Bu saziş bizim maraqlarımıza uyğun olmalıdır. Prinsip etibarilə mən avropalı tərəfdaşlarıma sual vermişəm ki, "Siz mənə cavab verin, nə üçün biz bu sazişi imzalamalıyıq?". Biz indi bu sazişsiz də yaşayırıq, yaxşı da inkişaf edirik, heç kimdən heç nə gözləmirik, heç bir imtiyaz üçün müraciət etməmişik. Biz sazişi ona görə imzalamaq istəyirik ki, bu saziş əlaqələrimizi yeni mərhələyə çıxarsın və maraqlarımız təmin edilsin. Əks təqdirdə, əlbəttə ki, bu saziş imzalanmayacaq", - dövlət başçısı söylədi.

Beləliklə, Azərbaycan rəsmi, qətiyyətli mövqeyini və iradəsini bir daha nümayiş etdirdi.

Avropa İttifaqı gerçəkdənmi Azərbaycanın maraqlarını güdür, xalqımızın mənafelərini düşünür?

Və ümumiyyətlə, Azərbaycanın Avropa İttifaqına üzv olmaq şansı nə qədərdir? Bu, nə zaman baş verə bilər və biləcəkmi?

Suallar çox olsa da, cavab məlumdur.

Ölkə müxalifətinin, xüsusilə də Avropa ölkələrində məskunlaşaraq vətəndaşlıq yanğısındakı "iaşə müxalifət"inin əsas müzakirə mövzularından biri, bəlkə də birincisi Avropa İttifaqına inteqrasiyadır.

Avrointeqarsiya problematikasının çözüm reallığı isə həddən ziyadə azdır.

Əvvəla, ölkədəki "ekspertlər" və xüsusilə də müxalifətin radikal kəsiminin Avrointeqrasiya dedikdə, nəyi nəzərdə tutduqları bəlli deyil.

Azərbaycan Aİ ilə əlaqələrin intensivləşdirilməsi və qarşılıqlı təmasların yeni səviyyəsi üçün gərəkli addımların hamısını atıb. Bunun müqabilində Brüsselin Bakı qarşısında qoyduğu şərtlərlə səsləndirdyi tələblərin sayı bitmir: tam əksinə, onlar artır və bəzən ultimativ forma alır.

Avropa İttifaqı qapalı geosiyasi kluba çevrilməyə başladığından Bakının strateji niyyətləri və taktiki addımları Brüsseli "təmin" etmir. Səbəb - Azərbaycanın xarici siyasət müstəvisində müstəqil olması, daxili siyasətdə və xüsusilə də iqtisadiyyatda kənar pressinqə razılıq verməməsidir.

Situasiyaya soyuqqanlı nəzər salaq.

Ölkəmiz 19 ildir ki, Avropa Şurasının üzvüdür, Avronest Parlament Assambleyasında təmsil olunub.  Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təhkilatının da üzvüyük. Bu, avrointeqrasiyanın real təzahürü deyilmi?

Onu da unutmayaq ki, Avronest və ATƏT-ə ölkəmizin üzv olduğu illərdən bəri Azərbaycanın həmin təşkilatların fəaliyyətinə, habelə büdcəsinə verdiyi töhfələrlə sözügedən strukturların ölkəmizin maraqlarının təminatında oynadığı rolu müqayisə etdikdə sonuc panavropa təşkilatlarının xeyrinə deyil.

... Sovetlər Birliyi dağılandan sonra postsovet məkanındakı bəzi ölkələr daha yaxşı həyat arzusu ilə Avropa İttifaqına meylləndilər. 2004-cü ildə Litva, Latviya və Estoniya Aİ-yə üzv oldular. 2014-cü ildən bəri Ukrayna bu struktura qatılmağa çalışır. Son illərdə Belarusda da "avrointeqrator"lar peyda olublar və onlar guya belarusları "bəxtəvər Avropa gələcəyinin gözlədiyi" Aİ-yə qoşulmağa çağırışlar edirlər.

Lakin təcrübə göstərir ki, Aİ üzvü olan ölkələrin hamısında əhalinin yaşam və gəlir səviyyəsi, rifah durumu eyni, yaxud qismən də olsa, bərabər deyil.

Formal, yəni kağız üzərində Aİ üzvlərinin hamısı bərabər şərtlərdə olsalar da, gerçəkdə Avropa İttifaqının güclü və zəif üzvləri var. Güclü iqtisadiyyata malik ölkələr elitanı təşkil edirlər. Onlar Aİ-nin yerdə qalan, xüsusilə də yeni üzvlərinə öz şərtlərini diqtə edirlər. Məhz bu elita qərar verərək bəlirləyir ki, hansı ölkə nəyi, nə qədər və necə istehsal edəcək, satacaq, alacaq, iqtisadi-maliyyə sahəsində hansı siyasəti yürüdəcək, xarici siyasətdə hansı istiqamətdə hərəkət edəcək və s. Habelə, Aİ-yə qoşulmaq istəyən iddialı, "potensial namizəd" statuslu ölkələrin ixracat seqmentinin necə formalaşmasına məhz "elita" qərar verir, əsas çeşid və marşrutları bəlirləyir. "Elita" isə həmin ölkələrə istədiyi məhsulları istədiyi çeşiddə və həcmdə ixrac edə biləcək.

"Elita"ya Avropa İttifaqının daxili bazarında əlavə rəqiblər gərək deyil. Bu səbəbdən Aİ-yə yeni üzv olan hansısa ölkənin öz məhsullarını Avropaya asanlıqla, imtiyazlı və güzəştli şərtlərlə ixrac edərək satacağını düşünməsi belə, sadəlövhlükdür.

Və ən nəhayət, "elita"ya ucuz işçi qüvvə gərəkdir. Ona görə də hər hansı ölkənin Aİ-yə üzv qəbul edilməsindən əvvəl həmin dövlətin iqtisadiyyatının, xüsusilə də sənayesinin istisnasız olaraq bütün sahələri ya "elita" dövlətlərindəki şirkətlərin, yaxud da transmilli korporasiyaların tam nəzarətinə verilməliir.

Sonucda guya "yeni üzvlərin iqtisadi-sənaye inkişafına ayrılan" vəsaitlərin, xüsusilə də "güzəştli" kreditlərin total əksəriyyəti Qərbi Avropanın şirkətlərinin və transmilli korporasiyaların əlinə keçir. Beləliklə, Aİ yeni üzvlərə ayırdığı pulları faktiki olaraq öz ölkələrinə qaytarır. Həddən ziyadə primitiv, bəsit minvalla Avropa İttifaqının böyük, inkişaf etmiş və zəngin dövlətləri nisbətən zəif iqtisadiyyatlı, inkişaf etməkdə olan ölkələrin hesabına varlanır, həmin dövlətlər ərazisində öz məhsullarını istehsal edir, xidmətlərini satırlar. Bir şərtlə: yerli istehsalçılarla müqayisədə daha ucuz qiymətlərə.

Bəhs olunan durum bir müddət sonra "Avrointeqrasiya eşq"li ölkədə yerli istehsalçıların iflasa uğramasına səbəb olur, çünki Avropa İttifaqının şirkətləri və transmilli korporasiyalarla rəqabətə davam gətirmək üçün onların nə imkanları, nə də potensialları yoxdur.

Baltikyanı dövlətlərdə, yəni Latviyada, Litvada və Estoniyada məhz belə situasiya yaşanır. Sözügedən ölkələrdəki yerli istehsal faktiki iflic durumundadır: bu dövlətlərin iqtisadiyyatı mahiyyət etibarilə Avropa İttifaqının şirkətlərinə və transmilli korporasiyalara işləyir.

Aİ-yə qoşulsalar, Ukrayna və Belarusu da eyni tale gözləyir. Ukraynalılarla belaruslar nə qədər istəsələr də, nə qədər arzulasalar da, Aİ-yə üzv olandan sonra bu birlikdəki inkişaf etmiş ölkələrdəki təki gəlirlərə və rivah səviyyəsinə malik olmayacaqlar. Buna, "elita", sadəcə, imkan verməyəcək.

Avropa İttifaqının heç bir şirkəti, heç bir transmilli şirkət ukraynalı və ya belarus fəhləyə alman, ya da fransız fəhlə qədər maaş verməyəcək.

15 ildən bəri Aİ üzvü olan Latviya, Estoniya və Litvada məhz bu səbəbdən maaşlar iqtisadi cəhətdən inkişaf etmiş Avropa dövlətləri ilə müqayisədə təqribən 3 dəfə aşağıdır.

Digər misal, bizim qardaş Türkiyə ilə bağlıdır. Görün nə vaxtdan Türkiyə Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayıb? Bəlkə də onilliklər bundan əvvəl. Amma ondan sonrakı addımlar nəticə veribmi? Əlbəttə ki, yox və bu da böyük ədalətsizlikdir. 2000-ci ildən başlayaraq Avropa İttifaqına keçmiş sosialist bloka aid bir çox ölkələr daxil oldu. İndi onlar Türkiyədən dahamı inkişaf etmiş ölkələrdir? Yox. Dahamı Avropa İttifaqına üzv olmaq üçün hazırlıqlıdırlar? Yox. Nə üçün onları qəbul ediblər, Türkiyəni qəbul etməyiblər? Sual aydındır, ritorikdir. Bir amilə görə, o da ondan ibarətdir ki, Türkiyə müsəlman ölkəsidir. Artıq bunu açıq deyirlər. Əvvəllər bu əsas tezisi pərdələmək üçün bəzi başqa fikirlər, müxtəlif bəhanələr gətirilirdi ki, bu ölkə hazır deyil və yaxud da hansısa proseslər baş verib. Ancaq indi bunu gizlətmirlər və müsəlman ölkəsi olduğu üçün Türkiyəni Avropa İttifaqına qəbul etmirlər. Belə olan halda, Azərbaycanı qəbul edəcəklərmi? Əlbəttə ki, yox. Əgər belədirsə, onda biz öz işimizi bəri başdan elə tutmalıyıq ki, reallaşdırıla bilməyən vədləri verməyək və lazım olmayan addımları da atmayaq. Bu, birincisi.

Azərbaycandakı radikal müxalifət liderlərinin "avrointeqrasiya" barədə dedikləri isə xülya, "Avropa İttifaqı nağılları"dır.

Bunu anlamaq üçün həmin "lider"lərin qazandıqları pulların təqribi də olsa, məbləğindən, habelə onların övladlarının hansı ölkələrdə necə yaşadıqlarından qismən də olsa, xəbər tutmaq yetər.

Unutmayaq ki, məzkur "lider"lərin istisnasız olaraq hamısı rəsmi olaraq işsizdir...

Elçin Alıoğlu
Milli.Az


Etiketlər:  Avropa İttifaqı xülyası Azərbaycan nağıllara inanmır


RƏYLƏR