Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 17:09
Bakı. Trend:
Dekabrın 28-də Bakı Slavyan Universitetinin (BSU) Elmi Şurasının geniş tərkibdə iclası keçirilib.
Universitetdən Trend-ə verilən məlumata görə, iclası giriş sözü ilə açan BSU-nun rektoru, Elmi Şuranın sədri, professor Nurlana Əliyeva Şura üzvlərini 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara həyatda möhkəm cansağlığı, səadət, firavanlıq, əmin-amanlıq və elmi-pedaqoji fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb.
Elmi Şuranın iclasında rektor Nurlana Əliyeva BSU-nun professoru Ellada Quliyevaya Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilən Fəxri Fərmanı, baş müəllim Xuraman Ələsgərovaya “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanını, BSU-nun müəllimi Səftər Məlikova Gənclər və İdman Nazirliyi tərəfindən verilən “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adının vəsiqəsini, Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasova Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyası tərəfindən verilən A.S.Puşkin adına medalı təqdim edib, onlara daha böyük uğurlar arzulayıb.
Elmi Şuranın iclasında Qafqazın ən böyük təhsil feysbuk səhfəsi olan “Azərbaycan Universitetləri”nin rəhbəri Zöhrab Süleyman rektor Nurlana Əliyevaya “2019-cu ilin ən yaxşı rektoru” sosial tələbə sorğusunda 3-cü yeri qazanması münasibətilə plaket təqdim edib.
Professor Nurlana Əliyeva iclasda BSU-nun İctimai Etimad Şurasının sədri, təhsil eksperti, professor Şahlar Əsgərova il ərzində universitetdə keçirilən tədbirlərdə maraqlı və əhatəli çıxışlarına və mühazirələrinə görə “Bakı Slavyan Universitetinin dostu” nominasiyasının qalibi diplomunu təqdim edib.
Elmi Şuranın iclasında həmçinin 2019-cu ilin yekunlarına görə müxtəlif nominasiyalar üzrə BSU əməkdaşlarının və ayrı-ayrı strukturların mükafatlandırılması keçirilib. Mükafata layiq görülən əməkdaşlar göstərilən diqqətə görə BSU-nun rəhbərliyinə təşəkkür ediblər.
Sonra professor Nurlana Əliyeva dekabr ayında universitetdə keçirilən respublika və beynəlxalq əhəmiyyətli tədbirlər barədə geniş çıxış edib, qarşıda dayanan əsas vəzifələri diqqətə çatdırıb. Rektor qeyd edib ki, qarşımızda dayanan əsas vəzifə təhsilin keyfiyyətinin yüksəldilməsi, 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsini təmin etməkdir.
Professor Nurlana Əliyeva eləcə də Elmi Şuranın iclasında BSU-nun bir qrup əməkdaşına 2019-cu ildə təqvim ilində universitetin tədris, elmi və ictimai həyatında göstərdikləri səmərəli fəaliyyətə görə təşəkkürnamə təqdim edib.
Daha sonra iclasın gündəliyinə daxil olan məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.
Sonda rektor Nurlana Əliyeva Elmi Şura üzvlərinə daha əzmlə, daha məsuliyyətlə fəaliyyət göstərmələri üçün öz tapşırıq və tövsiyələrini verib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin