Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həmid Araslının 110 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO)

Həmid Araslının 110 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib (FOTO)

Tarix: 19 Aprel 2019 15:12

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda akademik Həmid Araslının 110 illik yubileyinə həsr olunan “Azərbaycan və Şərq ədəbiyyatlarının yorulmaz tədqiqatçısı” mövzusunda elmi konfrans keçirilib.

İnstitutdan Trend-ə verilən məlumata görə, konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli XX əsr Azərbaycanın elmi və ədəbi-ictimai həyatında aparıcı mövqeyə malik şəxsiyyətlərdən olan Həmid Araslının çoxsaylı araşdırmaları ilə ədəbiyyatşünaslığmızın inkişafına dəyərli töhfələr verdiyini deyib. Bildirib ki, Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilərək elmi istiqamətdə öyrənilməsində ədəbiyyatşünas alimin müstəsna xidmətləri olub. H.Araslı yarıməsrlik tədqiqatçılıq və ədəbiyyatşünaslıq fəaliyyəti dövründə Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqatlar aparıb, xalqımızın ölməz abidəsi olan “Kitabi-Dədə Qorqud”un Azərbaycanda ilk tədqiqatçısı kimi tanınıb.

İ.Həbibbəyli qeyd edib ki, “Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında” ölkə rəhbərinin 2019-cu il 11 fevral tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə AMEA-nın tədbirlər planı təsdiqlənib. Tədbirlər planına əsasən bu böyük şəxsiyyətin 110 illiyi ilə bağlı AMEA-nın müvafiq institutlarında tanınmış elm xadimlərinin, müvafiq dövlət strukturlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə silsilə tədbirlər təşkil olunur, alimin zəngin elmi irsinə nəzər salınır.

AMEA-nın vitse-prezidenti bildirib ki, H.Araslının irsində klassik ədəbiyyat, folklorşünaslıq, mətnşünaslıq, Şərq xalqlarının ədəbiyyatı və müasir ədəbiyyatla bağlı tədqiqatlar xüsusi yer tutur. Azərbaycan elmi ictimaiyyəti H.Araslını klassik Azərbaycan ədəbiyyatı sahəsində böyük elmi məktəb yaratmış görkəmli alim kimi tanıyır və onun irsinə ehtiramla yanaşır.

İ.Həbibbəyli alimin elmi-təşkilati fəaliyyətinin AMEA ilə bağlı olduğunu, onun akademiyanın Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, Əlyazmalar, Ədəbiyyat və Şərqşünaslıq institutlarında çalışdığını diqqətə çatdırıb. Bildirib ki, AMEA sistemində onun fəaliyyəti bir çox qurumları əhatə edir. Görkəmli alimin “XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi” dərsliyi ədəbiyyat tariximizin dövrləşməsi baxımından böyük əhəmiyyətə malikdir.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova çıxış edərək görkəmli alimin elmi fəaliyyətindən, Azərbaycan ədəbiyyatı tarixinin formalaşmasında və inkişafındakı misilsiz xidmətlərindən söz açıb. Bildirib ki, Azərbaycanda Əlyazmalar Fondunun yaranması Həmid Araslının adı ilə bağlıdır. AMEA-nın Əlyazmalar İnstitutu da məhz həmin fondun bazasında yaradılıb. Məhsuldar elmi yaradıcılığını pedaqoji fəaliyyətlə uğurlu şəkildə əlaqələndirən alim, eyni zamanda, ölkənin mədəni-ictimai həyatında yaxından iştirak edib.

Tədbirdə AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva “Azərbaycan və Şərq ədəbiyyatlarının yorulmaz tədqiqatçısı, fədakar elm təşkilatçısı” mövzusunda məruzə ilə çıxış edib.

G.Baxşəliyeva ədəbiyyatşünaslığın böyük cəfakeşi H.Araslının Azərbaycan ədəbiyyatının öyrənilməmiş problemlərini tədqiq etdiyini, alimin orta əsrlər mərhələsinin bir çox naməlum və ya az tanınan simaları və bədii nümunələri haqqında ilk araşdırıcı olduğunu söyləyib. O, böyük alimin özünün elmi-nəzəri mülahizələri, üzə çıxardığı yeni materiallara və mənbələrə orijinal yanaşması ilə yeni bir ədəbi məktəbin əsasını qoyduğunu bildirib.

Məruzəçi ədəbiyyat tariximizin sistemləşdirilərək tədqiqata cəlb edilməsində görkəmli alimin müstəsna xidmətlərindən danışıb. Qeyd olunub ki, H.Araslının həm də mətnşünas alim kimi müxtəlif illərdə Məhsəti, Nəsimi, Xətai, Füzuli, Saib, Qövsi, Vidadi, Vaqif və başqa görkəmli şairlərin əsərlərini dəfələrlə nəşr etdirib. O, 1939-cu ildə “Kitabi–Dədə Qorqud”u nəşr etdirməklə ədəbiyyatımıza, mədəniyyətimizə, eləcə də bütün türkologiya elminə böyük xidmət göstərib. Görkəmli alim digər Şərq xalqlarının ədəbi irsinə də geniş maraq göstərib, Şərq şairləri Firdovsi, Cami, Hafiz, xüsusilə böyük özbək şairi Əlişir Nəvai irsini tədqiq edib, orta əsrlər Azərbaycan ədəbiyyatının əlaqələrinə dair ilkin araşdırmaların müəllifi kimi də məşhurlaşıb.

G.Baxşəliyeva bildirib ki, H.Araslını və onun əsərlərini keçmiş SSRİ respublikaları ilə yanaşı, Türkiyə, İran, İraq və İordaniyada da gözəl tanıyır və yüksək qiymətləndirirdilər. O, Özbəkistanın Əməkdar elm xadimi, Türk Dil Qurumunun fəxri üzvü, İraq Akademiyasının fəxri akademiki və İslam sivilizasiyasını öyrənən İordaniya Kral Cəmiyyətinin fəxri üzvü kimi yüksək adlara layiq görülüb.

Tədbirdə Şərqşünaslıq İnstitutunun ərəb filologiyası şöbəsinin müdiri, professor Vilayət Cəfərov “Azərbaycan-İraq elmi-ədəbi əlaqələrinin inkişafında akademik Həmid Araslı mərhələsi” mövzusunda məruzəsində alimin ərəb dünyası, o cümlədən İraqla bağlı apardığı tədqiqatlardan, elmi və ədəbi əlaqələrin qurulmasında rolundan bəhs edib.

İnstitutun türk filologiyası şöbəsinin müdiri, dosent Səriyyə Gündoğdu “Akademik Həmid Araslının Azərbaycan şərqşünaslığının inkişafında rolu” mövzusunda məruzəsində isə alimin Şərq xalqlarının söz sənəti ilə qarşılıqlı əlaqələrini müəyyənləşdirən çoxcəhətli elmi axtarışlar apardığını və bu tədqiqatlarla Azərbaycan şərqşünaslığının inkişafında böyük rol oynadığını qeyd edib.

Konfransda çıxış edənlər Həmid Araslının elmi yaradıcılığından söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Həmid Araslının illik yubileyinə həsr olunan elmi konfrans keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ