Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2019 14:48
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində ölkəmizdə müasir standartlar səviyyəsində kompleks qanunverici və institusional tədbirlərin görülməsi ilə yanaşı, bu istiqamətdə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi daim diqqətdə saxlanılmaqdadır.
Baş Prokurorluq və Məhkəmə-Hüquq Şurasının Trend-ə daxil olan birgə məlumatına görə, bu sahədə həyata keçirilən praktiki tədbirlərin davamı olaraq mayın 15-də Bakı şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyası və Azərbaycan Respublikası Prokurorluğunun birgə təşkilatçılığı ilə “Ədalət mühakimə sistemində insan haqları ilə bağlı qarşıda duran məsələlər” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında baş tutan tədbirdə beynəlxalq səviyyəli ekspertlər qismində dəvət edilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının sabiq Prezidenti və Paris Apellyasiya Məhkəməsinin Baş prokuroru Falletti Fransua, Niderlandın Apelyasiya Məhkəməsinin Baş prokuroru, Amsterdam Universitetinin Hüquq fakültəsinin professoru Miranda de Meyer, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Stanislav Pavlovski (Moldova), eləcə də ölkəmizin müxtəlif instansiya məhkəmələrinin hakimlərindən, habelə prokurorluq orqanlarının əməkdaşlarından ibarət 40 nümayəndə iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, Beynəlxalq Prokurorlar Assosiyasiyasının vitse-prezidenti Kamran Əliyev demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçən Azərbaycan Respublikasının insan və vətəndaş hüquq və azadlıqlarına hörməti və bu meyarların qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının ümdə vəzifəsi kimi müəyyən etdiyini bildirib.
Qeyd edilib ki, Prezident cənab İlham Əliyevin siyasi rəhbərliyi ilə ölkəmiz bir çox universal və regional xarakterli beynəlxalq təşkilatlara üzv olmuş və çoxsaylı beynəlxalq müqavilələrə qoşulub ki, bu mötəbər sənədlərin mühüm bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlib.
Görülən işlərin bariz nümunəsi kimi dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının əhəmiyyəti xüsusu vurğulanaraq, bu mühüm sənəd ölkəmizdə beynəlxalq və milli qanunvericiliyin vəhdəti şəklində həyata keçirilən köklü məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsi kimi qiymətləndirilib.
K.Əliyev çıxışında daha sonra ölkəmizin hüquq-mühafizə orqanları ilə Beynəlxalq Prokurorlar Assosiasiyası arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri haqda geniş məlumat verib.
Daha sonra açılış mərasimində çıxış edən Məhkəmə-Hüquq Şurası aparatının rəhbəri Cavid Hüseynov ölkəmizdə məhkəmə sisteminin qabaqcıl beynəlxalq standartlar səviyyəsində təşkilinin xüsusi diqqətdə saxlanıldığını, bu istiqamətdə ardıcıl və davamlı tədbirlərin həyata keçirildiyini qeyd etmiş, öz növbəsində ekspertlər Fransua Falletti, Miranda de Meyer və Stanislav Pavlovski ölkəmizdə həyata keçirilən ədalət mühakiməsi və insan hüquqları sahəsindəki islahatları müsbət dəyərləndirərək keçiriləcək təlimin istər hakimlərin, istərsə də prokurorluq orqanları əməkdaşlarının peşəkarlığının artırılması və effektivliyin təmin edilməsi baxımından faydalı olacağına əminliklərini ifadə etmişlər.
Mayın 17-dək davam edəcək beynəlxalq seminarda ekspertlər tərəfindən təqdimatların keçirilməsi, eləcə də iştirakçıların praktiki məsələlərin həlli ilə bağlı tədbirlər nəzərdə tutulub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin