Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2020 20:12
Angela Merkelin Moskvaya səfərinə maraq bir neçə səbəbdən böyük idi. Bir tərəfdən, Almaniya ilə Rusiya arasındakı münasibətlər son bir ildə çox soyumuşdu. Digər tərəfdən isə, dünya miqyasında sürətli geosiyasi dəyişikliklər baş verməkdədir. Bunun fonunda iki ölkənin qarşılıqlı münasibətlərini necə inkişaf etdirə biləcəkləri aktuallıq kəsb edir. Burada digər vacib məsələ ABŞ-ın təzyiqlərinə Avropa dövlətlərinin reaksiyasının dəqiqləşdirilməsi ilə bağlı idi. Səfər göstərdi ki, bütövlükdə dünya siyasətində qüvvələr nisbəti dəyişə bilər. Hətta meydana yeni geosiyasi konfiqurasiya çıxa bilər. Bu istiqamətdə müəyyən addımlar özünü göstərir. A.Merkel və Vladimir Putinin Moskva danışıqları da həmin bağlılıqda maraqlı nəticələrlə yadda qaldı. Həmin aspektdə səfərin geosiyasi çalarları üzərində geniş dayanmaq istərdik.
Ziddiyyətdən sonra: alman-rus münasibətlərində yaxınlaşma meylləri
Sonxeber.net newtimes.az-a istinadən xəbər verir ki, Almaniya Kansleri Angela Merkelin Moskvaya Vladimir Putinin dəvəti ilə səfər etməsi ekspert dairələrində böyük maraq doğurdu. Almaniya ilə Rusiya arasında münasibətlərin gərgin olduğu sirr deyil. Xüsusilə ötən il çeçen əsilli bir səhra komandirinin Almaniyanın paytaxtında qətlə yetirilməsi iki ölkə arasındakı əlaqələrə ciddi zərbə vurmuşdu. Rəsmi Berlinin Kremldən bir neçə dəfə təhqiqata yardım istəməsinə baxmayaraq, müsbət cavab ala bilməmişdi. Bundan sonra tərəflər bir neçə diplomatı "arzuolunmaz şəxs" kimi qarşılıqlı surətdə ölkələrdən qovdular.
Bunların fonunda, təbii ki, Ukrayna faktorunu unutmaq olmaz. Bu problem Almaniya-Rusiya münasibətlərinin geosiyasi kontekstinin nüvəsini təşkil edir. Almaniya Ukraynanı dəstəkləyir, Rusiya isə əks mövqedədir. Bütün bunlara görədir ki, iki ölkə arasında münasibətlərin normallaşmasına az ehtimal verilirdi. Ancaq siyasət doğrudan da sürprizlərlə doludur və vəziyyət kardinal surətdə dəyişə bilər. Bu dəfə də müəyyən geosiyasi proseslər tərəfləri münasibətlərinə yenidən baxmalarına sövq etdi. Ekspertlər bu bağlılıqda bir neçə faktoru vurğulayırlar.
Almaniya, faktiki olaraq, bir neçə istiqamətdən təzyiq altındadır. Onlardan biri ABŞ-ın, ümumiyyətlə, Avropa siyasəti ilə bağlıdır. Vaşinqton getdikcə daha güclü şəkildə Avropa İttifaqının (Aİ) hətta böyük dövlətləri qarşısında öz tələbini qoyur. Onların başlıca mənası Avropa ölkələrinin bütün məsələlərdə Vaşinqtondan asılı olmasından ibarətdir. O cümlədən ticarət, iqtisadi inkişaf, özünümüdafiə, energetika kimi strateji sferalarda Vaşinqtonun istəyinin nəzərə alınması tələbi vardır.
Son olaraq bu keyfiyyətdə "Şimal axını-2" layihəsi ilə əlaqəli Amerika ilə Aİ arasında fikir ayrılığının daha sərt xarakter alması vurğulanır. Amerika Brüsseldən tələb edib ki, bu layihədən imtina etsin. Hətta Aİ rəsmi qərar da qəbul edib. Ancaq Fransa və Almaniya bunu istəmirlər. Xüsusilə Berlin hesab edir ki, Avropa enerji məsələsini öz mənafeyi aspektində özü həll etməlidir. Buraya "Şimal axını-2" layihəsi də daxildir. Bu məsələ Avropanın alternativ mənbələrdən yararlanması zərurəti fonunda daha da aktuallaşıb. Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi alternativ mənbə məsələsini daha konkret məzmunda gündəmə gətirib. Buna görə də A.Merkel müstəqil addım atmağa ehtiyac görüb.
Berlinlə Vaşinqton arasında fikir ayrılığı yaradan başqa məsələ hərbi-müdafiə sferasıdır. Almaniya Avropanın öz ordusunun olmasını arzulayır ki, ABŞ qətiyyətlə buna qarşıdır. Bu məsələ hələ də Fransa, Almaniya və ABŞ arasında didişmə mövzusu olaraq qalır. Bunlara son günlər Yaxın Şərqdə iki hadisə də əlavə olundu.
Onlardan biri Suriya və Liviyada vəziyyətin kəskinləşməsi və yeni qaçqın dalğası ehtimalı ilə bağlıdır. Bəşər Əsəd qüvvələri Rusiya və İranın dəstəyi ilə İdlibə hücum edib. Nəticədə, 300 minə yaxın insan Türkiyə sərhədinə toplaşıb. Ankara onları qəbul etmir və tələb edir ki, atəşkəs elan olsun. Əks halda, qaçqınların Avropaya qapısını açacaq. Bunun fonunda Liviyada da ciddi təhlükə yaranıb. Müxalif Xəlifə Haftar gücləri paytaxt Tripoliyə hücumu davam etdirirlər. Genişmiqyaslı hərbi əməliyyatlar başlasa, insanların buradan Avropaya köç dalğası qaçılmazdır. İndidən bir sıra KİV-lər avropalıları bununla qorxudurlar. Nəhayət, bütün bunlara İran generalı Qasım Süleymaninin öldürülməsindən sonra Yaxın Şərqdə daha riskli vəziyyətin yaranmasını əlavə etmək gərəkdir. Söhbət, faktiki olaraq, geniş məkanı əhatə edə biləcək qarşıdurmadan gedir. Təbii ki, bunlar daha böyük miqrasiya dalğasının meydana gəlməsi riskini xeyli artırır. Tərslikdən İran tərəfindən Ukraynanın bir sərnişin təyyarəsi də Tehran yaxınlığında vuruldu. Bu da qeyri-müəyyənliyi artırdı.
Qlobal geosiyasi dinamika: yeni mərhələ
Yuxarıda vurğulanan məqamlar kompleks halında Angela Merkelin Rusiyaya səfər etməsinə ehtiyac olduğunu ortaya qoyur. Ekspertlər bununla bağlı hesab edirlər ki, Almaniya və Rusiyanın yaranmış vəziyyətdə münasibətlərinə yeni düzən vermək imkanları mövcuddur. Almaniya Kanslerinin Moskvaya səfərinin yekunlarına əsaslanan ekspertlər bu proqnozun özünü doğrultduğu qənaətindədirlər.
Məsələ ondan ibarətdir ki, V.Putin və A.Merkel bütövlükdə məsələlər üzrə razılığa gəliblər. V.Putin Liviyada böyük savaşın olmayacağını deyib. Yəni oradan Avropaya geniş miqrasiyaya yol verilməyəcək. İdlibdə atəşkəs elan olunub. Türkiyə və Rusiya bununla bağlı razılığa gəliblər. Bu isə o deməkdir ki, oradan da Avropaya miqrasiyanın qarşısı alına bilər. Rusiya buna yardımçı ola bilər.
İrana gəldikdə isə Moskva və Berlin Tehranın imzalanan sazişə əməl etməsi tərəfdarı olduqlarını bir daha bəyan ediblər. Rusiya ABŞ-İran qarşıdurmasında tərəf olmayacağını bəyan edib. Bu o deməkdir ki, İran ciddi dəstəyini itirir və o da radikal addımlar atmayacaq. Bu vəziyyət Almaniyanı qane edir.
"Şimal axını-2" layihəsinə gəldikdə isə Rusiya onun reallaşmasında maraqlı olduğunu bəyan edib. A.Merkel də Moskvada bəyan edib ki, "biz onu sona çatdırmalıyıq". Üstəlik, Kansler Amerikanın bununla bağlı tətbiq etdiyi qadağaları düzgün addım adlandırmayıb. Belə bir mövqe ilə A.Merkel Vaşinqtonun diqtəsi ilə hərəkət etmək fikrində olmadığını ifadə edib. Ekspertlər bunu cəsarətli addım hesab edib, onun arxasında daha ciddi geosiyasi məqamların dayandığına inanırlar.
Məsələ ondan ibarətdir ki, Rusiya Avropa ölkələrinin ABŞ-ın təsirindən çıxması üçün çox çalışır. A.Merkelin Moskvadakı mövqeyi onu göstərir ki, Fransa ilə yanaşı Almaniya da bu istiqamətdə irəliləyir. Bununla XX əsrin ikinci yarısından bu yana ilk dəfə olaraq geosiyasi kontekstdə Qərb parçalanır. ABŞ-la Avropa arasında uçurum dərinləşdikcə, Rusiyanın dünya miqyasında geosiyasi əhəmiyyəti artır. V.Putin Moskva görüşündən bu qazancla çıxıb.
Lakin iki ölkə arasında bir ciddi problem qalmaqdadır. O da Ukrayna ilə bağlıdır. Almaniya Ukraynanın Avropanın bir üzvü olmasını arzulayır. Bütün fəaliyyəti də buna xidmət edir. V.Putin isə Moskvada şərtini bir daha təkrar edib. "Donbasa müddətsiz xüsusi status verilməlidir!" Yəni Ukrayna faktiki olaraq siyasi müstəvidə parçalanmalıdır. Moskva Donbasdan əlini çəkməyəcək. Bunun fonunda Krımdan söhbət getmir. A.Merkel və V.Putin üçün Donbas məsələsi xeyli qeyri-müəyyən olaraq qalır. Onlar ümumi olaraq "Normand dördlüyü" çərçivəsində müzakirələri davam etdirməyi lazım bildiklərini deyiblər.
Beləliklə, A.Merkelin Moskva səfərinin geosiyasi cəhətdən maraqlı olduğu qənaətinə gəlmək olar. Almaniya Kanslerinin Türkiyəyə səfəri ərəfəsində Rusiyada əlini gücləndirməsi ekspertlərin diqqətini cəlb edib. Çox güman ki, Ankara da Suriya və Liviya məsələsində Rusiyanın mövqeyindən fərqli bir şey deməyəcək. Çünki, əslində, Ankara üçün sülh və sabitlik daha çox lazımdır. Həm də İstanbulda Türkiyə və Rusiya prezidentlərinin həmin məsələlərlə bağlı gəldikləri razılıqlar faktiki surətdə Merkel-Putin görüşündə təkrar ifadə edilib.
Bütün bunların fonunda başqa bir maraqlı geosiyasi reallıq da göz önündə sərgilənir. Biz Türkiyənin artıq güclü bir dövlət kimi qlobal geosiyasi proseslərdə öz mövqeyi ilə inamla çıxış etməsini nəzərdə tuturuq. Rəsmi Ankara böyük siyasətin böyük oyunçularından biridir. A.Merkelin Rusiyaya səfərində bu tezis bir daha öz təsdiqini tapdı. Belə ki, rəsmi Moskva Ankara ilə uzlaşdırdığı mövqeyini dəyişmədi və faktiki olaraq Türkiyənin geosiyasi gücünü bir daha təsdiq etdi. A.Merkel Rəcəb Tayyib Ərdoğanla danışmaq üçün V.Putinlə müəyyən məsələləri razılaşdırmalı idi.
Belə çıxır ki, qlobal geosiyasətdə yeni konfiqurasiya formalaşmaqdadır. Orada yeni böyük oyunçular iştirak edir. Artıq bu prosesə Avropanın da böyük dövlətləri qatılmaqdadır. O cümlədən Almaniya! Bizim üçün önəmli odur ki, həmin sırada qardaş Türkiyə də mövcuddur!