Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2019 13:00
"Sumqayıt"ın cənubi azərbaycanlı hücumçusu Peyman Babayi Qol.az-a müsahibə verib. Azərbaycan və İran futbolunu müqayisə edən futbolçu maraqlı fikirlər səsləndirib.
- Artıq 4 aydan çoxdur Azərbaycandasınız. Futbolumuz, ölkəmiz haqda təəssüratlarınızı bilmək maraqlı olardı...
- Bəli, 4 aydır ki, buradayam. Özüm də əslən azərbaycanlı olduğum üçün ölkəyə uyğunlaşmaq o qədər də çətin olmadı. Sumqayıt çox gözəl şəhərdir. İnsanları qonaqpərvər, istiqanlıdır. Burada özümü evimdəki kimi hiss edirəm.
- Cənubi Azərbaycanda bizim futbolumuza maraq necədir?
- Oralarda əsasən “Qarabağ” və “Neftçi”ni tanıyırdılar. Buna səbəb də həmin klubların qitəmiqyaslı turnirlərdə iştirak etməsi idi. Lakin artıq “Sumqayıt”ın oyunlarına da maraq çoxdur. Sosial şəkəbələrdə bunu asanlıqla görmək mümkündür.
- Bilirik ki, Təbrizdə "Qarabağ” klubu çox sevilir. Yəqin ki, avrokuboklarda da bu komandaya azarkeşlik edirlər...
- Əlbəttə! Təbrizdə “Qarabağ”ın Avropa oyunlarını xüsusi maraqla izləyirlər.
- “Traktorsazi”nin yetirməsisiniz. Bu komandadan başqa, “Qostareş” və “Maşinsazi”nin də formasını geyinmisiniz. İran futbolu ilə bizimkini necə müqayisə edərdiniz?
- İranda əsasən güc futbolu üstünlük təşkil edir. Burada isə tam fərqli olaraq, taktiki üstünlük oyuna verilir.
- İranda, elə Təbrizin özündə futbola maraq az deyil. Stadionlara kifayət qədər azarkeş gəlir. Elə bir mühitdən çıxıb, burada 300-400 nəfərin qarşısında oynamaq necə hisddir?
- Azarkeş çox olanda futbolçu daha həvəslə oynayır. Sevindirici haldır ki, “Sumqayıt”ın bütün ev oyunlarında tribunalar tam dolur.
- “Sumqayıt”a gəldiyiniz ilk vaxtlarda özünüzü göstərə bilmirdiniz. Problem uyğunlaşma ilə bağlı idi?
- Ümumilikdə 6 qol vurmuşam. Fikrimcə bu, pis göstərici deyil. Əslində problem uyğunlaşma ilə bağlı deyildi. Sadəcə, bəzi qarşılaşmalarda oyunumuz alınmırdı.
- Artıq Azərbaycan çempionatına tam uyğunlaşdığınızı demək olar?
- Bəli.
- Çempionatda “Səbail”in, kubokda isə “Zirə”nin qapısına vurduğunuz qollar baxımlı alındı. Deyəsən, bu cür qollar vurmağı sevirsiniz...
- Hər iki qol təsadüfən alındı. “Səbail”lə oyunda rəqib qapıçının öndə olduğunu gördüm və topu qapıya göndərdim. “Zirə” ilə matçda da həmçinin. Açığı, həmin epizodun qol olacağını düşünmürdüm (gülür).
- Üç gündən sonra Naxçıvanda kubokun final oyunu var. "Qəbələ" ilə matçda şanslarınızı necə dəyərləndirirsiniz?
- Bldiyiniz kimi, bu oyun bizim tariximizdə ilk finaldır. Bütün komanda bu matça köklənib. Əlimizdən gələni edəcəyik ki, kuboku qazanaraq, Sumqayıt şəhərinin 70 illiyinə hədiyyə edək.
Elnur SALAHOV