Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Həkim dedi, xəstə özü gəlməsə, dərmanları verə bilməz”

“Həkim dedi, xəstə özü gəlməsə, dərmanları verə bilməz”

Tarix: 17 Yanvar 2020 12:24

"Nənəm Dilarə İbadovanın 72 yaşı var və 50 il müəllim kimi Lerik rayonunda fəaliyyət göstərib. Şəkər xəstəsi olduğu üçün Lerik Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır və ona hər ay dövlət tərəfindən şəkər dərmanları verilməlidir. Lakin xəstəxanadan bildirilir ki, xəstə özü gəlmədiyi təqdirdə dərmanlar verilə bilməz".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri yazıçı, şair Orxan Bahadırsoy sosial şəbəkədə yazıb.

Bildirib ki, nənəsi və bibisi üçün dərman almaq üçün Mərkəzi xəstəxanaya yaxınlaşdığı zaman ona qarşı kobudluq olunub:

"72 yaşlı qadının hər ay kənddən 30 kilometr məsafədə olan rayon mərkəzinə getməsi elə də asan deyil. Həmçinin bibim də bir böyrəyini itirib və 600 şəkəri olan biri üçün hərəkət etmək elə də asan deyil. Nənəmlə bibimin  şəxsiyyət vəsiqələrini, anketlərini xəstəxanada endokrinoloq Həndəm Tağıyevə təqdim etsəm də, mənə dərman verilmədi. Kobud formada bildirildi ki, xəstələr özləri gəlib dərmanları götürməlidir.

Daha sonra mən lezvayla qolumu kəsəcəyimi bildirdim və ondan sonra dərmanlar verildi. Hadisə ilə bağlı polis bölməsinə və rayon prokurorluğuna şikayətimi bildirmişəm. Şikayətimə baxılacağı, həmin həkimin fəaliyyətinin araşdırılacağı deyilib".

Şikayətlə bağlı Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev ilə əlaqə saxladıq. Baş həkimin sözlərinə görə, şəkər dərmanlarının verilməsi ilə bağlı xəstəxanada hər hansı bir problem yaşanmır:

"Hər iki xəstə yataq xəstəsi deyil. Daimi xəstələrimizdir və dərmanla bağlı hər hansı problem yaşamamışıq. Qayda budur ki, heç olmasa, 3 aydan bir şəkərdən əziyyət çəkən şəxs xəstəxanaya müraciət etməli və analiz kağızı yazılmalıdır. Yataq xəstələri üçün isə xüsusi nümayəndə təşkil olunur və ya kənd sahə həkimi tərəfindən arayış yazılır və anketinə tikilir. İstər dərman, istərsə də insulinlə bağlı hər hansı problemimiz yoxdur. Sadəcə olaraq həmin şəxslər tərbiyəsiz formada həkimə lezvayla hücum ediblər. İş hazırda prokurorluqdadır. Mən həmin gün iclasda olmuşam. Deyilənə görə mənim üçün də nalayiq fikirlər söylənilib. Dilarə xanımı yaxından tanıyırıq, hörmətimiz olan şəxslərdir. Anket təqdim olunduğu təqdirdə ailədən gələn hər hansı bir şəxsə dərman verə bilərik. Heç bir problem yoxdur".

Qeyd edək ki, yaxın günlərdə Bakı sakini də 70 yaşlı anasının hər ay şəkər dərmanı almaq üçün xəstəxanada növbə gözlədiyini və bu zaman çətinliklər yaşadığını bildirmişdi.

Milli.Az


Etiketlər:  Həkim dedi xəstə özü gəlməsə dərmanları verə bilməz


RƏYLƏR