Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2020 00:51
Bakı. Trend:
Yanvarın 17-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şücaətindən bəhs edən və şəhidlərin xatirəsinə ithaf olunan “Mübariz” operasının premyerası keçirilib.
Trend xəbər verir ki, tədbirdə 20 Yanvar gecəsinə həsr olunan rəsm sərgisi də nümayiş etdirilib.
Librettosu şair Şahin Musaoğluna, musiqisi bəstəkar Nərmin Nağıyevaya məxsus olan tamaşanın quruluşçu rejissoru Əməkdar artist İnarə Babayevadır. Operada baş rollarda Əməkdar artistlər Ramil Qasımov, Cahangir Qurbanov, Tural Ağasiyev, həmçinin Səbinə Ərəbli, Taleh Yahyayev, Şaban Cəfərov, Elçin Əhədzadə və Aydan Həsənova çıxış ediblər. Səhnə əsərinin quruluşçu baletmeysteri Əməkdar artist Ceyhun Qubadov, quruluşçu rəssamı Fərid Nəcəfovdur.
Tamaşada F. Əmirov adına Əməkdar kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına xoru (xormeyster Şəhla Ələkbərova) iştirak edib.
Tamaşaçılar mübarizliyə səsləyən operanı həvəslə seyr edib, tədbirdən xoş xatirələrlə ayrılıblar. Zalda opera boyu hökm sürən ruh yüksəkliyi, ara verməyən gurultulu alqışlar, sonda aktyor və bütün tamaşaçılar tərəfindən yekdilliklə səslənən “Azərbaycan, Azərbaycan” nidaları xalqımızın vətənpərvərliyini, şəhidlərə əbədi ehtiramını bir daha sübut etdi. Şübhəsiz ki, “Mübariz” operası klassik musiqi sənətinə dəyərli töhfə olmaqla yanaşı, gənclərdə vətənpərvərlik ruhunun, sarsılmaz mübarizə əzminin formalaşdırılmasında da mühüm rol oynayacaq.
İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin