Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Televizorlardan telefonlara ''köçən'' seriallar

Televizorlardan telefonlara ''köçən'' seriallar

Tarix: 20 Yanvar 2020 20:24

İnternetin sərhədsiz imkanları hər kəsə öz məharətini göstərə bilməsi üçün meydan verir

Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir.

Artıq neçə illərdir böyük populyarlıq qazanmış seriallar kinematoqrafiyanın nisbətən yeni bir qoludur. Adətən televiziya qarşısına keçib, pultu əlimizə alaraq izləməyə adət etdiyimiz serialları indi telefonda izləmək vərdişimiz yaranıb. Son vaxtlar isə həmin seriallara yeni bir rəqib gəlib. Adına internet serialları deyirlər. Orta və yaşlı nəsil rejissorlarla əlaqə saxlayıb, internet seriallarının bugünkü vəziyyətini xəbər almağa çalışanda, onlar hər nə qədər "internetdə nə serial?" deyib cavab versələr də, belə seriallarımız var və az da deyil. Belə ki, artıq internetdə yeni bloglar, internet verilişləri, sərbəst videolar çəkildiyi kimi, internet serialları da yaranmağa başlayıb.
 
Ötən gün onlardan ikisini izlədim. Hələ ilk bölümləri nümayiş olunan "Ortastatistik Rasim" və "Sayrışan işıqlar" heç də televiziya seriallarından geri qalmır. Daha sonra o serialların qəhrəmanları ilə söhbətləşdik. Onlar indiki dövrdə hər şeyin insanların rahatlığına hesablandığını və sosial şəbəkələrdə daha çox izləyici kütləsinin olduğunu əsas gətirərək, belə bir layihənin mümkün uğurlarından danışdılar.

"Youtube"-da nümayiş olunan "Sayrışan işıqlar"ın əsas qəhrəmanlarından olan aktrisa Aysel Nazim deyir ki, günü-gündən serialı televiziyadan izləyən tamaşaçıların sayı azalmağa başlayır: "Hər dövrün öz tələbi var. Bugün insanlar hər şeyi rahat şəkildə əldə edirlər və bu işdə internet, telefon, planşetlər vasitə rolunu oynayır. Artıq tamaşaçılar filmi, serialı məhz telefon vasitəsi ilə izləyirlər. Çünki belə olduğu təqdirdə, zaman və məkan anlayışı qalmır. Hətta televiziyada yayımlanan serialları belə, insanlar internetdən izləyirlər. Belə ki, serialların yayımlandığı vaxtlar uyğun olmadığından, internetdən baxmağa üstünlük verirlər. Tək Azərbaycanda deyil, bütün dünyada belədir. Sosial şəbəkələrin, internetin hakim olduğu, internetin televiziyalara qalib gəldiyi bir zamanda yaşadığımız üçün artıq inkişaf etmiş ölkələrdə internetdə verilişlər aparır, seriallar çəkirlər. Elə Türkiyənin özü də internet serialları çəkməyə başlayıb. Mən özüm də yeni "Youtube" kanalı açmışam, orada yeni veriliş hazırlayıram. Müsahibələr etməyə başlayıram. İstədiyim sualı verirəm, bilirəm ki, müsahibim də mənim verilişimdə özünü rahat hiss edəcək. Belə olmağı daha yaxşıdır və məhz bu səbəbdən də internet serialları və verilişləri insanlara daha səmimi gəlir".
 
Aktrisa qeyd edir ki, yeni yaranan "Sayrışan işıqlar" böyük maraq cəlb edib: "Azərbaycan Film Akademiyası internet serialı çəkmək qərarına gəldi və belə bir layihənin daha çox izləniləcəyini düşündülər. Nəticədə belə bir məhsul ortaya çıxdı. Bu çox təqdirəlayiq haldır. İnternetdən fərqli olaraq, televiziyalarda nümayiş olunan serialların bəziləri reytinq vermədiyi üçün qısa müddətdən sonra həmin seriallar bağlanır. İnternet serialı isə daha rahat və fərqlidir. Mən də belə bir layihədən təklif aldıqda, çox sevindim. Azərbaycanda internet serialı ilk layihə olduğu üçün qəbul etdim. Bilirsiniz ki, ilkləri sevirəm. Bu serialda baş rolda Rəşad Kəsəmənli və Elnar Qarayevlə mən oynayıram. Orada yeni aktyorlar da var. Serialdakı hadisələr real həyatdan götürülüb. Həkimlər və onların qarşılaşdıqları hadisələr, onların çözümü, yaşanan iztirablar, yanlış düşüncələr - hamısı bu serialda nümayiş olunacaq".

Aktrisa qeyd edir ki, serialın ilk bölümü "Youtube"a yerləşdirildikdən sonra gözəl şərhlər alıblar: "Gözəl fikirlər səsləndirirlər. Birinci seriya tanışlıq mərhələsi idi. Ümumi hekayə idi. Digər bölümlərdə isə konfliktlər getdikcə güclənəcək. Rejissorumuz Zaur həm psixoloqdur, həm də çox fərqli yanaşmaları var. Düşünürəm ki, yaddaqalan və gözəl bir iş ortaya qoyub. Biz bu layihənin tutacağına inanırıq. Birinci bölümə böyük maraq oldu. İnsanlar növbəti bölümü gözləyirlər. Bu serialda azərbaycanlı həkimlərin həyata keçirdiyi uğurları da göstərmiş oluruq. Bizim Azərbaycan həkimlərinin uğurları kifayət qədərdir və belə olduğu halda, biz nə üçün müalicə üçün xaricə üz tutmalıyıq? Yaşanılan hekayələri canlandırmaqla, bizim tamaşaçıların həkimlərə inamını qaytarmış olacağıq. Hələ ki, çəkilişlər davam edir".

"Ortastatistik Rasim" serialında rol alan gənc aktrisa Günel İmanova deyir ki, hazırkı dövrdə insanların tələbatının çox hissəsini internet təmin edir: "Hər insanın özünəməxsus maraq dairəsi var. O maraq dairəsinə uyğun şəkildə materiallar izləyirlər. Əvvəllər istənilən bir verilişi, filmi, serialı televiziyadan izləyirdilərsə, indi bütün bunları bir toxunuşla izləmək imkanını onlara internet və mobil telefonlar verir. Televiziyadan fərqli olaraq, internetdə baxış daha çox olur. İnternetdə nəinki seriallara, verilişlərə, maraqlı layihələrə də daha çox baxır və izləyirlər. Əslində imkanı olan gənc və orta nəslin adamları isə internetdən izləməyə daha çox üstünlük verirlər. Mən özüm də sevdiyim serialları və filmləri Netflix-dən və internetdən izləyirəm".
 
G.İmanova internet serialının televiziyada nümayiş olunan seriallardan çox fərqləndiyini bildirdi: "İlk növbədə internet serialı keyfiyyət baxımından fərqlənir. İnternet serialı daha asan, rahatdır, heç bir çərçivələri yoxdur və serialı çəkən insanın, yaradıcı heyətin qarşısında "olmaz"lar yoxdur, heç nədən çəkinmirlər. Televiziyanın qanunları çərçivəsində deyil, rahat şəkildə çəkirlər. İstədikləri mövzunu istədikləri şəkildə çəkmək imkanına malikdirlər. Daha televiziya serialları kimi standart ailə-məişət, qadınlara qarşı haqsızlıq mövzularında ssenarilər yazılmır. Ona görə də internet serialının yaradıcı heyəti istədiyi mövzuya müraciət edə bilir".

Aktrisa qeyd edir ki, "Ortastatistik Rasim" serailının davamı da çəkiləcək.
 
Sözügedən serialda rol alan digər aktyor Elcan Rəsulov da deyir ki, internet serialında işləmək daha asan və rahatdır: "Yaxşı serial hər yerdə baxılır, izlənilir və sevilir. İstər internet serialı olsun, istərsə də televiziya. Televiziyada elə çərçivələr var ki, bunlar internetdə yoxdur. İnternet serialında daha çox mesajı tamaşaçıya çatdırmaq mümkündür. İnternet üçün nəzərdə tutulan layihələr daha çox "Youtube"da nümayiş olunur. "Youtube" isə sərbəstliyi daha çox sevir. Burada vaxt baxımından səni sıxan yoxdur. Artıq dünyada Netflix və bu kimi layihələr var ki, onlar məhz internet üçün çəkilir və bütün dünya ona baxmaq imkanı əldə edir. Hesab edirəm ki, yeni çəkilən internet serialları da bu baxımdan tutarlı olacaq. Bu gün internet serialları üçün geniş bir meydan yaranıb. İndi hər kəs öz məharətini göstərmək üçün bəhanə gətirə bilməz, əgər televiziya sənə bu imkanı yaratmırsa, məharətini internetdə göstərə bilərsən. Mən özüm "Youtube" verilişinə başlayacam. Kəbirlə birlikdə "Babat şou" hazırlayacağıq".
 
E.Rəsulov qeyd edir ki, internet serialları televiziya seriallarını üstələyə bilər: "Ancaq paytaxta baxanda, bölgələrimizdə internetə maraq daha azdır. Hətta internetin gedib çıxa bilmədiyi, zəif tutduğu, tutmadığı bölgələrimiz də var. Orada insanlar televiziyaya baxmağa məhkumdurlar. İnternet orada daha geniş yayıldıqdan sonra televiziyanı tam üstələyəcək. Bu film maraqla qarşılanıb. İnternet seriallarının sponsorları olur. "Youtube"-un özündən gəlir əldə etmək isə hələ ki, mümkün deyil".

Aktyor getdikcə sponsorların televiziyaya deyil, daha çox sosial şəbəkələrə, izləmə sayı çox olan internet səhifələrinə üstünlük verdiklərini deyir: "Artıq bu bazar sistemli şəkildə fəaliyyət göstərir. Dəfələrlə olub ki, bizə müraciət edib deyiblər ki, televiziyada deyil, sosial şəbəkədəki səhifənizdə bu məhsulu təqdim edin. Həm də qiymət baxımından internet daha ucuz olur və bu da sponsorlara üçün sərfəlidir".


Etiketlər:  Televizorlardan telefonlara köçən seriallar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ