Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 110 mindən çox insan qızılcaya qarşı peyvənd edilib (ÖZƏL)

Azərbaycanda 110 mindən çox insan qızılcaya qarşı peyvənd edilib (ÖZƏL)

Tarix: 17 May 2019 07:48

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda 20-40 yaşlı insanların qızılca-məxmərək əleyhinə peyvəndləmə işlərinin mayın sonunadək davam etməsi nəzərdə tutulur.

Bunu özəl olaraq Trend-ə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, səhiyyə naziri Oqtay Şirəliyevin respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair imzaladığı əmrə əsasən, qızılca xəstəliyi Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında, 20-40 yaşlı əhali arasında qızılcaya qarşı təmizləyici immunlaşdırma tədbirləri mart-aprel aylarında keçirilməli idi. Lakin yerlərdə vaksin ehtiyatı qaldığından bu tədbirlərin həyata keçirilməsi davam etdirilir. Apreldən indiyədək ölkədə 110 mindən çox 20-40 yaşlı şəxs qızılca-məxmərək əleyhinə peyvənd edilib.

A.Əliyeva qeyd edib ki, vaxtında peyvənd edilməyən 7-10 yaşlı uşaqlar arasında da təmizləyici immunlaşdırma tədbirləri aparılıb və 14 minə yaxın uşaq peyvənd edilib. Hazırda təmizləyici immunlaşdırma tədbirlərinin aparılması və uşaqların planlı qaydada qızılca və məxmərək əleyhinə peyvənd edilməsi davam etdirilir.

RGEM rəsmisi qeyd edib ki, bu il ərzində Azərbaycanda 263 nəfər qızılcaya yoluxub. Bu ilin yanvar ayında Azərbaycanda 106, fevralda 110, martda 23, apreldə 24 nəfərdə qızılcaya yoluxma halı təsdiqlənib: "Mart-aprel aylarında qızılcaya yoluxma halları azalıb. Hazırda xəstəliyə yoluxma tək-tək hallarda qeydə alınır. Xəstəlik hələ ki tam şəkildə aradan qalxmayıb. Amma çox yaxın zamanlarda Azərbaycanda qızılca xəstəliyinin qarşısı tamamilə alınacaq".

Qeyd edək ki, Avropa ölkələrində, eləcə də Azərbaycanla qonşu ölkələrdə qızılca xəstəliyinə yoluxanlarının sayının həddindən artıq olmasını nəzərə alaraq, bu ilin fevral ayında ölkəmizə böyüklərin immunizasiyası üçün qızılca-məxmərək əleyhinə 160 min dozada vaksinlər gətirilib. Peyvəndləmə məcburi qaydada həyata keçirilmir. Vaxtilə hər hansı səbəbə görə qızılcaya qarşı peyvənd olunmayan 20-40 yaşlı insanlar ərazi üzrə poliklinikalara müraciət edərək peyvənd olunurlar. Hamilə qadınlar və ya hamilə olmağa hazırlaşan qadınlar, qan, onkoloji xəstəliyi olan, yumurta zülalına allergiyası olan şəxslər bu vaksinə qarşı peyvənd oluna bilməzlər.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, bu il dünyada qızılca xəstəliyinə yoluxma kəskin şəkildə artıb. 2019-cu ilin yalnız 3 ayında 112 min şəxsdə bu xəstəliyə yoluxma faktı qeydə alınıb. Qızılcanın kütləvi yayıldığı ölkələr sırasında Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Konqo, Madaqaskar, Filippin, Efiopiya və Sudan var.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda mindən çox insan qızılcaya qarşı peyvənd edilib ÖZƏL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ