Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 10:58
Bakı. İlhamə İsabalayeva - Trend:
Paytaxt müəllimləri üçün “İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma təlimlərinə start verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, təlimlər Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondunun (YUNİSEF) birgə əməkdaşlığı çərçivəsində reallaşdırılır.
İxtisasartırma təlimlərində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə fəaliyyət göstərən 500-dən çox ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulur. Təlimlər hər qrup üzrə 6 gün davam edəcək.
Təlimi uğurla tamamlamış müəllimlərə yekun qiymətləndirmənin nəticələrinə görə sertifikat veriləcək.
Qeyd edək ki, təlimlərin keçirilməsində əsas məqsəd inklüziv təhsil sahəsində müəllimlərin əlavə təhsilinin təşkili barədə Təhsil nazirinin əmrinin icrası çərçivəsində müəllimlərin peşəkarlıq səviyyəsini və təlim bacarıqlarını artırmaq, onları inklüziv təhsil sahəsində yeni tədris üsullarının tətbiqinə təşviq etməkdən ibarətdir. İxtisasartırma təlimləri BMT-nin Uşaq Fondu tərəfindən icra edilən “Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Müəllimlərin inklüziv təhsilə hazırlığının təmin edilməsi” layihələrinin tərkib hissəsidir.
Onu da qeyd edək ki, ötən il “İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma təlimlərinə qatılmış və yekun qiymətləndirmədən keçmiş 1 832 müəllimə də sertifikat təqdim olunacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin