Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 15:38
Hazırda Çin hökumətiylə danışıqlar prosesini davam etdiririk. Ümid edirəm ki, yaxın zamanlarda müsbət nəticə əldə edəcəyik.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı AzTV- nin "Hədəf" verişilinin efirində deyib. Səfir bildirib ki, Çin hökumətiylə Azərbaycan səfirliyi arasında danışıqlar aparılır: "Bir çox ölkələrin vətəndaşları hazırda həmin təcrid olunmuş şəhərdədirlər. Çin hökuməti karantin bölgəsindən, ümumiyyətlə, vətəndaşların çıxarılmasını ilkin mərhələdə təhlükəli hesab edir.
Azərbaycan hökuməti vətəndaşlarının çıxarılmasına çox ciddi yanaşır. Ümid edirəm ki, yaxın zamanlarda biz müsbət nəticə əldə edəcəyik".
Ə. Zeynallı bildirib ki, Çin Səhiyyə Komitəsinin bu günə olan son məlumatına görə, ölkədə 4599 nəfər artıq virusa yoluxub: "Onlardan da 106-sı dünyasını dəyişib. Virusa yoluxma şübhəsiylə 6973 nəfər karantindədir. Onlarla təmasda olan 50 mindən artıq insan isə ümumilikdə nəzarətə götürülüb. Bu faktlar onu deməyə əsas verir ki, koronavirus çox sürətlə yayılır.
Buna baxmayaraq Çin hökuməti tərəfindən çox ciddi preventiv addımlar atılır ki, yayılmanın qarşısı alınsın. Bizim, əsasən, narahatlığımıza səbəb olan epidemiyanın yayıldığı Uhan şəhərində olan tələbələrimizdir. Hazırda orada 7 vətəndaşımız var. Onlardan 4-ü tələbədir. Səfirlik olaraq 23 yanvar tarixindən etibarən vətəndaşlarımızla gündəlik əlaqə yaradırıq. Onların qarşılaşdıqları problemləri həll etməyə çalışırıq. Uhanda olan vətəndaşlarımızın vəziyyəti Çinin digər bölgələrində olan vətəndaşların vəziyyətiylə müqayisədə daha ağırdır. Çünki onlar öz mənzillərində, təhsil aldıqları universitetlərin yataqxanalarında tamamilə təcrid olunmuş vəziyyətdədirlər.
Uhan şəhərində, ümumiyyətlə, küçəyə çıxmaq qadağandır. Yataqxanada qalan tələbələrimiz universitetlər tərəfindən yeməkxanalarda yeməklə təmin olunurlar. Yataqxanalarda olmayanlara isə şəhər bələdiyyəsi tərəfindən yeməklərin çatdırılması təmin olunur. Evdə yaşayan tələbələrimiz isə uzunmüddətli azuqə toplayıblar. Çətinlik olduğu təqdirdə biz Xarici İşlər Nazirliyinin həmin şəhərdəki və əyalətdəki şöbələri vasitəsiylə vətəndaşlarımıza yardımı həyata keçiririk".