Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2020 10:15
Bakı. Trend:
Malayziyanın nüfuzlu elmi tədqiqat nəşrlərindən olan “SARE” jurnalının (Southeast Asian Review of English) 56-cı cildinin 2-ci sayında Azərbaycan qadın aşıq sənətinin tarixi nümayəndələrindən Aşıq Bəstiyə həsr olunmuş ingilis dilində məqalə dərc edilib.
Bu barədə Trend-ə Azərbaycanın Malayziyadakı Səfirliyindən məlumat verilib.
Bildirilir ki, Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva, Malayziya İslam İncəsənət Muzeyinin əməkdaşı, Azərbaycan mənşəli tədqiqatçı Əmin Əmirdabbaqyan və Malaya Universitetinin elmlər doktoru Krişnavanie Şunmugam tərəfindən qələmə alınmış məqalə “Sazım yardan ötrü fəryad edir” başlığı daşıyır.
Məqalədə əvvəlcə Azərbaycan folklorunun məhək daşı, Dədə Qorqud yadigarı olan aşıq sənətinin əsas xüsusiyyətləri barədə geniş məlumat verilir. Sonra 19-cu əsrə məxsus Azərbaycan qadın aşıqlarının görkəmli təmsilçilərindən olan Aşıq Bəstinin həyat və yaradıcılığından bəhs edilir, onun ifaçılıq və poetik istedadı barədə vacib qeydlər təqdim olunur. Həmçinin Aşıq Bəstinin timsalında Azərbaycan qadınının yüksək keyfiyyətləri, onun nəcibliyi, oxşarsız qabiliyyəti, eləcə də tarixən cəmiyyətdə özünü ifadəetmə azadlığı və ona göstərilən dərin ehtiram oxucuların diqqətinə çatdırılır. Bu səpkidə müəlliflər Aşıq Bəstinin hələ 19-cu əsrdə Azərbaycandakı qadın emansipasiyasının uğurlu nümunələrindən biri olduğuna və həmin dövrdə bunun müsəlman şərqi üçün inqilabi göstərici sayıldığına işarə edərək, oxuculara xalqımızın tərəqqipərvər xüsusiyyətləri barədə məlumat verirlər.
Məqalənin növbəti səhifələrində Aşıq Bəstinin şeirlərindən ingilis dilinə tərcümə edilmiş çoxsaylı seçmələr təqdim olunur.
Azərbaycan Respublikasının Malayziyadakı səfiri Qaley Allahverdiyev milli aşıq sənətimizin Malayziyanın elmi-publisistik nəşrlərində təqdim olunmasını təqdirəlayiq addım kimi qiymətləndirərək, müəlliflərə yeni-yeni nailiyyətlər arzulayıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın milli mədəniyyətimizin təbliğ olunmasına böyük diqqət və qayğı göstərdiyini qeyd edərək, bu gərgin əməyin nəticəsi kimi 2009-cu ildə aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini vurğulayıb. Səfir qeyd edib ki, bu məqalə vasitəsilə malayziyalı sənətsevərlər və tədqiqatçılar Azərbaycanın əzəli torpaqlarından olan Kəlbəcərin tarixi qadın incəsənət ustadlarından Aşıq Bəsti barədə məlumat öyrənir, eyni zamanda, hazırda işğal altında olan torpaqlarımıza məxsus böyük mədəni irsimizlə tanış olmaq üçün əlavə mənbə imkanı qazanırlar.
Qeyd etmək istərdik ki, “SARE” jurnalı Malayziyanın ilk ali təhsil ocağı kimi tarixə düşmüş nüfuzlu Malaya Universitetinin dövri-elmi nəşridir. Öz növbəsində Malaya Universiteti beynəlxalq reytinq təşkilatları tərəfindən dünyanın ilk 100 universiteti arasında göstərilir.
Məqalə ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar: https://sare.um.edu.my/article/view/21078/10718
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin