Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 08:18
Altmış üç yaşlı Şəkərxan Əlislamov Azərbaycanda ən titullu veteran güləşçilərdəndir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, qusarlı güləşçi veteranlar arasında keçirilən dünya çempionatlarında 10 dəfə mübarizə aparıb və bu günə kimi 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.
Daha çox uğur qazanmaq istəyən Şəkərxan Əlislamov hələ 70 yaşınadək güləşmək niyyətindədir.
Şəkərxan Əlislamov 1957-ci ildə Qusar şəhərində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyə İnstitutunda təhsil alıb. 1978-ci ildə Qazaxıstanın Almatı şəhərində keçirilən turnirdə SSRİ İdman Ustası normasını yerinə yetirib. Sonralar Qusar rayonunun Balaqusar kənd orta məktəbində bədən tərbiyəsi müəllimi, Uşaq Gənclər İdman Mərkəzində yunan-Roma güləşi üzrə məşqçi kimi çalışıb.
"Mən güləşə çox gec, özü də təsadüfən başlamışam. 15 yaşım olanda müntəzəm məşqlərə gedən idmançı dostlarımla güləşdim. Qarşıma keçəni məğlub etdim. Onlar da mənə çox güclü olduğumu, güləşə yazılmağımı tövsiyə etdilər. Mən də razılaşdım. Amma məşqçi yaşımı nəzərə alıb məni güləşə cəlb etmək istəmədi. Sonra mənimlə eyni çəkidə olan güləşçilərlə xalça üzərində qüvvəmizi sınamaq qərarına gəldi. Mən də həmin idmançıları məğlub edib məşqçini təəccübləndirdim. Ondan sonra peşəkar karyerama başladım. İdmana gec gəlsəm də, qazandığım uğurlar kifayət qədərdir", - deyə veteran güləşçi söyləyib.
Şəkərxan Əlislamov 2006-cı ildə Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyə və İdman İşçisi, 2014-cü ildə isə Azərbaycan Respublikasının "Əməkdar məşqçisi" fəxri adına layiq görülüb.
Bir sıra ölkədaxili və beynəlxalq yarışlarda uğur qazanan Şəkərxan Əlislamov karyerasının zirvəsinə 52 yaşında çatıb. 2009-cu ildə Finlandiyada keçirilmiş veteran idmançıların yunan-Roma güləşi üzrə dünya çempionatında birinci yerə layiq görülən qusarlı idmançı qızıl medal və kubokla mükafatlandırılıb.
Ş.Əlislamovun güləş döşəyinə çıxdığı gündən indiyə kimi 48 il ötür. Onun 42 ili məşqçiliyin payına düşür. Veteran güləşçi, dünya çempionluğuna qədər gedən yolun gərgin məşq və nizam-intizamdan keçdiyini, fiziki formasını saxlaya bilməsində idmana borclu olduğunu bildirir.
Hazırda Qusar Olimpiya İdman Kompleksində yetirmələrinə güləşin sirlərini öyrədən veteran idmançı özü də növbəti yarışlarda qüvvəsini sınamağı qarşıya məqsəd qoyub.