Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2020 19:00
Bakı. Cani Babayeva - Trend:
Bakıdakı Milli Gimnastika Arenasında Qazaxıstan batut gimnastikası və tamblinq üzrə komandasının üzvləri üçün təlim-məşq toplanışları keçirilir.
Qazaxıstan idmançısı Pirməmməd Əliyev Trend-ə Bakıda səmimi qarşılanmalarından danışıb:
"Gözəl, günəşli Bakıda təlim-məşq toplanışına, burada keçiriləcək Dünya Kubokundan əvvəl gəldik. Çox isti qarşılandıq. Azərbaycan gözəl insanların yaşadığı qonaqpərvər bir ölkədir. Təlim-məşq toplanışı əla gedir, şərait gözəldir, Bakıdakı gimnastika bazası dünyanın ən yaxşılarındandır. Sevinirik ki, belə şəraitdə məşq edə və yarışlara hazırlaşa bilirik".
İdmançının sözlərinə görə, Qazaxıstanın batut gimnastikası və tamblinq üzrə komandasının Dünya Kubokundan öncə Bakıda təlim-məşq toplanışına gəlməsinin bir sıra müsbət məqamları var:
"Mühitə, yerli avadanlıqlara uyğunlaşırıq. Yarışdan xeyli əvvəl təlim-məşq toplanışlarına gəlmək daha yaxşıdır. Qarşıdakı Dünya Kubokunda əsas hədəfimiz finala çıxmaq və Tokioda keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün daha çox xal qazanmaqdır. Buna görə qızıl medal üçün bütün gücümüzlə mübarizə aparacağıq".
Azərbaycan gimnastları haqqında danışan P.Əliyev əlavə edib ki, Azərbaycanda perspektivli idmançılar və gənclər var.
Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku 15-16 fevral tarixlərində baş tutacaq. 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin