Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev: Azərbaycana həm böyük maraq, həm də böyük rəğbət var

Prezident İlham Əliyev: Azərbaycana həm böyük maraq, həm də böyük rəğbət var

Tarix: 3 Fevral 2020 23:14

Bakı. Trend:

Azərbaycana həm böyük maraq, həm də böyük rəğbət var.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda giriş nitqində deyib.

Dövlət başçısı bildirib:

"Beləliklə, 14 faizdən çox artan qeyri-neft sənayemiz yeni iş yerlərinin yaradılması deməkdir. Qeyd etməliyəm ki, keçən il 98 min yeni iş yeri yaradılmışdır. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bu, daimi proses olmalıdır. Çünki Azərbaycanda əhali yüksək templərlə artır və iqtisadiyyat, iqtisadi inkişaf, o cümlədən iş yerlərinin yaradılması demoqrafik inkişafı daim üstələməlidir. Buna görə biz daim bu məsələyə xüsusi diqqət verməliyik. Ancaq o da həqiqətdir ki, hər bir iş yerinin yaradılması üçün həm dövlət, həm də özəl sektor tərəfindən böyük vəsait tələb olunur. Çünki iş yerlərinin yaradılması elə boş yerə olmur, gərək infrastruktur, şərait, imkanlar olsun. Özəl sektor, əlbəttə ki, iş yerlərini yaradan əsas sektor olaraq öz sözünü deyir və deməlidir.

Beləliklə, əsas iqtisadi göstəricilər bunlardır. Əgər buraya ölkəmizə qoyulan sərmayəni əlavə etsək, mənzərə daha gözəl olacaqdır. Keçən il ölkəmizə 13,5 milyard dollar sərmayə qoyulubdur. Azərbaycan həm xarici, həm daxili investorlar üçün çox cəlbedici məkandır. Bu sərmayələrin bir hissəsi dövlət investisiyalarıdır. Bu da təbiidir. Çünki hələ ki, iqtisadi artımda dövlət investisiyaları önəmli rol oynayır. Xüsusilə nəzərə alsaq ki, hələ də infrastruktur layihələri ilə bağlı görüləsi işlər vardır. Ona görə həm dövlət, həm yerli, həm də xarici şirkətlər ölkəmizə 13,5 milyard dollar həcmində vəsait qoyublar. Hesab edirəm ki, bu, çox yüksək nəticədir.

Makroiqtisadi vəziyyət tam sabitdir. İnflyasiya cəmi 2,5 faiz təşkil etmişdir, əhalinin gəlirləri isə 7,4 faiz. Yəni, həmişə olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələmişdir. Valyuta ehtiyatlarımız 6,4 milyard dollar artmışdır. Bu, deyə bilərəm ki, son illər ərzində rekord göstəricidir. Baxmayaraq ki, büdcəmiz rekord həddə çatmışdır, biz yenə də valyuta ehtiyatlarımızı artırmışıq. Bu, daim belə olubdur. Hətta bizim üçün ən ağır, böhranlı illərdə, - o vaxt ki, dünya bazarlarında neftin qiyməti dörd dəfə düşmüşdü, - yenə də biz valyuta ehtiyatlarımızı artırmışdıq. Ancaq keçən il 6,4 milyard dollar həcmində artım, əlbəttə ki, düşünülmüş siyasəti əks etdirir. Biz vəsaitimizə qənaət edirik. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə dövlət investisiyaları qoyuruq. Eyni zamanda, valyuta ehtiyatlarımızın idarə edilməsindən də daha böyük vəsait əldə edirik. Burada bir çox amillər özünü göstərir. Çünki bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik bir ölkədir, həm siyasi müstəvidə, həm iqtisadi sahədə, biznesin inkişafı baxımından. Mənim bu yaxınlarda 14-cü dəfə Davos Ümumdünya İqtisadi Forumunda iştirakım və Forum çərçivəsində apardığım danışıqlar və iştirak etdiyim tədbirlər bir daha göstərir ki, Azərbaycana həm böyük maraq, həm də böyük rəğbət var. İyirmidən çox görüş keçirildi. Onu deyə bilərəm ki, bütün görüşlər qarşı tərəfin təşəbbüsü ilə həyata keçirildi. Yəni, bunu ona görə deyirəm ki, ölkəmizin inkişafına maraq doğrudan da böyükdür. Azərbaycanda iş görmək istəyən şirkətlərin sayı artır. Bilirsiniz ki, Davos Forumunda iştirak edən şirkətlər dünya miqyasında ən böyük şirkətlərdir. Yəni, oraya – Foruma daxil olmaq üçün bir çox meyarlar olmalıdır. Onlardan biri də əlbəttə ki, şirkətlərin kapitallaşdırılmasıdır".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Prezident İlham Əliyev Azərbaycana həm böyük maraq həm böyük rəğbət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ