Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda illik temperatur 1,7 dərəcə artıb

Azərbaycanda illik temperatur 1,7 dərəcə artıb

Tarix: 20 May 2019 16:20

Bakı. İlhamə İsabalayeva - Trend:

Respublikanın bütün ərazisində son illərdə illik temperaturların +0,3 C-dən +1,7 C-ə qədər artması müşahidə edilib.

AMEA-nın Coğrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, bunu institutun elmi seminarında çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin əməkdaşı Sevinc Kazımova deyib.

“Azərbaycanda iqlim dəyişmələrinin çay axımına təsiri” (Böyük Qafqazın timsalında) mövzusunda məruzə edən S.Kazımova Böyük Qafqaz çaylarının əsas hidrometeoroloji göstəricilərini, temperatur və yağıntıların paylanmasında baş verən dəyişiklikləri araşdırıb, ərazi çaylarının illik su sərflərinin statistik parametrlərini müəyyənləşdirib.

Əsas iqlim göstəriciləri olan yağıntı və temperaturları təhlil edən tədqiqatçı bildirib ki, yüksək dağlıq ərazilərdə temperaturların artma qradiyenti daha çoxdur. Yağıntılara gəlincə, çoxillik normaya nisbətən (462 mm) ən çox yağıntı artımı 2016-cı ildə müşahidə edilib ki, fərq 124 mm təşkil edir.

S.Kazımova qeyd edib ki, illik axım modulunun bütün region üzrə hündürlükdən asılı olaraq artması baş verir. Respublikanın Böyük Qafqaz üzrə əksər gursulu və daşqın rejimli çaylarında maksimal illik su sərfi azalmaqla qış minimal axımları artır.

Məruzəçi qeyd edib ki, yerli əhəmiyyətli su anbarlarının sayını artırmaq, relyefdən asılı olaraq damcı suvarmanı həyata keçirmək, sudan optimal istifadə etmək məqsədəuyğundur.


Etiketlər:  Azərbaycanda illik temperatur dərəcə artıb


RƏYLƏR