Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 21:20
İlk 5-liyin əvvəlini və sonunu ABŞ-a məxsus startap ekosistemləri təşkil edir.
Dünyada startap ekosistemi sürətlə inkişaf edir. Demək olar ki, hər gün yeni bir startap layihəsinin yarandığı barədə məlumat oxuyuruq. Müəyyən səbəblərə görə bəzən bu layihələr uğurlu ola bilmir və fəaliyyətlərini dayandırır. Qlobal mühitdə bu, startapların "fail" ( uğursuz) olması kimi qəbul edilir. Amma bir çox startap layihəsi dünyanın texnologiya sahəsində artıq öz sözünü deyən İT şirkətlərə çevrilir.
"Global Startup Ecosystem Report" (GSER) ötən il global startap ekosistemi ilə bağlı hesabat yayımlayıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, sənəddə qlobal startap mühiti, böyük məbləğdə dəyər qazanan startaplar barədə məlumatlar yer alıb.
Hesabata görə, qlobal startap ekosistemin dəyəri 3 trilyon dollara çatıb. Bazar 2017-ci il ilə müqayisədə 20 faiz böyüyüb. Bu isə Fransa və Brazilya kimi ölkələrin ümumi daxili məhsulundan (ÜDM) daha böyükdür.
Qeyd edilir ki, bu startaplar yalnız texnologiya sahəsinə yenilik gətirmir, həmçinin iqtisadiyyata da böyük təsir edir.
GSER-in siyahısında dünyanın 30 startap ekosistemi yer alıb. İlk 5-likdə isə Silikon Vadisi, New York City, London, Pekin və Bostondur.
Avropaya məxsus startap ekosistemləri ilk 30-luğa düşə bilib. Bunlara London, Paris, Berlin, Stokholm, Amsterdam-StartupDelta, Lozanna-Bern-Cenevrə, Münhen və Barselona daxildir.
Hesabatda o da qeyd edilib ki, dünyada hər 10 milyard dəyərindəki ekosistemdə 25 startap var və ekosistem təxminən 1 trilyon dollara qədər iqtisadi dəyərə sahibdir.
GSER-in bu hesabatında ekosistemdə sürətlə böyüyənlər kimi süni-intellekt, blokçeyin və robot texnologiyaları qeyd edilib.
Məlumat üçün bildirək ki, GSER startap ekosistemi barədə dünyanın ən əhatəli və çox oxunan araşdırmasıdır. Mərkəzin hesabatları minlərlə startap təsisçilərinin məlumatına və milyonlarla şirkətin araşdırmasına əsaslanaraq hazırlanır. Bu araşdırmaya Crunchbase, Dealroom və Orb Intelligence kimi tərəfdaş şirkətlərin məlumatları da əlavə edilir.