Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2019 13:40
"Səbail"in yarımmüdafiəçisi Maykl Essyen Qol.az-a müsahibə verib. Ölkəmizdəki həyatından, futbolumuzun səviyyəsindən danışan qanalı futbolçu Avropa Liqasının Bakıda keçriləcək final oyunu haqda da fikirlərini bölüşüb.
- Artıq 3 aya yaxındır Azərbaycandasınız. Ölkəmiz, futbolumuz barədə təəssüratlarınız necədir?
- Hər şey həqiqətən çox yaxşıdır və mən burada olmaqdan zövq alıram. Bütün klub bir ailə kimi qayğıma qalır. Mən də öz növbəmdə komandama həm meydanda, həm də kənarda bacardığım qədər kömək etməyə çalışıram. Hara gedirəmsə, dostcanlı və qonaqpərvər insanlarla qarşılaşıram. Buna görə də deyə bilərəm ki, hələlik hər şey yaxşıdır.
- Sizin kimi ulduz oyunçuların nisbətən zəif çempionatlarda çıxış etməsi birmənalı qarşılanmır. Azərbaycana gəldiyinizə görə tənqid eşitdinizmi?
- Xeyr, belə bir şey olmadı. Heç bir mənfi fikir eşitməmişəm. Açığı, başqalarının nə düşündüyü mənim üçün elə də önəmli deyil. Əsas futbolçuların, klubun nəyə nail olmaq istəməsidir. Qarşıya qoyulan hədəfə çatmaq üçün işləməyə davam edəcəyik. Kimlərinsə mənfi fikirdə olması mənə maraqlı deyil.
- Azərbaycan çempionatı ilə bağlı gözləntiləriniz burada gördüklərinizlə üst-üstə düşdümü?
- Əslində mən nə gözlədiyimdən tam əmin deyildim. Ona görə də burada şərtlərin mənim gözləntilərimə cavab verib-vermədiyi haqda nəsə deyə bilmərəm. Futbolun səviyyəsi İngiltərə, İspaniya və ya İtaliyadakı kimi olmasa da, pis də deyil. Vaxt keçdikcə vəziyyət yaxşılaşacaq, komandalar qiymətli təcrübə qazanacaqlar. Əminəm ki, bir neçə ildən sonra futbolunuz indikindən yaxşı mənada fərqlənəcək.
- Artıq mövsüm başa çatıb. "Qarabağ" ardıcıl 6-cı dəfə ölkənin ən güclüsü oldu. Ağdam klubu 27-ci turda məhz "Səbail"i 4:0 hesabı ilə məğlub edib, çempionluğunu rəsmiləşdirdi. Maraqlıdır ki, həmin oyunda siz ilk dəfə Premyer Liqamızda start heyətində meydana çıxdınız və bu mənada debütünüz heç də uğurlu alınmadı...
- Bəli, təəssüf ki, həmin oyunda planlarımız istənilən kimi işləmədi. Bəzi səhvlər etdik ki, bu da sonda məğlubiyyətə səbəb oldu. Ancaq bu, futboldur və biz komanda olaraq, bu cür məğlubiyyətlərdən nələrisə öyrənməliyik. Harada səhvə yol verdiyimizi analiz etməli və onları düzəltməliyik. Hər zaman uduzanda məyus oluram. Eyni zamanda, hər məğlubiyyətdən ən yaxşı nəticəni çıxarmağa çalışıram.
- Ümumiyyətlə, bura gələnə qədər "Qarabağ" klubu haqda nəsə eşitmişdiniz?
- Hə, bu komanda barədə məlumat var idi. Çünki onlar Çempionlar Liqası və Avroliqanın qrup mərhələsində çıxış ediblər. Zəngin təcrübəyə malikdirlər. "Qarabağ"ın heyətində meydanda bir-birinə daim kömək edən yaxşı futbolçular var. Hər birimiz onlarla ayaqlaşmaq və çempionluq qazanmaq üçün çox çalışmalıyıq. Bu, asan olmayacaq. Çünki rəqib də öz oyununu yaxşılaşdıracaq. Ancaq onlarla başabaş mübarizə aparmaq istəyi bizim üçün yaxşı hədəf olacaq.
- "Səbail" bu mövsüm tarixində ilk dəfə avrokuboklara vəsiqə qazandı. Sizcə, Essyen bu uğurda nə dərəcədə pay sahibi oldu?
- Bu barədə nəsə demək çətindir. Çünki mən bura gələndə komanda artıq 3-cü pillədə idi. Bütün oyunlarda oynaya bilmədim. Ümidvaram ki, mənim varlığım, dəstəyim və oynadığım bir neçə dəqiqə komandaya 3-cü yeri qoruyub-saxlamaq üçün kifayət idi. Bacardığım qədər komandaya dəstək verməyə çalışdım. Bəlkə də faydası oldu. Üçüncülük hər bir kəsin əziyyətinin nəticəsidir və biz bununla fəxr etməliyik. İnanıram ki, gələn mövsüm bundan da yaxşı yerlər uğrunda mübarizədə komandama daha çox kömək edə bilərəm.
- Sizcə, komandanız Avropa Liqasında hara kimi gedə bilər?
- Düşünürəm ki, hamımız eyni məqsəd uğrunda birlikdə səylə çalışsaq, qrupa düşə bilərik. Bilirəm, asan olmayacaq. Ancaq biz qrup mərhələsini arzulamalı, hədəfə çatmaq üçün yaxşı plan hazırlamalı və çox çalışmalıyıq. Mövsümün hazırlıqlarına başlayanda bu, əsas məqsədimiz olmalı və bizə stimul verməlidir.
- Avroliqadan söz düşmüşkən, bu mövsüm final oyunu Bakıda olacaq. Həlledici qarşılaşmada sabiq klubunuz "Çelsi" ilə "Arsenal" üz-üzə gələcək. Şansları necə qiymətləndirirsiniz?
- Mən keçmiş komandanın qalib gələcəyini gözləyirəm. Bu, hazırda mənim üçün ən vacib məsələlərdən biridir. İnanıram ki, onlar bacaracaqlar. Bu, "Çelsi" üçün əla sonluq ola bilər. Əlbəttə ki, mən Bakıda "zadəganlar"a azarkeşlik edəcəyəm.
Elnur SALAHOV