Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyük ənənənin yolu ilə - Portret - FOTO

Böyük ənənənin yolu ilə - Portret - FOTO

Tarix: 10 Fevral 2020 01:30

"Atıcılıqda fiziki güc və texniki bacarıqlar 50 faiz önəm kəsb edirsə, qalanı psixoloji duruma bağlıdır"

Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir.

Üç il əvvəl ölkə olaraq daha bir kütləvi idman tədbirinin təşkilatçılıq həyəcanını yaşayırdıq. Rekord iştirakçı sayı ilə IV İslam Həmrəyliyi Oyunlarını qəbul edən Azərbaycan, əminliklə demək olar ki, İslam aləmi üçün idmana yanaşmada nümunəvi model müəyyənləşdirdi. Təəssüratlar, yəqin ki, hələ uzun illər dünyanın dörd bir tərəfindən təşrif buyuran nümayəndə heyətlərinin yaddaşından silinməyəcək. Dördüncü İslamiada, sadəcə təşkilatçılıq adına deyil, idmançılarımızın ortaya qoyduğu böyük mücadilə ilə də tariximizdə önəmli yerə sahibdir. Bütün növlərdə üst-üstə 162 medalın məntiqi yekunu olaraq, komanda hesabında nəhəng Türkiyəni də qabaqlayıb, ilk yeri tutduq. Hər yarışda olduğu kimi, "Bakı 2017"də ön plana çıxan simalar oldu. Bu mənada ilk yada düşən Ruslan Lunyovdur. Güllə atıcısı, toplam 75 qızıl medalımızdan, nə az, nə çox, beşinin müəllifi kimi bir rekord müəyyənləşdirib. Yeri gəlmişkən, Azərbaycanın İslamiada qəhrəmanı ötən il bizlərə daha bir sevinc yaşatdı. Bu haqda bir qədər sonra...
 
"...yun çubuğu..."
 
Lunyov Ruslan Vladimiroviç 25 iyul 1989-cu ildə Bakıda, böyük atıcılıq ənənəsi olan ailədə dünyaya gəlib. Fəqət, valideynləri onu atıcılıqdan öncə şahmat və cüdoda sınamaq qərarı veriblər. Anası, "Afina 2004" Yay Olimpiya Oyunlarının mükafatçısı İradə Aşumova deyir ki, atasının istəyi ilə övladlarının əvvəlcədən fiziki və zehni cəhətdən paralel inkişafı prioritet seçildiyi üçün belə bir addım atılıb. Ruslan, cüdo ilə 4 ilə yaxın, özü də Azərbaycanın ən adlı-sanlı mütəxəssislərindən biri olan Tərlan Həsənovun yanında məşğul olub. Di gəl, şahmat lövhəsindən fərqli olaraq, onu tatamiyə bağlayan heç bir səbəb yox imiş. Danışdıqlarına əsasən, şahmat bilikləri hələ üç-dörd yaşlarından formalaşıb. Ağ-qara fiqurlarla müəyyən dərəcəyədək yüksələn Ruslan, 14 yaşından bütün diqqətini atıcılığa yönəltməli olub. Həm də İradə xanımın şəxsi məşqçisi olan ata Lunyov, oğlunu min bir əziyyət bahasına bu növə alışdırıb.
 
İ. Aşumova: "Bildiyiniz kimi, Azərbaycanda atıcılıqla məşğul olan uşaqların sayı həmişə az olub. Adətən məşqçilər məcbur qalıb, öz qohum-əqrəbalarını ətrafına toplayırlar. Odur ki, biz də bacım uşaqlarını onunla birgə məşqlərə cəlb etmişdik. Başlanğıcda həvəssiz, könülsüz yanaşırdı, davamlı yayınmağa çalışırdı. Atası onu yun çubuğu ilə birtəhər yola gətirib (gülür).
Mənə qalsa, təhsil almasını daha çox istəyirdim. Fikrimdə tutmuşdum ki, xarici universitetlərin birində oxusun. Atası razı olmadı. Dedi, axı, sən uşağı niyə başımızdan eləmək istəyirsən, qoy yanımızda olsun. Susdum. Mən ürəyiyumşaq adamam, atası kimi çox üstünə getmirdim. Amma o sərtliyin nəticəsidir ki, bu gün mən Ruslan haqqında "idmanda layiqli davamçımız" deyə bilirəm".
 
Qohumlardan söz düşmüşkən, Lunyov İslamiadadakı "qızıl"lardan birini elə xalası qızı Nigarla birgə 10 metr məsafəyə hava tapançasından cüt atəş açma yarışında qazanmışdı. Habelə, Ruslandan əvvəl özündən 10 yaş böyük bacısı Diana da atıcılıq təcrübəsi yaşayıb.
 
Hindistanda qazanılan əminlik
 
Azərbaycanın son illər üçün lider atıcısı, ölkə çempionatlarındakı birinciliklərinin sayını itirib. Uğurlarından danışarkən, sadəcə beynəlxalq arenadakı mükafatlarının adını çəkir. Karyerasının ən önəmli nəticəsi kimi 2017-ci ilin fevralında Hindistanda keçirilən dünya kubokunda qazandığı bürünc medalı vurğulayır. O mənada ki, təqvimin ən önəmli yarışlarından biri hesab olunan sözügedən turnirdə 25 metr məsafəyə pnevmatik tapançadan atəş açmada əldə etdiyi bu mükafat, özünəinam formalaşdıraraq, gələcək uğurlarına körpü rolunu oynayıb: "Atıcılıqda fiziki güc və texniki bacarıqlar birlikdə 50 faiz önəm kəsb edirsə, qalanı psixoloji duruma bağlıdır. Dünya kubokunun medalı mənə mükəmməl təkan verdi. İslam oyunlarındakı qələbələr, sonrakı nailiyyətlər məhz həmin üçüncülüyün yaratdığı əhval-ruhiyyənin bəhrəsidir".
 
İslamiada - Bu, bir təsadüf deyil
 
İslamiada triumfundan sonra Ruslan, 2018-ci ildə 25 metr məsafəyə atəş açmada İsveçrənin Tun şəhərində keçirilən hərbçilər arasında dünya çempionatının qalibi adını qazandısa, ötən ilin sentyabrında İtaliyanın Bolonya şəhərində baş tutan Avropa çempionatından da ölkəmizə qızıl medal, üstəlik, olimpiya lisenziyası ilə döndü. Əslində, bunadək də o, olimpiada həyəcanını yaşamışdı. Belə ki, Rioya atıcılarımız tərəfindən heç bir lisenziya qazanılmadığından, Lunyov "wild card" sayəsində 57 nəfərlik olimpiya komandamızın heyətində yer almışdı.
 
İslamiada deyərkən, ilk xatırlanan idmançı Ruslan Lunyovdursa, qəhrəmanımızın adını çəkdikdə, istər-istəməz, sözügedən yarışdakı qızıl medallar və onlara görə qazandığı mükafatın ajiotajı yada düşür. Bəli, xəbərlər birmənalı qarşılanmayıb, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. "Bu, Lunyovun gerçək potensialı ilə üst-üstə düşmür" deyə, düşünənlərin sayı kifayət qədər çox idi. Odur ki, Avropa çempionluğu və əldə edilən olimpiya lisenziyası ilə Ruslan, həm də İslamiada şöhrətinin təsadüf olmadığını isbatladı.
 
Tokioda medal "ov"unda
 
Ötən olimpiadadan fərqli, Tokioda prinsip "əsas iştirakdır" olmayacaq. Son Avropa çempionatında olimpiya və dünya mükafatçılarını qabaqladığını nəzərə alsaq, məqsəd elə də əlçatmaz görünmür. Ruslan təklif edir ki, medal gözləntilərini, sadəcə, döyüş idman növləri ilə bağlamayaq: "Rio mənim üçün təcrübə idi. Ora olimpiada həyəcanını hiss etməkdən ötrü yollanmışdım. İndi isə müəyyən bir baza formalaşıb, qalır onu lazımınca dəyərləndirməyim. Avropa çempionatında, hazırkı olimpiya çempionu olan Almaniya idmançısını üstələməyim mənə əlavə ruh verib".
 
Söylədiklərinə İradə xanım da qoşulur. Həm də güllə atıcılığı üzrə yığmalarımızın baş məşqçisi olan ana, oğlunun səhvlərdən nəticə çıxarıb, artıq tam işinə fokuslandığını deyir: "İslam Oyunlarından sonra bir ara fikri yayındı. Biznes qurmaq istəyirdi. Amma hara əl atdısa, boşa çıxdı. Axırda dedim, bala, hər iş diqqət, peşəkarlıq istəyir. Məsləhət gördüm ki, ikisindən birini seçib, yalnız onun arxasınca getsən, daha yaxşı olar. Ruslan yarışdan yarışa artırır. Belə olduqda, təbii ki, hədəflər də böyüyür".
 
Hərçənd, yaxın zamanda istəyinə çatmasa da, bu, dünyanın sonu olmamalıdır. 30 yaş atıcılıqda hələ ilkin dövr kimi hesablanır. Azərbaycan idman tarixinin ən qocaman olimpiya mükafatçısı olan ana, bu mənada onun üçün ən parlaq nümunədir. Yeri gəlmişkən, "kumirin kimdir" sualına cavabı da İradə Aşumova və Vladimir Lunyov oldu.
 
Portret
 
Böyük idman ənənələri olan ailələr az deyil. Şahmatda Məmmədyarovlar, qılıncoynatmada Yaşar və İlqar Məmmədovlar, güləşdə Namiq və Arif Abdullayev qardaşları başda olmaqla, onlarla nümunə gətirmək mümkündür. Azərbaycanda güllə atıcılığı deyərkən, ilk yada düşən adların az qala hamısı Ruslangildə cəmlənib. Odur ki, rəssamın sadə portret deyil, ailə tablosuna müraciət etməsindən təbii heç nə yoxdur. Uzun illər ötsə də, Lunyovların hədəfi dəyişməyib. Şikar, həmin şikardır...


Etiketlər:  Böyük ənənənin yolu ilə Portret FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ